Birinci Şuşa Qlobal Media Forumu. 49 ölkədən 150 xarici qonaq, o cümlədən, dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu. Öz rəhbərləri və ya aparıcı əməkdaşları ilə təmsil olunan çoxsaylı nüfuzlu xarici media şirkətləri. Azərbaycanın 60 öncül media qurumunun rəhbəri. Çox usta media biliciləri, ekspertlər, media və kütləvi kommunikasiya sferasında tanınmış mütəxəssislər.
Cəmi 3 il əvvəl bu şəhərdə bu qədər xarici jurnalisti nəinki bir arada görmək mümkün idi, əksinə əcnəbi media təmsilçilərinin bölgəyə gəlişi əngəllənirdi. Ermənistanın və Qarabağdakı separatçı xuntanın icazə verdiyi məhdud sayda xarici jurnalist çox məhdud və bəlli coğrafiyaya buraxılırdı. Prezident İlham Əliyevin də Forumun ilk günündə suallara cavabında dediyi kimi, xarici media nümayəndələri yalnız Xankəndinə, Şuşaya gələ bilirdilər. Eyni zamanda ermənilərin məskunlaşdığı başqa yaşayış qəsəbələrinə gedə bilərdilər. Çünki onların işğal altında olan və darmadağın edilmiş Ağdam və Füzuliyə girişi qadağan edilmişdi. Xarici media təmsilçiləri dağıdılmış rayonlara, qəsəbələrə və kəndlərə getsəydilər, bu vəhşilikləri görəcəkdilər. Bu faktları öz media resurslarında yayacaqdılar. Bu səbəbdən onların qarşısına sədd çəkilirdi.
Amma indi 49 ölkədən olan 150 media mənsubu, tanınmış, öz sənətində avtoritet sayılan jurnalist, media ustadı Qarabağda hər şeyi öz gözləri ilə bir daha gördülər. Onların çoxu işğaldan sonra bu yerlərə dəfələrlə səfər edə bilmişlər. İşğal dövründəki dağıdıcılığın izlərini – sübutlarını da, işğaldan sonrakı quruculuğun nəticələrini də müşahidə və müqayisə edə bildilər. Və iyulun 21-dən 23-dək Şuşada olduqları müddətdə dünyanın onlarla media quruluşunun xəbər lentlərində yüzlərlə materiallar – xəbərlər, reportajlar, müsahibələr, şərhlər yerləşdirdilər. Bu üzdən heç bir şişirtmə olmadan deyə bilərik ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın Şuşada qazandığı çox böyük və həm də beynəlxalq informasiya qələbəsi oldu.
Bu informasiya döyüşləri və qələbələr hələ 44 günlük müharibə zamanı ölkə prezidentinin məlum-məşhur müsahibələri ilə başlamışdı. Postmünaqişə dövründə də Azərbaycan qlobal informasiya mühasirəsindən çıxmaq üçün çalışdı və nəticələr də var. Bəlkə də bu üzdən bu iş – ağır və məsuliyyətli, həm də çox şərəfli iş Prezident Administrasiyasının xarici siyasət məsələlərinə cavabdeh şöbəsinin müdirinə, prezidentin köməkçisi Hikmət Hacıyevə tapşırılıb. Çünki hərbi müstəvidə qələbələri dünya miqyasında informasiya müstəvisində də möhkəmlətmək, mübahisəsiz fakta çevirmək lazım idi. Eyni zamanda Azərbaycanın öz yerli media resusrslarını dünya informasiya meydanına çıxarmaq da gərək idi. Bu hədəflər isə, cənab Hacıyevin özünün də dediyi kimi, ölkə prezidentinin konkret tapşırıqlarıdır. Ona görə də TASS Agentliyinin rəhbərliyində olan, əslində təqdimata ehtiyacı olmayan Mixail Qusmanın bir frazası mənim yaddaşımda özünə möhkəm yer elədi. Cənab Qusman Prezident İlham Əliyevi öz ölkəsinin Silahlı Qüvvələrinin Ali Baş Komandanı olmaqla yanaşı, “milli informasiya qüvvələrinin də Ali Baş Komandanı” adlandırdı. Maraqlı ifadədir.
Prezidentin özünün də bu Forumla bağlı davranışı çox maraqlı oldu; əslində o, Forum iştirakçıları ilə iyunun 22-də görüşəcəkdi. Ancaq qəflətən proqram dəyişdi. Prezident elə beynəlxalq media məclisinin ilk günündə Forumun açılışına qatıldı. Əvvəldən çıxışçı kimi Foruma xitab etməli olduğu nəzərdə tutulsa da, o, formatı dəyişdi və auditoriya ilə dialoq və sual-cavab taktikasına üstünlük verdi. Bütün bunlar istər yerli, istərsə də və xüsusilə, xarici media təmsilçilərində çox böyük və təbii ki, müsbət təəssürat yaratdı. Beləliklə, Forumu işıqlandıran reportyorlar öz media quruluşlarını çox zəngin informasiya axını ilə təmin etmək üçün daha tez və daha mötəbər “informativ doyumlu” xəbər qaynağı qazanmış olmuşdular. Bununla yanaşı Forumun təşkilatçılarının – Prezidentin koməkçisi başda olmaqla PA-nın uyğun şöbələrinin əməkdaşlarının, Medianın İnkişafı Agentliyinin rəhbərliyi və komandasının yüksək səriştəli və operativ işini də vurğulamaq lazımdır. Qısa müddətdə Forumun proqramına edilən dəyişikliklər, sonrakı gedişatın dəqiq və effektiv planlaşdırılması, panel müzakirələrinin mövzularının diqqətlə və keyfiyyətlə seçilmiş olması, iştirakçılığın səmərəli səviyyəsi və yüksək performans deməyə əsas verir ki, Forum təşkilatçıları gözlənildiyinin üstündə bir professionallıq göstərmişlər. Bunu xarici media ustadlarının özləri də ifadə edirdilər. Yaxşıya yaxşı, pisə pis demək lazmdır. Bəli, bu Forum çox səliqəli və səviyyəli qurulmuşdu və elə də keçdi. Ayrıca olaraq Forumda müzakirə olunan məsələlər – çağdaş media trendləri, yeni tendensiyalar, medianın rəqəmsallaşması, bunun doğurduğu və doğura biləcəyi nəticələr, peşəkar media və vətəndaş jurnalistikası - ənənəvi və sosial media seqmentləri arasındakı rəqabət və sinergetika, "deep fake", manipulyativ xəbər axını, dezinformasiya kimi problemlər ətrafında geniş və dərin müzakirələr oldu. Həmkarlarımızdan biri ABŞ-ın dövlət katibi olmuş Koliun Pauellin bir qutunu nümayiş etdirərək söylədiyi bir fikri misal çəkdi. General-diplomat demişdi ki, kimyəvi silah olduğu iddia edilən maddə, sadəcə bir yuyucu toz, əslində böyük bir feyk idi və nə az-nə çox İraqa hərbi müdaxiləyə və İraq rejimin devrilməsinə səbəb olmuşdu. Bu üzdən media resursları silahlı qüvvələr qədər böyük nəticələr doğuracaq gücə sahibdir; informasiya - ən güclü silahdır. Bu silahla düzgün davranmağın yolları, müxtəlif real və potensial variantları, informasiya gücünün üstünlükləri və təhlükəli tərəfləri haqqında Forumda çox dartışıldı, incələndi.
Bir sözlə, Şuşa Qlobal Media Forumu təkcə ölkə üçün deyil, dünya üçün mühüm bir hadisə oldu. Gördüyüm, eşitdiyim qədər, Forumun davamlı olacağına qərar verildi; Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycanlı jurnalistlərlə və media könüllüləri ilə kuluar görüşündə təşəkkür edərkən: “Sabahdan İkinci Qlobal Foruma hazırlaşmağa başlayaq” dedi. Bu, sadəcə, zarafat deyildi, ciddi zarafat idi. Bir sözlə, bu Forum davamlı olacaq. Sağlıq olsun!
Bahəddin Həzi, Bizimyol.info






