Türkiyə zəlzələsində elə hekayələrlə qarşılaşdıq ki, onlarla roman yazmaq, film çəkmək olar. Daha təsiredici süjet xətti, ssenari fikirləşmək mümkün deyil. Ata ölən qızının əllərini saatlarla buraxmır. Baba günlərlə ac qalır, nəvələri üçün aldığı peçenyeləri yemir, onların dağıntılar altından çıxmasını gözləyir.
Bizimyol.info xəbər verir ki, hamını kövrəldəcək daha bir hekayə Hatayda yaşanıb. Zəlzələdə həyatını itirən Ayşegül Çin vəsiyyatnamə yazıbmış. Gənc qadın çantasındakı hər şeyin anasına verilməsini istəyib. Görünür, öləcəyini dəqiqləşdirəndən sonra vəsiyyətini yazmaq qərarına gəlib. O, anasının pul və zinət əşyalarını Həcc, Ümrə ziyarətlərinə xərcləməsini istəyib. Təəssüf ki, Ayşegülün anası da sağ qalmayıb. Məryəm Çinin qızı kimi dağıntılar altından cansız bədəni çıxarılıb.
Ayşegül Hatayın Antakya ilçəsindəki Odabaşı məhəlləsində anası ilə yaşayırmış. Hər ikisi fevralın 6-da dağıntılar altında qalıb. Belə təxmin etmək olar ki, ayrı-ayrı otaqlarda olduğundan bir-birilərindən xəbərsiz qalıblar. Böyük ehtimalla Məryəm Çin həyatını dərhal itirib. Anası barədə heç bir məlumatı olmayan Ayşegül vəsiyyətini edib, hər şeyin anasına qalmasını istəyib. Xilasedicilər tapdıqları zinət əşyalarını və pulu onun qardaşı Hüseyn Çinə təhvil veriblər.
Qadının vəsiyyətnaməni nə vaxt yazdığı bilinmir. Kağız parçasından istifadə etdiyindən, məhz dağıntılar altında belə addım atdığı ehtimal olunur. Yəqin ki, çantasından qələm və kağız tapıb, vacib sözləri yazmaq qərarına gəlib. Məsələnin ağır tərəfi Ayşegülün bunları yazanda haradasa bütün ümidi itirməsidir. O, xilas ediləcəyinə gümanı qalmadığından, son addımı atıb.
Ayşegülün çantasından zinət əşyaları ilə yanaşı, 355 dollar çıxıb. Videoda görünür ki, xilasedici qadın Hüseyn Çindən bütün bunları əhəmiyyətli istiqamətdə xərcləməsini istəyir. Ayşegülün qardaşı hər şeyi böyük qardaşının uşaqlarına çatdıracağına söz verir. Çünki anası ilə yaşayan qız evli deyildi, həyatda övladı qalmayıb.
Aytən, Bizimyol.info






