Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəşad Dağlı haqqında cinayət işində 3000 manat tələbi: “Özümü qismən təqsirli bilirəm...”
Rəşad Dağlı haqqında cinayət işində 3000 manat tələbi: “Özümü qismən təqsirli bilirəm...”

“Rəşad Dağlı” ləqəbiylə tanınan meyxanaçı Rəşad Əmirovun işi üzrə məhkəmə istintaqı başlayıb. Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Bizimyol.info xəbər verir ki, mayın 1-də keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Orada göstərilib ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehdiyev əvvəllər quldurluq, narkotik ittihamlarıyla məhkum edilib. O, hadisədən təxminən on gün əvvəl azadlığa buraxılıb.

Hadisənin səbəbinə gəlincə, iddia edilir ki, İsgəndər Mehdiyev Rəşad Dağlının ünvanına “üzdəniraq” ifadəsi işlədib. Bununla əlaqədar onların arasında hadisədən əvvəl də mübahisələr olub. İttihama əsasən, İsgəndər Mehdiyev Rəşad Dağlı haqqında başqa şəxslər arasında söz-söhbətin dayandırılması üçün 3000 manat pul tələb edib.

İttihama əsasən, noyabrın 8-dən 9-na keçən gecə meyxanaçı “Niva” markalı maşınıyla İsgəndər Mehdiyevin yaşadığı evin qarşısına gəlib. Onu götürüb və birlikdə gediblər. Hadisə isə Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə, avtomobilin içində baş verib.

Cinayət törədilən bıçağı isə meyxanaçının Biləcəri qəsəbəsindəki mağazadan aldığı iddia olunur.

Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və və 228.4 (qanunsuz olaraq, soyuq silah əldə etmə, saxlama, gəzdirmə) maddələrilə ittiham irəli sürülüb.

Meyxanaçı bu ittihamlara münasibət bildirərkən özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, özünü nədə təqsirli bildiyi, nədə bilmədiyi məhkəmə prosesinin gedişində aydın olacaq.

Meyxanaçı indiki mərhələdə ifadə vermək istəməyib. O bildirib ki, zərərçəkmişin hüquqi varisi və şahidlər dindiriləndən sonra ifadə verəcək.

Zərərçəkmişin hüquqi varisi qismində mərhum İsgəndər Mehdiyevin qardaşı Etibar Mehdiyev tanınıb. O bildirib ki, təqsirləndirilən şəxsdən şikayətçi deyil. Onu əvvəldən qonşu kimi tanıyıb, aralarında da ədavət olmayıb.

Etibar Mehdiyevin sözlərinə görə, qardaşının Rəşad Dağlı ilə getdiyini bilib. Həmin vaxt qardaşı əsəbi olub.

“Eyni həyətdə yaşayırıq, amma qardaşımın evi ayrıdır. O, tək yaşayır. Demişdi ki, guya Rəşad haqqında kimsə nəsə danışır, o məsələ ilə əlaqədar görüşməlidilər”, - Etibar Mehdiyev bildirib.

O, istintaqa ifadəsində bildirib ki, qardaşı evdən çıxanda “Rəşad çaşsa, onu vuracağam” deyib. Həmçinin qardaşından eşidib ki, Rəşad Dağlı ilə bağlı səslənən fikirlərə görə kimlərisə susdurmaq üçün pul vermək lazımdır.

Etibar Mehdiyev bu ifadəsinə münasibət bildirərkən onu təsdiqləyib. Məhkəmə prosesi mayın 19-da davam edəcək.

Rəşad Dağlının ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1 maddəsində 9 ildən 14 ilə qədər, 228.4 maddəsində 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »