Tərtər işgəncələrinə görə həbs olunanlardan dörd nəfərin - hərbi hissə komandiri olmuş, polkovnik Vüsal Ələsgərov, qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət edən hərbi qulluqçular - kəşfiyyatçı Ramil Qarayev və Rüstəm Ələsgərovun məhkəməsi davam edir. Onların işinə Sumqayıt Məhkəmə Kompleksində baxılır. Lakin işi Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Məhkəmə prosesində zərərçəkmişlərin dindirilməsi mərhələsidir. Bu dörd nəfərin işində 192 nəfər zərərçəkmiş qismində tanınıb. Onlardan da bir neçəsi işgəncə nəticəsində vəfat etdiyinə görə həmin şəxslərin ailə üzvləri onların hüquqi varisi qismində məhkəmədə iştirak edir.
Bizimyol.info xəbər verir ki, budəfəki məhkəmə iclasında işgəncə nəticəsində ölənlərdən hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədova vəkili vasitəsilə bir sıra vəzifəli şəxslərin məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət qaldırıb. O, vəsatətində göstərib ki, indiyə qədər məhkəmədə dindirilən zərərçəkmişlərin ifadələrində adları çəkilən vəzifəlilər, o cümlədən korpus komandiri olmuş general Hikmət Həsənov, Hərbi prokuror Xanlar Vəliyev, hərbi hissə komandirləri Teymur Məmmədov, Firdovsi Bəyov və digərləri mütləq məhkəmədə dindirilməlidir.
Prokuror bildirib ki, vəsatətdə adları göstərilən şəxslərin bir hissəsi şahidlər siyahısında var və onlar məhkəməyə çağırılacaq. Qalanlarıyla bağlı məsələyə isə əsas şahidlər dindiriləndən sonra baxıla bilər.
Məhkəmə də eyni cavabı verib. Hakim bildirib ki, ittiham tərəfinin siyahısında olan şəxslər dindiriləndən sonra əlavə şahidlərin dindirilməsi məsələsinə baxılır. Ona görə də vəsatət baxılmamış saxlanılıb.
Ardınca zərərçəkənlərin dindirməsi başlayıb. Tərtər hadisələri dövründə əsgər kimi xidmət edən Vaqif Məmmədov bildirib ki, təqsirləndirilən şəxslərin heç birini tanımır. Ona gözləri bağlı vəziyyətdə işgəncə verildiyinə görə onu döyənlərin kim olduğunu bilmir. Təqsirləndirilən şəxslərdən də heç birinə qarşı şikayət və tələbi yoxdur.
Həmin vaxt yenicə məzuniyyətdən qayıtmış Siyasət Seyidov deyir ki, hərbi hissə komandirinin çağırdığını bildiriblər, o da gedib: “Vüsal Ələsgərov məni təpiklədi, söydü. Gözlərimi əski ilə bağladılar, işgəncə verməyə başladılar. Deyirdilər ki, sizin bölük erməniyə işləyir. İşgəncələrdən sonra məni UAZ maşınının ayaqaltısına atıb apardılar...”
Təqsirləndirilən Vüsal Ələsgərov isə bildirib ki, bu şəxslərin çağırılıb sorğu-sual olunması səbəbsiz deyildi. Çünki onların bölüyündən Elnur Hüseynzadə adlı bir nəfər ermənilərin tərəfinə keçmişdi. Onun sözlərinə görə, Vətən Müharibəsindən sonra həmin şəxs ermənilərdən alınıb və dövlətə xəyanət ittihamıyla 13 il azadlıqdan məhrum edilib.
Zərərçəkmiş Məmməd İsmayılov da ifadəsində bildirib ki, ona işgəncə veriləndə gözlərim bağlı olub. Ona görə də işgəncə verənləri görmürdü. Amma səslərindən hiss edirdi ki, 4-5 nəfərdilər:
“Orada işgəncəyə məruz qalanlar da çox idi. Hamı qışqırıb deyirdi ki, “günahım yoxdur”, “bilmirəm”. Öz maykamı cırıb gözümü bağlamışdılar. Məni döyənlərdən biri Cabir Qəhrəmanov idi...”
Onun sözlərinə görə, işgəncələrdən sonra sərəncama göndərilib. İşinə qayıtmağa çox çalışıb: “Sərəncamda olduğum müddətdə Babək Səmidli dəfələrlə söz verdi, əməl eləmədi. Dedim, yaxşı, heç olmasa, işdə travma almağım haqda arayış verin. Onu da eləmirdilər. Müdafiə Nazirliyinə yaxın buraxmırdılar...”
“O adamları ölümcül eləyib, ikinci mərtəbədən atdılar”
Bundan əvvəl də Tərtər işgəncələrinə görə bir neçə nəfər həbs olunmuş, onlar qısa müddət sonra azadlığa çıxmışdı. Həmin şəxslərin işi üzrə zərərçəkmiş qismində tanınanlardan biri də Məmməd İsmayılov olub. O deyir ki, həmin işdə məhkəməyə gedib-gələn vaxtlarda Teymur Məmmədov ona istədiyi arayışı verməyə razılaşıb. Bir şərtlə ki, işgəncələrdə ittiham olunanlardan şikayətçi olmaması haqda ərizə versin:
“Teymur Məmmədov dedi ki, sənə arayış verərik, amma sən də bizim istədiyimizi verəcəksən. Onda işgəncə verməyə görə Sənan Maşıyev, Fuad Ağayevgilin məhkəməsi gedirdi. Mən ərizəyə qol çəkməliydim ki, mənə dəyən maddi və mənəvi ziyan tam ödənilib, düzdür, məni döyüblər bu adamlar, amma 22 nəfər vətən xainlərini ortaya çıxarıblar, ona görə şikayətim yoxdur. Mən buna qol çəkmədim. Dedim, gedib evdə məsləhətləşim, sonra. Onlar da arayış vermədilər. Sonra məni ümumiyyətlə, ordudan çıxardılar. 2021-ci ilin dekabrında Tərtər işi üzrə istintaq yeniləndi, 2022-ci ildə məni yenidən işə bərpa elədilər”.
Tərtər hadisələri baş verən dövrdə manqa komandiri olmuş Ramin İsayev də məhkəmədə dindirilib. O bildirib ki, təqsirləndirilən şəxslərdən yalnız Rüstəm Ələsgərovu tanıyır.
“Teymur Məmmədov, Daşqın Süleymanov və başqaları bu gün burada oturmayıbsa, mən nə danışım?”, - deyə zərərçəkmiş həmin şəxslərin də cəzalandırılmasını tələb edib.
Onun sözlərinə görə, məruz qaldığı işgəncələr nəticəsində qabırğası, çiyni sınıb.
Təqsirləndirilən Rüstəm Ələsgərov bundan əvvəlki məhkəmə iclaslarında dəfələrlə bildirib ki, işgəncələrdə iştirak etməyib, sadəcə, hərbi hissə binasının mühafizəsini həyata keçirib. Lakin Ramin İsayev deyir ki, onu işgəncə verilən ikinci mərtəbədə görüb: “Deyə bilmərəm ki, işgəncə verən yerdə görmüşəm. Əlində su vedrəsi vardı. Həmin sudan da çəlləklərə tpkülüb, suda boğma ilə işgəncə vermək üçün istifadə edirdilər. Düzdür, Rüstəm deyir ki, mən ancaq binanın mühafizəsində dayanmışam. Amma o hərbi hissənin kəşfiyyatçılarının hamısı orada olub”.
Ramin İsayevin sözlərinə görə, işgəncə nəticəsində komaya düşüb. O, işgəncə nəticəsində ölən hərbçilərdən Mehman Hüseynov, Elxan Ağazadə, polkovnik Saleh Qafarov haqqında da danışıb: “Saleh Qafarovun ağzını Cümşüdov cırıb qulağının dibinə gətirdi. Saleh Qafarovu, Mehman Hüseynovu, Elxan Ağazadəni döyüb ölümcül elədilər, sonra da tulladılar ikinci mərtəbədən aşağı. Rüstəm ələsgərov deyir ki, binanın mühafizəsində olub, onda çöldə idisə, bu adamların ikinci mərtəbədən düşməsini də görməliydi...”
Rüstəm Ələsgərov bildirib ki, nə ikinci mərtəbədə olub, nə də adları çəkilən hərbçilərin ikinci mərtəbədən düşdüyünü görüb.
“Hərbi Prokurorluğun müstəntiqi üstümə çıxıb təpikləyirdi”
Zərərçəkmiş Sənan Qarayev də deyir ki, onu hərbi hissə komandiri Teymur Məmmədovun çağırdığını xəbər veriblər, o da gedib. Orada gözünü bağlayıb, sifət nahiyəsindən təpiklə vurublar. Elə döyə-döyə də aparıblar: “Anar Cavadov topuğumdan boynumun ardına qədər boru ilə döşəyirdi. İçəridə insanları məhv edirdilər. Dedilər, quru-quru döyməyin, isladıb vurun. Bizi dörd nəfər bir-birimizə bağlayıb, toka verdilər. Boğazıma ip salırdılar, boğulurdum, öskürürdüm, buraxırdılar. Deyirdilər ki, ad ver. Ayaqlarımın altına şlanqla o qədər vurmuşdular, gəzə bilmirdim. Bizi qatar kimi düşüb aparanda gəzə biulmədiyimə görə yıxıldım. Yıxılmağıma görə Teymur Məmmədov məni o qədər döydü...”
Tərtər hadisələri zamanı dövlətə xəyanət ittihamıyla həbs olunub, 20 il azadlıqdan məhrumetmə cəzası alan, 5 il 7 ay 2 gün həbsdə saxlandıqdan sonra bəraət hökmüylə azadlığa buraxılan Atabəy Rəhimov da zərərçəkmişlər arasındadır. O deyir ki, onu tabeliyində olan əsgərləri ermənilərin yanına aparmaqda, onların zorlanmasına göz yummaqda ittiham edirdilər. Halbuki, belə bir hadisə olmamışdı və ona böhtan atırdılar.
Onun sözlərinə görə, özü ilə yanaşı, tabeliyində olan əsgərlərə də işgəncə veriblər, onun əleyhinə ifadə alıblar. Ona qarşı 5 əsgərdən ifadə alıblar:
“Deyirdilər ki, komandir, işgəncələrə dözə bilmirdik, yaşamaq üçün o ifadələri verməyə məcbur olduq”.
Zopa ilə döyülməkdən tutmuş, suda boğulma, dırnaqlarının çəkilməsinə qədər müxtəlif formada işgəncələrə məruz qaldığını deyən Atabəy Rəhimov həm də Hərbi Prokurorluqdan şikayətlənib. Onun sözlərinə görə, işgəncələrdə Hərbi Prokurorluğun müstəntiqləri də birbaşa iştirak edirdi:
“Müstəntiq Ülvi Əhmədov üstümə çıxıb təpikləyirdi məni. O biri müstəntiqlər Vətən Əliyev, Elməddin Musayev, Xanlar Babayev... Onların hamısının gözünün qarşısında olub baş verənlər. Hərbi Prokurorun müavini Şəfahət İmranov stolun üstündə tum çırtlaya-çırtlaya işgəncələrlə bağlı göstərişlər verirdi”.
O, həmin dövrdə korpus komandiri olan general Hikmət Həsənovun da işgəncələrdə şəxsən iştirak etdiyini bildirib.
“İndi burada kim danışır, deyir ki, “mənim işgəncələrdən xəbərim olmayıb, mən mühafizədə olmuşam”. Bəs bizə o işgəncələri verənlər kimlər olub?”, - Atabəy Rəhimov əlavə edib.
Zərərçəkmişlər haqqında məcburi gətirilmə qərarı çıxarıldı
Zərərçəkmişlərdən bir neçəsi sonradan müxtəlif ittihamlarla həbs olunub. Onlar da hazırda cəza çəkdikləri müəssisələrdən məhkəməyə gətirilərək dindirilib. Həmin zərərçəkmişlərdən Cəsur Qurbanov bildirib ki, ona işgəncə verməklə kifayətlənməyiblər. Hətta işgəncədən ölən şəxsin meyitini göstərib, aqibətinin bu cür olacağını deyiblər:
“Başımdan torbanı çıxaranda meyiti gördüm. O biri otağa keçirəndə gördüm ki, adamın ayaqlarının birini sağa, o birini sola dartıb, toka verirlər. Məni tros məftillə döyürdülər. Toku bədənimin burada deyə bilməyəcəyim hissələrinə verəndə ürəyim getdi. Dırnağımı kəlbətinlə çəkirdilər (göstərir), ağzıma vedrə ilə su tökürdülər. Ayağımda mismarla iki deşik açdılar...”
Onun sözlərinə görə, işgəncələr zamanı təqsirləndirilən şəxslərdən Rəşid Niftəliyevin də iştirakının şahidi olub.
Lakin Rəşid Niftəliyev orada olması haqda deyilənləri təkzib edib.
Cəsur Qurbanov ifadəsində əlavə edib ki, xidmət etdiyi dövrdə hərbçilərə çatası ərzağın oğurlanmasıyla bağlı halların şahidi olurdu. Bununla bağlı xüsusi şöbəyə məruzə eləmişdi.
Təqsirləndirilən polkovnik Vüsal Ələsgərov bildirib ki, xidmət etdiyi 30 il ərzində həmişə əsgərlərin yeməyi, geyimindən kəsilməsi, pulların mənimsənilməsi hallarına qarşı mübarizə aparıb: “Mənə görə, əsgərin yeməyindən, əynindən, cibindən kəsən ən axırıncı adamdır”.
Hazırda həbsdə olan başqa bir zərərçəkmiş Bəhruz Xıdırov deyir ki, 2017-ci ilin mayında onun dişlərini, dırnaqlarımı çəkiblər, boynunun arxasını yandırıblar:
“Sürücü idim, deyirdilər ki, ermənilərə silah-sursat daşımısan. Halbuki, belə bir şey olmayıb. İşgəncələrdən sonra da normativləri keçə bilməmək bəhanəsi ilə tərxis elədilər”.
Məhkəmədə hakim Zeynal Ağayev elan edib ki, zərərçəkənlərin hamısına çağırış göndərilsə də, onların bir qismi gəlmir. Bu səbəbdən indiyədək gəlməyənlərin haqqında məcburi gətirilmə qərarı çıxarılıb.
Məhkəmə prosesi mayın 10-da davam edəcək.
Aytən, Bizimyol.info






