Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tərtər dəhşətləri: “Tikanlı məftillə döyürdülər, üstümüzdə siqaret söndürürdülər, cinsiyyət orqanına da tok verirdilər”
Tərtər dəhşətləri: “Tikanlı məftillə döyürdülər, üstümüzdə siqaret söndürürdülər, cinsiyyət orqanına da tok verirdilər”

2017-ci ilin may-iyun aylarında Tərtər hadisələri zamanı işgəncə verməkdə ittiham olunan 4 nəfərin – N saylı hərbi hissənin komandiri olmuş polkovnik Vüsal Ələsgərov, keçmiş qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı-müddətdən artıq xidmət edən (MAXE) əsgərlər Ramil Qarayev və Rüstəm Ələsgərovun məhkəməsi davam edir. Budəfəki məhkəmə iclasında zərərçəkmiş qismində işgəncəyə məruz qalmış şəxslərin özlərilə yanaşı, həm də işgəncə nəticəsində ölənlərdən üçünün ailə üzvləri dindirilib.

Bizimyol.info xəbər verir ki, bu cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və daha iki hakimi araşdırır. Lakin məhkəmə prosesi zərərçəkmişləri sayının çoxluğu (təkcə bu 4 nəfərin işinə aid hissədə zərərçəkmişlərin sayı 192 nəfərdir) ilə əlaqədar Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Hazırda məhkəmədə zərərçəkənlərin dindirilməsi mərhələsidir.

“Şəxsən Hikmət Həsənov özü edirdi”

Bu məhkəmə iclasında əvvəl zərərçəkmişlərdən 1997-ci il təvəllüdlü Tural Məmmədov ifadə verib. Hazırda gizir kimi xidmətdə olan Tural Məmmədov deyir ki, hadisələr baş verən dövrdə əsgər idi. O, başına gələnləri belə xatırlayıb: “Məzuniyyətdən qayıtmışdım, postda idim. Maskalılar gəldi, bizi apardılar. Bizi tikanlı məftillərlə döyürdülər, suda boğurdular. Dişlərimə, qulaqlarıma tok verirdilər. Orada günahsız yerə çox adama xəsarət yetirdilər. Ya gərək, “vətən xainiyəm” deyib boynuna götürəydin, canın qurtaraydı, onda da anan çölə çıxmayaydı, bacın məktəbə getməyəydi... Bizi elə vəziyyətə qoymuşdular ki, sonradan haqqımımızı tələb eləməyə də qorxurduq”.

Zərərçəkmiş Rəcəb Teymurov bildirib ki, onu birbaşa korpus komandiri, general-mayor Hikmət Həsənovun yanına aparıblar. Generalın gözü qarşısında dörd nəfər bir neçə nəfər dəfərlərlə onu yuxarı qaldırıb, yerə çırpıblar: “Günlərlə işgəncə altında saxladılar. Təhqir altında çörək verirdilər. Fuad Ağayev (hüquqşünas) şilləni elə vurdu ki, beynim silkələndi. Şəxsən Hikmət Həsənovun gözünün qarşısında döyülmüşəm, özü məni təhqir edib...”

Daha sonra işgəncə nəticəsində həyatını itirən şəxslərin hüquqi varisi qismində tanınan ailə üzvləri məhkəmədə ifadə verib.

“Pnevmaniya adıyla gətirmişdilər, məzarı açanda məlum oldu ki, işgəncə ilə öldürülüb”

Mərhum leytenant Təmkin Quliyevin atası Nizami Quliyev bildirib ki, 2017-ci ildə oğlunun meyitini gətirənlər tələsik onu dəfn ediblər. Hətta başqa rayonda olan atasının gəlib çıxmasını gözləməyiblər. Ailəsinə isə Təmkin Quliyevin pnevmaniya xəstəliyindən vəfat etdiyini deyiblər:

“2017-ci il mayın 15-də meyiti gətiriblər. Məni 20 dəqiqə gözləməmişdilər ki, gəlib çıxım, tələsik dəfn eləmişdilər. Yalan danışmışdılar ki, guya pnevmaniyadan ölüb. Tərtər işi üzrə icraat yenilənəndən sonra müraciət elədim. Qəbir açıldı, eksqumasiya olundu. Məlum oldu ki, işgəncə ilə öldürülüb. Bu adamlara (məhkəmə zalındakı zərərçəkmişləri nəzərdə tutur) necə işgəncə verilibsə, oğluma da elə işgəncə verilib. Məlum oldu ki, fəqərələri, ayaq, əl barmaqları, başı üzərində xəsarətlər var. Meyiti gətirənlərdən biri də insan adına layiq olmayan qohumum idi, rütbəsi də polkovnik. Mənim oğlum igidliyinə görə öldürülüb. Yuxarı rütbəlilər elə igidləri sevmir. Aprel döyüşlərində oğlum netral zonada qalan nə qədər meyitlərimizi gedib çıxarmışdı. Oğlumla bağlı bizə göndərilən məktubların birində yazılmışdı ki, guya təcridxanada keçinib, birində də yazılmışdı ki, xəstəxananın reanimasiya şöbəsində”.

Nizami Quliyev oğlu da daxil olmaqla, hərbçilərə işgəncə verməklə, onların ölümünə səbəb olan şəxslərə qəsdən adan öldürmə, dövlətə xəyanət maddələrilə ittiham irəli sürülməsini istəyib. O həmçinin maddi durumu ilə əlaqədar vəkil tuta bilmədiyini deyərək, məhkəmədən bu məsələnin həllində yardım istəyib. Hakim izah edib ki, məhkəmənin zərərçəkmişə dövlət hesabına vəkil təyin etmək səlahiyyəti yoxdur. Lakin dəymiş ziyanın ödənilməsi tələbilə mülki iddia qaldırarsa, yaxud öz hesabına vəkil tutub, bunun təqsirləndirilən şəxslərdən tutulması tələbilə mülki iddia verərsə, məhkəmə bu məsələyə baxıb, sonda hökmdə qərar çıxara bilər.

“Mənə Hikmət Həsənov, əmr verənlər lazımdır...”

Tərtər hadisələri baş verən dövrdə manqa komandiri olmuş və işgəncə nəticəsində həyatını itirmiş daha bir hərbçi Süleyman Kazımovun həyat yoldaşı Zülfiyyə Kazımova da məhkəmədə ifadə verib. O, öncə məhkəməyə ərizə verib ki, himayəsindəki uşaqlarla əlaqədar gəlib-gedə bilməyəcək, ona görə də hüquqi varis qismində qaynı Əhəd Kazımovun tanınmasını istəyir. Məhkəmə bununla razılaşıb.

Zülfiyyə Kazımova ifadəsində bu cinayətdə rolu olan yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib: “Mənə Hikmət Həsənov, əmr verənlər lazımdır. Bir dəfə Hikmət Həsənov istintaqa, məhkəməyə çağrılmadı, niyə?”

Həyat yoldaşının ölüm xəbərini mayın 9-da aldıqlarını deyən Zülfiyyə Kazımovanın sözlərinə görə, öncə onlara Süleyman Kazımovun şəhid olduğunu bildiriblər. Daha sonra onun qəzada öldüyünü deyiblər: “Meyiti gətirənlər arasında Babək Səmidli (2020-ci ilin noyabrında mina partlayışı nəticəsində həlak olan polkovnik) də vardı. O, bizə boş kağıza imza atdırmaq istəyirdi. Bu gün ittiham olunanlar erməni ilə üz-üzə dayananlar olub. Ona cəsarətiniz çatırdı, amma birinizin cəsarətiniz çatmır ki, əmr verənlərin adını deyəsiz? Güllədən qorxmurdunuz, Hikmət Həsənovdan qorxursunuz?”

O, həyat yoldaşıyla ölüm xəbərindən təxminən bir həftə əvvəl danışdığını bildirib: “Sonuncu dəfə Goranboyda xidmət edirdi. Bizim serebral iflic uşağımız var, zəng edib ondan xəbər bilirdi. Axırıncı dəfə də onu soruşdu. Ondan sonra xəbərim olmadı ondan. Meyiti də bizə göstərmədilər. Onu toka veriblər, suda boğublar, döyüblər. Mayın 4-də aparıblar, 7-də dünyasını dəyişib”.

Əhəd Kazımov deyir ki, qardaşının meyitini onlara çətinliklə veriblər: “Deyirdilər ki, özümüz dəfn edəcəyik...”

“Oğlumu görməyə getmişdim, sən demə, onun meyitini gətirirlərmiş...”

İşgəncə nəticəsində həyatını itirən MAXE Elçin Quliyevin anası Validə Əhmədova da zərərçəkmişin hüquqi varisi qismində məhkəmədə ifadə verib. Elçin Quliyev də öncə ermənilərə casusluqda ittiham olunub, lakin öldüyünə görə Hərbi prokurorun müavini Şəfahət İmranovun qərarıyla onun haqqındakı cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Lakin 2021-ci ilin dekabrında bu iş üzrə icraat yenilənəndən sonra bəraət alanlardan biri də Elçin Quliyev olub.

Validə Əhmədova məhkəmədə ifadəsində bildirib ki, oğlu sonuncu dəfə 2017-ci il mayın 3-də əmisigildən gedib. Bir də mayın 8-də atası və əmisigili icra hakimiyyətinə çağırıb, oğlunun ölüm xəbərini veriblər, onun dövlətə xəyanət etdiyini deyiblər: “İcra hakimiyyətində Babək Səmidli, icra başçısının özü, Abdulla Qurbani və başqaları olub. Ölənlərin siyahısını oxuyub, Elçinin adı gələndə yoldaşım deyib nə danışırsan? İcra başçısı qayıdıb ki, bilirsən oğlun nə qələt eləyib? Guya oğlum vətənə xəyanət eləyib, ermənilərə işləyib. Yoldaşım onların cavabını verib, çıxıb çölə. Guya oğlum 2016-cı ilin aprel döyüşlərində sürdüyü yemək maşınına narkotik töküb ki, hərbçilər yatsın. Qaynım deyib ki, yalan danışmayın, heç onda Elçin yemək maşını sürmürdü, məzuniyyətdə idi. Həmin gün həyat yoldaşım gəlib mənə demədi oğlumun ölümünü. Ertəsi gün səhər tezdən bir qohumun ölümü adıyla məni qəbiristanlığa apardılar. Dedilər ki, meyiti gətirənlər arasında Elçin də olacaq, onu da görərsən. Deyirdilər ki, nəsə problem var, ona görə bunları neçə vaxtdır buraxmırlar evə gəlməyə. Getmişdim ki, uşağımı görüm. Orada meyiti gətirəndə yoldaşım gəlib mənə dedi ki, “Validə, başımıza daş düşüb”. Onda bildim ki, oğlumun meyitini gətirirlər...”

Validə Əhmədovanın sözlərinə görə, oğlunun yas mərasimi olan dövrdə hüzr məclisinə gələn insanların qarşısının kəsilməsi halları da olmuşdu. Onun sözlərinə görə, bir müddət sonra oğlunun üzərindəki ləkənin təmizlənməsi, həqiqətin üzə çıxması üçün araşdırmalara başlayıb, müxtəlif qurumlara üz tutub: “Onun axtarışındaydım ki, uşağımın başına nə gəlib? Babək Səmidli məni nə qədər aldatdı. Onun qəbulunda bəlkə 10 dəfə olmuşam. Tərtər məhkəməsinin sədri İlqar Quliyev nə qədər o aldatdı ki, araşdırma gedir. Elə vəziyyətdə idim ki, yolumu düz gedə bilmirdim. Mən 21 il evdə xəstə uşağa baxan qadın olmuşam. Birdən-birə başıma belə hadisə gəlib. İki torba məktub-teleqramlarım var evdə. Zakir Qaralov rayona gəlmişdi, qəbuluna girdim, mənə dedi ki, yanımda yüksək çinli məmurların adını çəkmə. Sonralar çox hadisələr oldu, hərəni bir cür susdurdular...”

Validə Əhmədova üzünü təqsirləndirilən şəxslərə tutaraq deyib: “Biz də bilirik ki, siz əmr qulusunuz. Amma haqqı demək lazımdır. Mənə oğlum haqqında qərarı vermək üçün Hərbi Prokurorluqda 6 ay süründürdülər. Bu cinayətlərin başında həm də Hərbi Prokurorluğun rəhbərliyi dayanır. Onlar mayın 3-də cinayət işi başlayandan sonra bu ölümlər baş verib. Xanlar Vəliyev, Şəfahət İmranov cavab verməlidir. Mənim oğlumla bağlı qərara Şəfahət İmranov imza atıb. Mənim oğlumu öldürənlər icraçılardan əlavə həm də Teymur Məmmədov, Hikmət Həsənov olub. Öldürtdürən isə Şəfahət İmranov...”

Təqsirləndirilən 4 nəfərdən birinə - Rüstəm Ələsgərova işgəncələr nəticəsində ölənlərlə bağlı ittiham verilib. Bu üzdən Validə Əhmədova Rüstəm Ələsgərova suallarını ünvanlayaraq, oğlu ilə əlaqəsi haqda soruşub. O isə bildirib ki, onun oğlunu ümumiyyətlə tanımır: “Mən mayın 1-də və 2-də hərbi hissənin qarşısında sadəcə, mühafizəçi olmuşam, heç binanın içinə də daxil olmamışam. Sizin oğlunuzu da tanımıram. Mən mayın 3-dən 5-nə qədər Tərtər Hərbi prokurorluğunda olmuşam. Sizin oğlunuzun isə 3-də gətirildiyini deyirsiniz. Ölümlərin hamısını qoyublar mənim üstümə. Halbuki, bunların mənə qətiyyən aidiyyəti yoxdur. Mənim yerimdə Teymur Məmmədov oturmalıdır”.

“General dedi ki, səni Qarabağ kanalına ataram...”

Digər zərərçəkmişlərdən Zamin Yusifov şəxsən general Hikmət Həsənov tərəfindən təhqir olunduğunu, onun göstərişiylə işgəncəyə məruz qaldığını bildirib: “Cabir Qəhrəmanov və Sənan Maşıyev gəlmişdi. Dedilər ki, guya korpus komandiri Hikmət Həsənov onları yatmış yerdə tutub, cəzalandırıb, ona görə göndərib. Sən demə, bunlar məlumat toplamağa gəlibmiş. Sonradan bu hadisələr vaxtı Hikmət Həsənov mənə dedi ki, dalımca danışmısan ki, “oturmuşdum Gəncədə, atdı məni Tərtərə”. Sən demə, onda bunlar mənim səsimi yazıblar. Aparıb veriblər Hikmət Həsənova. Hikmət Həsənov məni təhqir elədi. Komanda verdi ki, bunu danışdırın. And-aman elədim ki, mən heç nə eləməmişəm, nə casusluq? Döyürdülər, üstümə su töküb toka verirdilər, zülm eləyirdilər. Teymur Məmmədov gəldi, məni o vəziyyətdə gördü, sakitləşdirdi, üstümü quruladı. Mənə dedi ki, korpus komandiridi, əsəbiləşib, səbrli ol. Bir müddət sakitlik oldu, sonra yenə başladı. Sonra elə işgəncələr olub ki, özümdən getmişəm. Sifətimdə, bədənimdə salamat yer yox idi. Mehman Hüseynov can verəndə də onu döyürdülər...”

Zərərçəkmiş Vaqif Abdullayev deyir ki, onu 5-10 dəqiqə döyəndən sonra polkovnik Vüsal Ələsgərovun ayağının altına yıxıblar: “Bütün otaqlarda işgəncə gedirdi. İsabala Məmmədova paqonlarını vermişdilər ki, yesin. Hikmət Həsənov demişdi ki, kim boynuna almasa xəyanəti, minalı sahəyə göndərəcəyik onu. Məni xanlar Vəliyev çağırdı, iki nəfər qoluma girib apardı. Kompüterimə açıb baxdılar, gördülər ki. dediklərim doğrudur. İşgəncə sonradan nisbətən səngimişdi, əvvəlki kimi amansız deyildi. Sonradan Mingəçevirdəki hərbi hissəyə gətirəndə Hikmət Həsənov əmr verdi ki, məni qəfəsə salsınlar. Göstəriş verdi ki. mən sözlərinə baxmasam, güllələsinlər. Dedi ki, lazım olsa, səni Qarabağ kanalına ataram, iki MAXE-ni də şahid göstərib deyərəm ki, xain idi, özünü öldürdü”.

Vaqif Abdullayev general Hikmət Həsənov və başqa vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini vurğulayıb: “Müdafiə naziri, Xanlar Vəliyev, Hikmət Həsənov bura gəlməlidir. MAXE Qarayev kimdir ki, məni tutub aparıb işgəncə verəydi? Altı ildir bu işlərin üstü niyə tam açılmır? Bəlkə Hikmət Həsənov da icraçıdır. Onlar tutulana qədər bu işlər tam açılmayacaq”.

Zərərçəkmiş Mərhəmət Rəcəbli deyir ki, postda olan polkovnik Vüsal Ələsgərov gələrək, onun ağzına silah dirəyib, əllərini bağlayıb, işgəncə verməyə aparıblar: “Gözlərimi və əllərimi bağladılar, dizüstə oturtdular. Plastik boru ilə döyürdülər. Cinsiyyət orqanıma qədər tok veriblər. Dırnaqlarımı çıxarıblar. Siqareti üstümdə söndürüblər. Biləcəridə hərbi polisdə də döyülmüşəm. Bu dünyada da, o dünyada da iki əlim Vüsal Ələsgərovun yaxasında olacaq”.

Zərərçəkmiş Nizam Cəfərov tan bölüyünün mexaniki olub. O danışır ki, hərbçilərə qarşı “Əl-Qaidə” terrorçuları kimi davranırdılar, başlarını yuxarı qaldırmağa belə, imkan vermirdilər. Hərbçilərin saxlandığı kazarma qan içində idi.

“Kişi kişiyə elə söyüşlər söyməz, nə olursa olsun, mən hələ işgəncələri bir tərəfə qoyuram. Mənim dişimi töküblər, dırnağımı çıxarıblar, toka veriblər. Guya tankın bir hissəsi ermənilərə satılıb, ondan mənə də pay çatıb. Elə hissəsidir ki, onu çıxarıb satmaq mümkün deyil. Bunu onlara başa salmaq olmurdu.

Mən iki dəfə prezidentin iştirak etdiyi paradda tank sürmüşəm. 2011-ci ildə avtoqəzada ciyərimin bir hissəsi götürülüb. Anama deyəndə ki, “oğlun vətən xainidir”, infarkt keçirib. Tələbim budur ki, haqq yerini tapsın...”

“Tərtər işgəncələri” üzrə məhkəmə prosesi davam edir. Təqsirləndirilən 4 nəfərin heç biri özünü təqsirli bilmir. Onlardan üçü ifadə verməkdən imtina edib. Yalnız biri Rüstəm Ələsgərov ifadə verib və heç bir cinayət törətmədiyini, əlində səlahiyyəti olmadığını, sadəcə, əmr üzrə binanı mühafizə etdiyini bildirib. Onun sözlərinə görə, işgəncə verilən binaya daxil olmağa belə, onun səlahiyyəti yox idi.

Vüsal Ələsgərov isə ötən məhkəmə iclasında deyib ki, Müdafiə naziri, onun müavini, Baş Qərargah rəisi, korpus komandiri və Hərbi Prokurorluğun verdiyi əmrləri icra edib. Ona görə də özünü qətiyyən təqsirli bilmir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »