Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnalının məlumatına görə, Bakı şəhəri üzrə 8565, Lənkəran 3837, Sumqayıt 3343, Salyan 1335, Gəncə 1178, Şirvan şəhəri üzrə 1067 narkotik istifadəçisi qeydiyyatdadır. Paytaxt rayonları üzrə ən çox narkotik istifadəçisi Yasamal, ən az Pirallahı rayonundadır.
- Narkotikdən istifadənin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Narkomaniya üzrə mütəxəssis Emil Maqalov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, narkotik vasitələrin istifadəsinə qarşı anti-təbliğat işləri Bakı və Abşeronda aparılır. Əksər bölgələrdə antitəbliğat işləri çox az aparılır. Uşaqların başa düşəcəyi dildə danışılmır. Ekspertin fikrincə, bunun obyektiv və subyektiv səbəbləri var. Əsas səbəb isə, təlimçilərin olmamasıdır. Onun sözlərinə görə, təlimçilər olsa belə bu sahədə təlim keçmə səriştələri yoxdur.
Emil MaqalovMaqalov qeyd edib ki, təbliğat məsələlərinin həyata keçirilməsi üçün hərhansı mərkəzlərin açılması çox böyük bir problemdir.
“Birinci böyük problemimiz narkodispanserlərdir. Ölkədə 6 narkodispanser var. Qeyri-rəsmi məlumata görə isə, 300 mindən çox narkoman var. Narkotik satanların və yayanların demək olar 70 faizi elə narkotik istifadəçilərinin özüdür. Çünki bu şəxslər bir neçə istifadədən sonra ağrıya düşür. Həmin narkotik vasitələr onların ağrıdan çıxması üçün dərmanına çevrilir. Həmin şəxs ağrını kəsmək məqsədilə dərmandan istifadə etmək üçün istənilən halda onu tapmalıdır”-deyən ekspert hesab edir ki, bu səbəbdən də cinayətlərin sayı artır. Hər keçən gün narkomanların, narkokuryerlərin, satanların sayı artır.
Narkodispanserlər bu şəxslərin ağrılarını aradan qaldırdıqdan sonra həmin şəxslərin psixoloji reablitasiya edilməsinə ehtiyac olur.
“Yəni 100 faizin 30 faizi ağrının azaltılmasıdır. 70 faiz psixoloji reablitasiya mərkəzlərinin məsuliyyətindədir. Reabilitasiya mərkəzlərimiz yoxdur. Olanlar da pulludur. Buna da hər adamın gücü çatmır. Bunun üçün mərkəzlərin açılmasını gözləməyə ehtiyac yoxdu. Biz bunu gözləsək də, büdcədə o qədər maliyyə yoxdur. Maliyyəni tapıb onu, inşa etsək də, bunun üçün bizə beş il vaxt lazımdır.
Azərbaycanda eyni zamnda narkoloq çatışmazlığı da var. Bunu da indidən həll etməyə çalışsaq, bu mərkəzlərin açılması məsələsini 5 il ərzində həll edə bilərik. Amma bizim 5 il gözləməyə vaxtımız yoxdu”-deyə Maqalov qeyd edib. Onun sözlərinə görə, hazırda “Qlobal Fondun” maliyyələşdirdiyi Səhiyyə Nazirliyi ilə birlikdə “Zərərin azaldılması” layihəsi var. Bu layihə çərçivəsində müayinə, psixoloji və narkoloji müalicə, pulsuz və anonim hüquqşünas məsləhəti və s. xidmətlər var.
“Bu layihəyə təkan versək, beş il gözləyə bilərik”-deyə Maqalov vurğulayıb.
Ekspert qeyd edib ki, narkomaniyaya qarşı mübarizədə məktəb psixoloqlarının da böyük rolu var. Çünki uşaqlar məktəbdən və yeniyetməlik dövründən narkotik vasitələrdən meyilli olmağa başlayır.
“Araşdırmalarıma əsasən deyə bilərəm ki, məktəb psixoloqlarının 80 faizinin narkotik və narkomaniya ilə bağlı cüzi də olsa məlumatı yoxdur. Onların ümumiyyətlə bu sahəyə marağı yoxdur. Psixoloqlar bildirir ki, onların əmək haqqı 300 manatdır və onların bacarıqlarından istifadə edilmir. Eyni zamanda qeyd edirlər ki, bu sahəni bilsələr belə, saatı 50-100 manata psixoloq kimi fəaliyyət göstərərlər. Burada əsas məsələ məktəb psixoloqlarını stimullaşdırmaq, əmək haqqını artırmaq, onlara güclü təlimlər keçməkdir. Əsas da məktəbdən başlamaq lazımdır”-deyə Emil Maqalov əlavə edib.
İlahin, Bizimyol.info






