Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minsk Qrupunu kim və niyə diriltmək istəyir?!
Minsk Qrupunu kim və niyə diriltmək istəyir?!

Qərb dəyərləri. Son 30-35 ildə bu haqda biz də çox danışmışıq. Yenə də danışırıq. İnsan haqları, demokratiya, söz, fikir, toplaşmaq azadlığı. Bunlar, doğrudan da, yüksək bəşəri dəyərlərdir.

Ancaq insan haqları deyəndə hansı insanların haqları nəzərdə tutulur?! Məsələn, bu gün Qarabağdakı bir ovuc erməninin insan haqlarının guya pozulmasından danışılır. Dünən bizə o Qərb deyirdi: "Döyüşləri uduzmusunuz, reallığı qəbul edin". Ancaq bu gün biz yeni reallıq yaratmışıq, deyirlər: "Yox, reallığı qəbul etmək lazım deyil". O reallıqlardan biri də ATƏT-in Minsk qrupunun artıq tarixə qovuşmasıdır. Qərb dediyimiz zehniyyət, eləcə də, Rusiya bu reallıqla barışmır. Şeyx Nəsrullahlıq edirlər; ölünü diriltməyə çalışırlar.

Azərbaycanda bu ölünün təzədən xortlayıb Qarabağ dağlarında peyda olmasını istəmirlər. Düz də edirlər. Atalar məsəlimiz var: "İlan vuran ala çatıdan qorxar". O Minsk qrupu dediyimiz özünün diri vaxtında bizə nə gün ağladı ki, xortlayıb da nə xeyir gətirsin?! 3-5 diplomata yeni iş yeri açıb maaş vermək istəyirlərsə, Ukraynada iş çoxdur. Getsinlər, hələ orda sülh yaratsınlar, görək, necə yaradırlar?!

Necə olur ki, Rusiya Qərblə Ukrayna çöllərində ölüm-dirim savaşı verir, amma mövzu Azərbaycan olunca, qol-boyun olub Qarabağ dağlarına "sülh gətirməkdən" danışırlar?!

Azərbaycan xalqı əvvəl-axır sülh olacağına inanar, ancaq bunu onsuz da olmayan Minsk Qrupundan gözləmir. Minsk Qrupu "həyatda olduğu" vaxt Qarabağa çox gəlib-getdi, "ov ovladı, quş quşladı", yedi-içdi, xoş keçdi. Ancaq bölgəyə sülh deyil, sülh imitasiyası gətirdi. Azərbaycana yalnız və yalnız alçaldıcı sülh gətirdi. Ancaq bizi alçaltmaları mümkün olmadı; bu gün yüksəlmişik və artıq tarixin və gələcəyin strateji yüksəkliklərindən baxırıq dünyaya. Minsk Qrupu söhbəti bitib. Kitab bir daha açılmamaq şərtilə qapanıb. Onlara inam yoxdur.

Ukraynaya savaş gətirib o gözəl ölkəni darmadağın dağıdan Qərb və Rusiya niyə Qarabağa sülh gətirsin ki?! Ukrayna boyda coğrafiyada bir-biri ilə savaşan Qərb və Rusiya nə əcəb Azərbaycan adı gələndə barışırlar?! Xeyir ola?!

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »