Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanın tək çarəsi sülh müqaviləsinin imzalanmasıdır"
"Ermənistanın tək çarəsi sülh müqaviləsinin imzalanmasıdır"

Mayın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək. Növbəti görüşün isə, iyunun 1-də Kişinyovda keçirilməsi planlaşdırılır. Bu görüşdə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da iştirak edəcək. Erməni KİV-i yazır ki, birinci görüşün təkbətək keçirilməsi Bakının Makronun növbəti danışıqlara qatılması üçün əsas şərti olub. İrəvan Makronun vasitəçiliyinin bərpa olunması üçün Bakının şərtini qəbul edib.

Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, prezident İlham Əliyevlə Nikol Paşinyanın müxtəlif ölkələrdə və tədbirlərdə, konfranslarda görüşlərin keçirilməsinin nəzərdə tutulması Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin razılığı ilə olub, olacaq.

Ramiz Alıyev Ramiz Alıyev

“Bilirsiniz ki, cənab prezident heç bir zaman görüşlərdən çəkinməyib, qaçmayıb. Hər zaman sülhə atılacaq bütün addımları, keçiriləcək bütün görüşləri dəstəklədiyini bəyan etmişdir. Növbəti 2 görüş də cənab prezidentin istəyi ilə baş tutacaq. Prezident dəfələrlə vurğulayıb ki, artıq sülh müqaviləsinə konkret addım atılmalıdır və sülh müqaviləsi bağlanmalıdır. Regionda sülh və sabitliyin bərqərar olunmasını istəməliyik və bunu təsdiqləməliyik. Təəssüflər olsun ki, Ermənistan baş naziri Nikol Paşinyan ölkəsi və özü haqqında qərar vermək gücündə olmadığına, müəyyən tapşırıqlar və testlər ətrafında idarə olunduğuna görə bu cür görüşlərə qatılması üçün də təbii ki, tapşırıq aldığı yerlərdən icazə almalı və bu icazələrdən sonra o görüşlərə qatılmalıdır”,- deyə politoloq bildirib.

Politoloq hesab edir ki, Azərbaycan xarici işlər naziri ilə Ermənistan xarici işlər nazirinin ABŞ-da bir neçə gün ərzində keçirmiş olduqları görüşlərdə, müəyyən ilkin razılaşmalar qeyd olunub.

Ramiz Alıyevin fikrincə, Azərbaycanın 5 bənddən ibarət təqdim etdiyi sənəd ideal sənəddir. Bu sənədi ABŞ rəsmiləri, ABŞ dövlət katibi, Avropa Şurası ittifaq prezdenti Şarl Mişel, digər rəsmi şəxslər və ölkələrin rəhbərləri, Rusiyanın prezdenti Vladimir Putin, Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bəyənmiş, təsdiqləmiş, sülh müqabiləsi üçün məqbul hesab etmişdilər.

“Sənəd ideal sənəddir və təkliflər ən iddialı təkliflərdir. Ermənistan tərəfi də artıq özünü düşünməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi və region üçün bir daha fikirləşməli və qərarlaşdırmalıdır ki, bu sülh müqaviləsinə gediləcək”,- politoloq bildirib.

Ramiz Alıyev bildirib ki, Ermənistan hər zaman sülh müqaviləsinin imzalanmasında Fransanın, Makronun iştirakını təklif edir. Azərbaycan tərəfi isə, dəfələrlə bildirmişdi ki, bu Ermənistanla Azərbaycan arasında olan məsələdir. Digər ölkələrin də vasitəçiliyi ola bilər, Azərbaycan bunu istesna etmir. Ancaq danışıqlar prosesində mütləq şəkildə Ermənistan Azərbaycan iştirak etməlidir. Belə olduğu təqdirdə Fransa iştirak edəcəksə, Türkiyə də iştirak etməlidir. Bundan sonra danışıqlar nə formada gedəcəksə, onun məsuliyyəti Ermənistan tərəfinin üzərinə düşəcək.

Ramiz Alıyev deyir ki, Ermənistanın baş naziri Fransa prezdenti Makronun danışıqlara qatılmağına cəhd etməkdənsə, yaxşı olardı ki, öz ölkəsinin və dövlətinin gələcəyini, hakimiyyətin gələcəyini düşünsün. Ölkəsi üçün, dövləti üçün yaranmış olan bu şəraitdən lazımı formada istifadə etsin.

“Bu gün Ermənistan dalana sıxışdırılıb. Ermənistan dövləti yaxşı durumda deyil. Ermənistan əhalisi də hazırkı hakimiyyətə qarş yaxşı fikirdə deyil. Ermənistanın tək çarəsi sülh müqaviləsinin imzalanması və daha sonra isə regionda baş verəcək böyük lahiyələrdə iştirak etməkdir. Belə olduğu təqdirdə, Azərbaycan tərəfi də Ermənistanı dəstəkləyəcək və Ermənistanın bu sənədi qəbul etdikdən sonra münasibətlərin normallaşması və regionda sülh və sabitliyin bərqərar olmasını istəyəcəkdir”,- deyə politoloq əlavə edib.

Politoloqun fikrincə, bunlar Azərbaycanın təklifi və istəyidir. Eyni zamanda regionda sülh və sabitliyin bərqərar olması üçün vacib məsələlərdir. Görüşlərdə isə, istər Fransa prezdentinin istərsə Almaniyanın konslerinin iştirak etməsi Azərbaycan üçün heç bir fərq eləmiyəcək. Azərbaycan heç bir mövqeyindən kənara çəkilməyəcək.

“Azərbaycan prezidenti cənab İlham Əliyev ali baş komandan və xalqının dəstəyini almış bir liderdir. Regionda və dünyada sayılıb seçilən və hörmət edilən sözünə imzası qədər dəyər verilən bir liderdir. İlham Əliyev öz qətiyyətli fikrindən çəkilməyəcək və Azərbaycan tərəfinin təqdim etdiyi 5 bəndən ibarət olan sənədi yenə də təklif edəcək. Ermənistan tərəfi onu qəbul etsə, bu Ermənistan üçün çox yararlı və doğru bir addım olacaq. Əgər təklif olunan sənəd qəbul olunmayacaqsa, bu da Ermənistanın öz zərərinə işləyəcək.

Bilirsiniz ki, Ermənistan 2020-ci ilin 10 noyabr razılaşmasında müəyyən olunmuş sənədə qol çəkib. Həmin sənəddə Ermənistan üzərinə götürdüyü müddəalar var. Müəyyən maddələr var. Onu reallaşdırmalıdır. Ermənistan tərəfi razılaşacaq, çünki artıq heç bir variantı da yoxdur”,- deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »