Ölkənin qarşısında iki mühüm məsələ var. Biri işğaldan azad olunmuş bölgələrin bərpasıdır. İkincisi isə ordunun daha da gücləndirilməsi.
Bunu prezidenti İlham Əliyev deyib. Məntiq də bəllidir; məşhur Azərbaycan filmində deyildiyi kimi: “Torpağı qorumadınsa, əkib becərməyə dəyməz, əkib becərmədinsə, qorumağa dəyməz”.
Əslində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları bərpa olunmasa, orada əhali yerləşdirilməsə, bu torpaqlara ən azı nəzəri təhlükə həmişə qalır. Onu da göz önünə gətirək ki, Ermənistanla hələ sülh müqaviləsi imzalanmasına nail ola bilməmişik. Bu da, ölkə başçısının dediyi kimi, birtərəfli həll olunacaq məsələ deyil. Necə deyərlər, tanqo rəqsinə iki nəfər lazımdır. Tək alınmır. Azərbaycan özünə aid olanı edib, qalıb qarşı tərəf.
Doğrudur, diplomatik mənbələr deyir ki, hər iki sülhə çox yaxınlaşıb. Ermənistan gələcək müqavilənin əsas prinsiplərindən birinə dair öz mövqeyini açıqlayıb: Azərbaycanın ərazi bütövlüyünü tanıdığını hökumət başçısı bəyan edib, o cümlədən, sərhədyanı kəndlərlə bağlı məsələdə də Azərbaycanın haqqı tanınıb. Ancaq bunların özü də hələ rəsmən imzalanmış və ratifikasiya olunmuş bir sənəddə ifadə olunasıdır. Hələ çox iş var. Bu, birinci nüans.
İkinci tərəfdən, Ermənistan hələ də məlum üçtərəfli bəyanatdakı müddəalara əməl etmir. Ən başlıcası da Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin ləğvi və Ermənistanın öz qoşunlarının qalıqlarının oradan çıxarılmasıdır. Qərəzli aktorlar Qarabağdakı erməni silahlı ünsürlərini “özünümüdafiə qüvvələri” adlandırırlar. Ancaq bu, əslində Azərbaycanı daim təzyiq altında saxlamağa yönəlmiş bir ifadədir. Hətta Ermənistan da Qarabağı Azərbaycanın ərazisi sayırsa, orda niyə özünümüdafiə qüvvələri olmalıdır? Bir neçə min, lap olsun 10-15 min silahlı adam Azərbaycanın hərb maşınının qarşısında dayanacaq?! Onların belə “özünümüdafiə” qabiliyyəti vardısa, niyə o 44 günlük müharibədə özünü müdafiə edə bilmədi?!
Məlum məsələdir ki, bu “özünümüdafiə qüvvələri” bir faktor kimi Qərbə lazımdır ki, haçansa, necəsə bölgəyə nüfuz edə bilsin (buna hər formada cəhdlər də olub, Azərbaycan imkan verməyib) və Rusiyaya lazımdır ki, bölgədə qala bilsin.
Bax, elə buradaca üçüncü mühüm nüansa diqqət yetirək: “Ermənistanın Suriyalaşdırılması”. Ermənistan hökuməti öz boyundan yuxarı tullanaraq çox təhlükəli bir avantüraya getməkdədir. Hər halda buna can atır. Məsələnin məğzi ondan ibarətdir ki, Ermənistan öz ərazilərinin müəyyən hissələrini, xüsusilə də, Türkiyə və Azərbaycanla, eləcə də, İranla sərhədyanı bölgələrini bölgənin və dünyanın böyük gücləri arasında felən bölüşdürmək niyyətindədir. Suriyada hazırda durum belədir: ölkənin bir hissəsinə Rusiya, bir hissəsinə ABŞ, bir hissəsinə Türkiyə, başqa bir hissəyə İran nəzarət edir. Bunun oxşarını Ermənistan öz ərazisi üçün düşünür; sanki öz təhlükəsizliyini bu yolla təmin etməyə nail olacaq. Ancaq bu, Ermənistanın onsuz da böyük ölçüdə elə indinin özündə formal xarakter daşıyan dövlət müstəqilliyini itirməsi ilə də nəticələnə bilər. Bunu, görünür, hələ ki hesaba almırlar. Hesablamaları budur ki, Azərbaycan və Türkiyə, Ermənistan ərazisi ilə bağlı maraqlarını irəlilətsələr (söhbət hərbi və sair formada müdaxilədən getmir), bir bölgədə İranla, birində Avropa İttifaqı ilə, başqa bir yerdə ayrıca Fransa ilə, daha bir ərazidə ABŞ-la və təbii ki, Rusiya ilə üz-üzə gəlsinlər. Misal: “Zəngəzur dəhlizi” məsələsində İranla üz-üzə gəldiyimiz kimi. Amma təkcə İran da deyil; prezidentin də xatırlatdığı kimi, Ermənistan sərhəddimizin 500 metrliyində ABŞ-la birlikdə metallurgiya zavodu tikir. Bu zavodun tullantı suları hara axıdılacaq?! Əlbəttə, transərhəd çaylarına. Bizim üçün – Azərbaycan əhalisi, təbiəti və iqtisadiyyatı üçün bu, böyük təhlükədirmi?! Təbii ki. Azərbaycan (eləcə də, dünyadakı adil insanlar və təşkilatlar) bu proyektə etiraz edərkən, onun Azərbaycanın öz ərazisindəki – Gədəbəydəki zavodun yaratdığı təhlükənin gündəmə gətirilməsi əks-təzyiq cəhdlərindən biridir. “Biridir” deyək. Çünki başqa formalarda əvvəl də təzyiq cəhdləri olub və yenə də olacağı istisna deyil.
Beləliklə, bu və başqa bir sıra mühüm amillər ordu quruculuğunu və ərazilərin bərpasını prioritetə çevirir.
Prezident bu ilin altı ayının yekunlarına dair müşavirədə çıxışında bu məsələ üzərində geniş dayanıb. Bu kontekstdə dövlət büdcəsinin 33 milyarda çatmasını, profisit yarandığını, büdcənin dürüstləşdiriməsi zamanı daha 3 milyard manat məbləğin büdcəyə əlavə edildiyini deyib. Bu 3 milyard manatın 1,8 milyard manatı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına, 1,1 milyard manat isə ordu quruculuğuna sərf olunacaq.
Bəli, belə fikirlər də eşidirik və ya oxuyuruq: bu dar macalda bu qədər böyük vəsaitin işğaldan azad olunmuş bölgələrə xərclənməsi doğrudurmu, doğru deyilmi?! Çünki təkcə 1,8 milyard manatdan söhbət getmir. Başqa sözlə, təkcə dövlət büdcəsindən ayırmalarla iş bitmir axı. İl ərzində 10 milyard manat xərclənəcək. Böyük vəsaitdir, bəli. Həm də bu, Azərbaycanın öz puludur, başqasınınkı deyil. Ona görə buna qarşı tənqidlər də olacaq və var da. Deyəcəklər (və deyirlər də), ölkənin qalan ərazilərində də həll olunmalı çox məsələ varkən, nə üçün bu iki iqtisadi rayona bu qədər böyük ayırmalar, sərmayələr yönəldilir?!
Məsələ də bundadır ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycana tam mənada reinteqrasiya edilməsə, bütövlükdə ölkəyə təhlükə mənbələrindən biri (və ən böyüyü) qalmış olur. Başqa bir tərəfdən, axı bu bölgələrin iqtisadi potensialı hərəkətə gələrkən ölkənin bütün hissələrində və bütün sferalarda inkişafa öz təsirini göstərə bilər. Məsələn, Orta dəhliz reallaşsa, “Zəngəzur dəhlizi” işləsə, Azərbaycan daha bir nəhəng maliyyə qaynağı – tranzitdən böyük gəlirlər əldə edəcək. Bu yollar, kommunikasiyalar ölkənin o başından gəlib bu başından keçəcəksə, deməli, bütün ölkəboyu gəlişməyə, qalxınmaya yol açacaq. Bu, bir məsələ. İkincisi, biz deyildikmi: “Qarabağsız Azərbaycan yoxdur” deyən?! Biz idik. Düz də deyirdik. Bu gerçəyə inanmasaydıq, dövlət, xalq, ordu o 44 gündə o boyda iradəni, əzmi, həyatları ortaya qoyardımı?! Yox! Məsələ təkcə daşda-torpaqda deyil, o istiqamətdən bizə - müstəqilliyimizə, varlığımıza gələn təhlükədir. Prezident çıxışında: “Dövlət müstəqilliyimizi qorumalıyıq” fikrini elə-belə sözgəlişi demədi ki.
Mən məşhur Berlin divarının yıxılmasından, Almaniyanın birləşməsindən qısa müddət sonra o ölkəyə getmişdim. Getdiyim şəhər Qərbi Almaniyadaydı. Ancaq orada Drezdendən bir hüquq professoru ilə söhbətim olmuşdu. O, demişdi ki, hökumətin qoyduğu “birləşmə vergisi” ağır yükdür. Ancaq onu da əlavə etmişdi ki, almanlar Sovetlərin faktik işğalı altında olmuş, geri düşmüş Şərqi Almaniyanı da inkişaf etdirərək Qərbi Almaniya səviyyəsinə çatdırmasa, bu birləşmə xalqa və dövlətə gələcəkdə qat-qat çox baha başa gələr.
Qarabağ və Şərqi Zəngəzur torpaqları da mümkün qədər qısa müddətdə minalardan təmizlənib, iqtisadi, siyasi, mədəni həyatımıza tam anlamda qoşulmayınca, bizim bu torpaqlarda varlığımnız oturuşmayınca, onu qazanmamış kimiyik. Demirəm ki, itirəcəyik (hərçənd qarşıdakı tarixi dönəmlərdə hansı tarixi döngələrdən keçəcəyik, bilmirik), amma tam olaraq qazanmış da sayılmarıq. Ən əsas da orada yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası və təbii ki, oradan qaynaqlanan hərbi-siyasi təhlükə ocaqlarının söndürülməsi mühümdür. Hə, o da başqa məsələ ki, ölkənin qalan ərazisinin də problemləri və inkişaf məqsədləri unudulmasın.
Qısaca desək, əvvəllər də yazdığım kimi, torpaqlarımızın işğaldan azad olunmasında necə bir nəhəng, misilsiz milli sinerji içindəydiksə, necə bütün varlığımızla bu məqsədə fokuslanmışdıqsa, indi də eyni birliyi və əzmi göstərməliyik.
Mən bir dəfə yazmışdım: biz o torpaqların ruhuyuq; biz qayıdanda o torpaqlar canlanacaq. Ora qayıtmağı tezləşdirmək hər birimizin istəyidir. Əlbəttə, bu istəyin mənbəyində dövlət dayanır, mənsəbi isə öz tarixi Vətən parçasına qovuşmuş xalq olacaq.
Bahəddin HəziBahəddin Həzi, Bizimyol.info






