Türkiyəyə müxtəlif ölkələrdən yardımlar göndərilib. Xüsusilə Azərbaycandan və qardaş ölkənin başqa şəhərlərindən sıravi adamlar əşyalar yollayıb. Bunların arasında xeyli vacib şeylər yer alır. Amma bəzən yanlışlıq da baş verir. Məsələn, Bakıda yardım mərkəzində könüllü işləyənlərdən biri səhvən gödəkçəsini çantaların içinə atmışdı. Türkiyədə oxşar hadisə baş verib. Bu dəfə zinət əşyalarını zəlzələ bölgəsinə göndəriblər.
Bizimyol.info xəbər verir ki, Trabzonda yaşayan Akyasan ailəsi böyük ziyana düşüb. Ailə yardım çantası hazırlayanda səhvən evdəki zinət əşyalarını da ora qoyub. Özü də bundan dərhal xəbər tutmayıblar. Dursun Akyasan həmin günü yaxşı xatırlayır.
“Əvvəllər Sakarya zəlzələsini gördüyümə görə zərərçəkənlərə xüsusilə həssas yanaşdım. Ailədə qərara gəldik ki, həmin bölgəyə yardım göndərək. Tələsik evdə nə yeni gözə dəyirsə, topladıq. Həyat yoldaşım bir müddət əvvəl qızılları ayaqqabılardan birinin içinə yığmışdı. Həmin tələsik məqamda çaşıb ayaqqabıları da yardım paketinə qoyub. Bir də dörd gün sonra anladıq ki, evin qızıllarını zəlzələ bölgəsinə göndərmişik. Amma iş işdən keçmişdi. Tez yardım mərkəzinə qaçdıq. Orada TIR sürücüsü dedi ki, həmin gün toplanan paketləri Qaziantepin İslahiye ilçəsinə aparıb. Orada nə qədər axtardıq, bir nəticə hasil olmadı. Yerli polisə ifadə verdik”.
Ümumilikdə, 81 qram qızıldan söhbət gedir. Dursun Aksayan hər birinin seriya nömrəsi olduğunu deyir.
“Oğlumun toyuna hazırlaşırdıq. Bunları da onun üçün almışdıq. Ümidimizi itirmirik”.
Ailənin böyük oğlu Ahmet Akyasan daha pəjmürdə görünür. Çünki paketləri yardım mərkəzinə şəxsən özü təhvil verib. Ahmet diqqətli olmamasına görə özünü qınayır.
“Qardaşımın yanında da pis oldum. Onun toyuna hazırlıq görürdük. Beş ay sonra evlənməlidir. Düzdür, özü bir söz demir. Amma istənilən halda insan özünü günahkar sayır. Qızlları mənə güvənib vermişdi”.
Aytən, Bizimyol.info






