Ermənistan baş naziri ilə Xankəndidəki separatçıların başçısı "atışıb". Elə yox, silahla yox. Sözlə atışıblar. Özünü "prezident" adlandıran Arayik adlı şəxs Paşinyana deyib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyanda ehtiyatlı olsun. Yəni bunların aləmində ehtiyat igidin yox, qorxağın yaraşığıdır.
Paşinyan da deyir ki, rus sülhməramlıları Qarabağdakı ermənilərə təhlükə olmayanda çıxıb gedəcəklər. İş də ondadır ki, Azərbaycan tərəfdən Qarabağ ermənilərinə elə indi də heç bir təhlükə yoxdur. Əksinə, Qarabağ erməniləri özləri özlərinə təhlükədir.
Azərbaycanda bir məsəl var: "Axmaq baş, ayaqların düşmənidir". Bu, Arayik Arutyunyan və başının dəstəsi bu məsəli tam doğruldurlar.
Azərbaycan haqlı olaraq soruşur: Qarabağ ermənilərinə humanitar yardım niyə Laçın yolundan daşınmalıdır ki?! Ağdam-Əskəran yolundan da gedə bilər bu humanitar yüklər. Brüssel görüşündə Azərbaycan prezidenti bu təklifi etmişdi, Avropa İttifaqının prezidenti Şarl Mişel də dəstəkləmişdi. Bunu eşidən kimi Qarabağ separatçıları gedib Ağdam-Əskəran yoluna daş plitələr düzüblər, sonra da çadır qurub oturublar. "Qayğanaq eləməyə yumurta tapa bilmirik" deyə ağlaşırlar. Azərbaycanlı jurnalist də haqlı olaraq yazır ki, yumurtanı toyuq yumurtlayır. Bir toyuq saxlamağı da bacarmırsınız, amma dövlət qurmaqdan danışırsınız.
İndi də oturduqları çadırda haray-həşir salıblar ki, guya bir az ərzaq ehtiyatları qalıb, onu da "sülhməramlılar yeyir". Əməlli-başlı komediyadır. Daha doğrusu, tragikomediya. Özləri öz yollarını bağlayırlar. Özləri özlərini ətraf aləmdən təcrid edirlər. Sonra da oturub ağlaşırlar ki, ərzaq yoxdur. Bu, bilirsiniz, nəyə bənzədi?! Kayman timsahlarının öz balalarını yeyə-yeyə ağlamağına bənzədi. Arayik Arutyanın və dəstəsinin timsah göz yaşları... Bu göz yaşlarına nəinki Moskva, heç İrəvan da inanmır...
Orxan, Bizimyol.info






