Ermənistanın son addımı əsl təxribatdır. Bir yandan baş nazir Paşinyan deyir: "Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisini tanıyırıq", o biri tərəfdən də Xankəndinə çoxsaylı avtomobil karvanı ilə guya humanitar yardım göndərir. Ərazi bütövlüyünü tanıdığı dövlətin həmin tanıdığı ərazisinə ərazi sahibinin razılığı olmadan avtomobil karvanı göndərmək, üstəlik Avropa İttifaqı missiyasını, Qərb dövlətlərinin İrəvandakı səfirlərini də bu işə qoşmaq nə deməkdir?! Nə demək olduğunu Azərbaycan XİN öz xüsusi bəyanatında açıqlayıb.
Azərbaycan Bərdədən Ağdama rahat yol çəkir. Ağdamdan Xankəndinə humanitar yükləri daha rahat və asan daşımaq varkən, Laçın yolunun dolama yoxuşlarını - ağırtonnajlı yük maşınları üçün daha təhlükəli aşırımları seçmək məsələni siyasiləşdirməkdir.
Bu yaxınlarda Xankəndi separatçıları toyuqlarının yumurtlamamasını da siyasiləşdirmişdi. Bu cür komik situasiyalarda Qərb diplomatları da iştirak edir?! Bilirsiniz niyə?! Çünki həmin Qərb dövlətləri özlərinə hörmət qoymur. Azərbaycanın ərazi bütövlüyünü tanıyan Qərb dövlətləri bir ovuc separatçının çaldığına oynayır. Sonra da adlarını supergüc-filan qoyurlar. Hətta Afrikanın banan respublikasının səfiri belə bu cür ucuz oyuna qoşulub özünü gülünc vəziyyətə salmazdı. Qoca Qitənin, deyəsən, qocalıq marazmı başlayıb.
Azərbaycanın bu məsələdə mövqeyi aydın və dəqiqdir. Həm də konstruktiv. Yol bu tərəfdən açıqdır, Xankəndi xuntası cəftəni içəridən keçirib, ona Bakı neynəsin?!
Seyid Əhmədli, Bizimyol.info






