“Beeonline” brendinin saytında qeyd edilir ki, şirkət abunəçilərinə müxtəlif telekommunikasiya xidmətləri göstərən qabaqcıl internet televiziya şirkətidir. Şirkətin saytında şirkəti tərif edən müxtəlif fikirlər səsləndirilir. Peşəkarlıq, etibarlılıq, innovativlik və s. bu nəsildən iddialar. İndi reallığa göz ataq.
İki il öncə, “Beeonline” şirkəti ilə müqavilə bağlayaraq, internet xidmətindən yararlanmağa başladıq. Əslində əməkdaşları küçə-küçə gəzib, internet olmayan evlərə internet təklif edirdilər. Biz də məlumatsız olduğumuz üçün, razılaşıb, internet xidmətindən istifadə etməyə qərar verdik. Verməz olaydıq. “Beeonline” şirkətinin təqdim etdiyi "ayda 18 manata olan internet xidməti" demək olar ki, yoxdur. Yəni istədiyin vaxt xəbərlərə baxmaq, internetdən istifadə etmək mümkün deyil. Çox zaman noutbukunda "internet yoxdur" işarəsini görmək istəyirsənsə, mütləq bu şirkətə müraciət etməlisən. Əgər evdən işləyirsənsə, bu şirkət heç sənin üçün deyil. Çünki bütün işlərin internet olmadığı üçün yarım qalacaq.
Şirkətə zəng edəndə tövsiyyələri belə olur: “Modemi söndürün, 10 dəqiqə sonra yandırın, işləyəcək” və yaxud, “Modemdə qırmızı işıq yanırmı?” və yaxud İKT mütəxəssislərinə yönləndiririk, əgər sistemdə xəta varsa, aradan qaldırılacaq, ən sonda “problem sizin xəttinizlə bağlıdır”...
Qeyd edim ki, internet xətti çəkilən zaman fiber kabelləri və modemi şirkət özü verir. Şikətin əməkdaşları quraşdırır. Əgər xəttə problem olsa belə, bu şirkətin əməkdaşlarının problemidir və bunu gəlib, əməkdaşlar özləri həll etməlidir. Yəni məni internet dirəyinə dırmanıb, bu problemi özüm həll etməli deyiləm.
Di gəl, bunu bu şirkətin əməkdaşlaırna başa salmaq olmur. Gün ərzində internet saatlarla kəsilir və yaxud 1 saatın içində o qədər gedib-gəlir ki, sən internetin bu sürətinə yetişə bilmirsən. Mən “Beeonline” şirkətindən şikayətçiyəm, şikayətimi həm yazılı, həm də zəng edərək bildirmişəm. Hətta qeyd etmişəm ki, vəd etdiyiniz interneti vermədiyiniz üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edəcəyəm...
Yerigəlmişkən, qeyd edim ki, yaxın dönəmdə “Azercosmos” ilə qlobal peyk operatoru “Intelsat” şirkəti arasında Qərbi Afrika regionunda birgə layihələrin həyata keçirilməsinə dair kommersiya müqaviləsi imzalanmışdı. Müqaviləyə əsasən, “Intelsat” şirkəti 17 ölkəsi və 430 milyondan çox əhalisi olan Qərbi Afrika regionunda “Azerspace-2” peykinin resurslarından istifadə edəcək. Pirşağıda isə internet yoxdur…. Yəni Afrikadan geri qalır. Nə deyək, Allah yardımçıları olsun…
Qeyd: Bu yazının dərc olunduğu saatlarda hələ də Pirşağıda internet yoxdur...
İradə Cəlil, Bizimyol.info






