“Seçkilərin nə vaxt keçiriləcəyi ilə bağlı son sözü Ali Seçki Şurası söyləyəcək”.
Bizimyol.info xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib. Onun sözlərinə görə, yaxın günlərdə başqa bir siyasi konsensus əldə olunmasa, may ayında Türkiyədə ümumi seçkilərin keçirilməsi tendensiyası müşahidə olunur.
"Seçkilərin nə vaxt keçiriləcəyi ilə bağlı son sözü Ali Seçki Şurası deyir. Prezident təkbaşına bu qərarı verə bilməz. Parlament öz sözünü deməlidir. Amma sonda seçkilərin zəlzələnin təsirinə məruz qalan 10 əyalətdə keçirilib-keçirilməyəcəyinə Ali Seçki Şurası qərar verəcək," – deyə Kalın bildirib.
Bundan əlavə, o, 2 milyondan çox insanın bölgəni tərk etdiyinə diqqət çəkib.
“Texniki problemlər var, məsələn, necə səs verəcəklər, hara gedəcəklər deyə suallar yaranır. Lakin tendensiya ondan ibarətdir ki, yaxın günlərdə başqa siyasi konsensus olmasa, seçkilər vaxtında, may ayında keçiriləcək”, - deyə Ərdoğanın sözçüsü bildirib.
Xatırladaq ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Türkiyədə ümumi (həm prezident, həm də parlament) seçkilərinin iyunun 18-nə, sonra isə mayın 14-nə təyin edildiyini bildirib. Türkiyə lideri əlavə edib ki, hökumət parlamentə ikinci tarixin qəbulunu təklif edəcək, imtina edildiyi halda isə o, prezidentin səlahiyyətlərindən istifadə edəcək - bunlar parlamenti buraxmaq və fərmandan 60 gün sonra növbədənkənar seçkilər təyin etmək üçün kifayətdir.
Onu da əlavə edək ki, altı müxalifət partiyasının koalisiyası hələlik namizədini açıqlamayıb.
Qeyd edəl ki, bundan əvvəl Türkiyə mətbuatı ölkədə ümumi seçkilərin altı aydan bir ilə təxirə salına biləcəyini, Ali Seçki Komissiyasının müvafiq təşəbbüslə çıxış edəcəyini yazıb.
Leyla Mirzə






