İsrailin Aşkenazi baş ravvini David Lau cümə axşamı günü İsrail xilasetmə qruplarını Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində şabat günü də xilasetmə işlərini davam etdirməyə çağırıb. Şənbə bütün iş növlərinin açıq şəkildə qadağan edildiyi müqəddəs istirahət günü hesab olunur.
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, ravvinin sözlərinə görə, harada insanların həyatını xilas etmək və sağ qalanları tapmaq şansı varsa, xilasetmə qrupları fəaliyyətini davam etdirməlidir.
“Bu həftə Türkiyədə dəhşətli faciə baş verdi. Şiddətli zəlzələ bir çox şəhərləri vurdu və çoxlu sayda bina sakinlərin üzərinə uçdu. Xilasetmə əməliyyatları bir neçə gündür davam edir"-deyə Lau əlavə edib.
Bu gün fəlakətin episentri olan Kahramanmaraşda İsrail qüvvələri tərəfindən yaradılan səhra xəstəxanası da adi formatda fəaliyyətini davam etdirəcək.
20 mindən çox insanın həyatını itirdiyi zəlzələlərin qurbanlarına bütün tibbi yardımı göstərəcək.
İsrail Türkiyədə zəlzələdən xilasetmə işlərinə 450 nəfərlik heyətlə qatılıb.
Xatırladaq ki, fevralın 6-da 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 əyalətdə baş verib və 13 milyondan çox insan zərər çəkib.
Suriya və Livan da daxil olmaqla, bölgənin bir neçə ölkəsində güclü təkanlar hiss edilib.
İlahin, bizimyol.info






