Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəlzələdə xilas edilən şəxs: “Məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur”
Zəlzələdə xilas edilən şəxs: “Məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur”

Türkiyədə baş vermiş zəlzələdə ölənlərin sayı sürətlə artır. Amma xilas edilənlər də az deyil. İlk zəlzələdən bir həftədən çox keçir. Buna baxmayaraq, xilasedicilər hələ də fədakarlıq nümunəsi göstərirlər. Yəni az qala hər saat yeni xilas olunanlar barədə məlumat verilir.

Bizimyol.info xəbər verir ki, Hatayın Antakya rayonunda zəlzələ nəticəsində uçan binanın dağıntıları arasından 138 saat sonra 51 yaşlı qadın çıxarılıb. Əminə Doğu Təkirdağdan gəlmiş tibb heyətinin nümayəndələrinə dediyi sözlərlə çöhrələrdə təbəssüm yaradıb. Qadın “qurban olum, məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur” deyib. Təcili tibbi yardım mütəxəssisi Orxan Eroğlu buna özünəməxsus şəkildə cavab verib: “Mən sənə qurban olum. Bütün özəlləri sənə qurban edəcəyəm”.

Əminə Doğu dağıntılar arasından yaralı olaraq xilas edilib. Qadın təcili tibbi yardım maşını ilə səhra xəstəxanasına çatdırılıb. Orxan Eroğlu Əminə Doğunun çox nəcib insan olduğunu bildirib.

“Əminə xanım 28 il qayınatasına baxıb. 8 il öz atasının qayğısına qalıb. Mələk kimi isandır. Öz anasına da belə münasibət göstərib. Onu belə gördüm, bundan sonra ölümü də dərd etmərəm”.

Dağıntılar altında qalanların fədakarlığı da onların xilas edilməsinə kömək olur. Onlar günlərlə dözümlü davranır, mümkün qədər qışqıraraq yardıma adam çağırırlar. Adıyamanda yaşayan Müslüm Akbulut isə şəxsən özü ailəsini dağıntılar arasından çıxarıb. Gecə işdən evə gələn mədən işçisi bir az sonra gurultu səsinə oyanıb. Birinci mərtəbədə yaşayan küçəyə çıxmağa imkan tapmayıb. Amma Müslüm Akbulutun mədəndə öyrəndikləri işə yarayıb. O, betonu çaparaq ailəsini gün işığına çıxara bilib.

“Evdən çıxmağa çalışdıq. Amma pilləkənlərdə dağıntılar altında qaldıq. Böyük oğlum qışqırdı ki, ayağı ilişib. Onun ayağını birtəhər çıxardım. Sonra əmin oldum ki, qızlarım da salamatdır. Əlimə beton parçası düşdü, bununla dəlik aça bildim. Təcrübəm köməyimə çatdı”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »