Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə seçkinin ilk turundan sonra lirə dəyər itirib
Türkiyədə seçkinin ilk turundan sonra lirə dəyər itirib

Türkiyədə prezident seçkilərinin taleyi ikinci turda məlum olacaq. İndiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan mübarizəni rəqibi Kamal Kılıçdaroğlunu müəyyən qədər geridə qoymaqla davam etdirir. Ölkə rəhbərinin qələbə şansı daha yüksək qiymətləndirilir.

Bizimyol.info xəbər verir ki, Türkiyədə birjalar və ölkə iqtisadiyyatı da prezident seçkilərinə həssas reaksiya göstərir. Milli valyuta da gərgin dönəm yaşayır. Lirə sürətlə dəyər itirməyə başlayıb. Mayın 17-də tarixi antirekord qeydə alınıb. Dollar 19.76 lirə həddinə çatıb. Belə görünür ki, yaxın günlərdə 20 göstərici qeydə alınacaq.

Lirənin sürətlə dəyər itirməsində bir sıra amil əhəmiyyətli rol oynayır. Bunların heç də hamısı daxili arqumentlərə söykənmir. Milli valyutanın zəifləməsində siyasi hakimiyyətlə bağlı vəziyyətin tam aydın olmaması özünü göstərir. Son aylar lirə onsuz da geri gedirdi. Türkiyə iqtisadiyyatında böyümənin dayanması, inflyasiyanın miqyası vəziyyətə ciddi təsir göstərirdi. Hakimiyyətin dəyişməməsi böhranın sabitliyi anlamına gəlir. Görünür, Ərdoğanın ilk turda uğuru valyuta bazarında boy göstərib.

Analitiklər xarici amilləri də qabardırlar. Onlar ABŞ-dakı borc böhranı və iqtisadi aktivliklə bağlı narahatlıqlar səbəbindən qlobal bazarların mənfi istiqamətdə getdiyini bildirirlər. ABŞ prezidenti Co Bayden dünən konqres liderləri ilə borc limiti ilə bağlı görüşdən sonra Konqresin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti verdiyi açıqlamada həftənin sonuna qədər razılaşmanın əldə oluna biləcəyini bildirib. Amma bunun alınmaması da mümkündür.

Riçmond Federal Ehtiyat Bankının sədri Thomas Barkin inflyasiyanın nəzarət altında qalmasından hələ də əmin olmaq istədiyini və lazım gələrsə, daha çox faiz artımını dəstəkləyəcəyini söyləyib. Nyu-York Federal Ehtiyat Bankının prezidenti Con Uilyams da inflyasiyanın qəbuledilməz dərəcədə yüksək olduğunu qeyd edib. Çikaqo Federal Ehtiyat Bankının sədri Osten Qulsbi isə iyun toplantısı ilə bağlı heç bir qərar vermədiyini bildirərək, faiz endirimlərini müzakirə etmək üçün hələ tez olduğunu dilə gətirib. Yəni faiz dərəcələrinin yüksək qalması dolların bazarda gücünü qoruyacağına işarə vurur.

Bütün hallarda xarici amillər daxili faktorların önünə keçə bilməz. Türkiyədə prezident seçkilərinin ikinci turundan sonra vəziyyətə böyük mənada aydınlıq gələcək. Hökumət ölkə iqtisadiyyatında müsbət tendensiyalara nail ola bilsə, lirə də özünə gəlməyə imkan tapacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »