Son illər Türkiyə ilə Yunanıstan arasında çox gərginlik yaşanıb. Zamanla bu, hətta müharibə ovqatı da yaradıb. Tərəflər bir-birini sərt ittiham edib. Amma Türkiyənin ağır günlərində Yunanıstan əsl yaxın qonşu həssaslığı nümayiş etdirir. Avropa ölkəsi yardıma ən tez çatanlardan olub. Yunanıstanın xilasedici qrupları dağıntılar altında qalmış insanları xilas edir.
Bizimyol.info xəbər verir ki, zəlzələ zonasından yayılan videolarda yunanıstanlı xilasediclərin də fədakarlığı görünür. Görüntülərin birində onların azyaşlını xilas edəndən sonra buna görə necə sevindikləri gözə dəyir.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyəyə yardımın davam edəcəyini açıqlayıb. Onun sözlərinə görə, 21 nəfərdən ibarət xilasedici qrup yaxın saatlarda qonşu ölkədəki fəlakət zonasına çatacaq. Xilasetmə əməliyyatları üçün bir təyyarə ayırılıb. Bundan başqa, Türkiyəyə tibbi heyət və mühəndislərdən ibarət qrup da göndərilir.
Yunanıstanda da sıravi insanlar müxtəlif mərkəzlərdə Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yadım toplayır. Yunanıstan işçi cəbhəsinin rəhbəri Nikolas Teodorakis ölkənin müxtəlif yerlərindən telefon zəngləri aldıqlarını, kömək etmək istəyənlərin xeyli çox olduğunu bildirib: “Əlimizdən gələn hər şeyi edəcəyik. Məsələn, həkimlər zəng vurur, necə kömək edə biləcəklərini soruşurlar. Səhər tezdən yardımları çeşidləyirik. Əminəm ki, Türkiyə də bizə belə münasibət göstərərdi. Əvvəllər yardım etdikləri az olmayıb”.
Yunanıstanın ERT dövlət kanalı səhər xəbərlərini Türkiyə ilə bağlı süjetlə başlayıb. Burada “Ben seni sevduğumi” mahnısının sədaları ilə dağıntı yerləri göstərilib. Aparıcılar Türkiyənin faciəsinə görə kədərləndiklərini dilə gətiriblər.
Yunanıstanın “Kathimerini” qəzeti isə bir ayrı həssaslıq nümayiş etdirilib. Fransanın “Charlie Hebdo” dərgisi Türkiyədəki zəlzələni lağa qoyan karikatura hazırlamışdı. “Kathimerini” qəzeti “Biz hamımız türkük!” şüarlı şəkillə buna cavab verib.
Şübhəsiz, Türkiyəyə ən böyük yardım Azərbaycandan gəlib. İndiyə qədər ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti qardaş ölkəyə yollanıb. Onların arasında tibbi heyət, texniki işçilər də var. İnsanların ərzaq, geyim yardımları yük maşınları ilə bir-birininin ardınca Türkiyəyə yola düşür. Elə bu dəqiqələrdə də ölkənin müxtəlif şəhərlərində zəlzələdən zərər görənlər üçün yardım toplanır.
Aytən, Bizimyol.info






