2022-ci il iqtisadi baxımdan bütün dünya üçün böhran ili oldu. Enerji resurslarının, ərzaq məhsullarının, yanacağın bahalaşması ilə yadda qalan 2022-ci il başa çatdı. 2023-cü il üçün hansı gözləntilərimiz var?
İqtisadçı Pünhan Musayev bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, təhlilər və hazırki gedişat onu deməyə əsas verir ki, 2023-cü il təlatümlərlə geridə qalan 2022-ci il üçün darıxmağımıza səbəb bir il olacaq.
Pünhan Musayev“Yüksək inflyasiya və siyasi gərginlik fonunda bir tərəfdən də önləyici tədbirlərin əks reaksiyası - məsələn, istehsalın azalması, işsizliyin artması, iqtisadi artımın yavaşlaması və tənəzzül kimi neqativ meyillərin intensivləşməsi, o cümlədən ərzaq və enerji kimi məhsulların qiymətinin yuxarı həddə qalma gözləntiləri yeni ilin çətin keçəcəyi ilə bağlı ehtimalları artırır. Bu ildən başladılan faiz artımları və sərt pul siyasətinin paralelində, dünya iqtisadiyyatının əsas drayverləri olan ABŞ-da son 40 ilin ən soyuq qışının keçəcəyi gözləntisi, Çinin heç cür pandemiyadan qurtula bilməməsi, Avropada davam edən münaqişə, bir neçə ölkədə seçkilərin nəzərdə tutulması və bütün bunların üzərinə dünyanın həm siyasi, həm də iqtisadi mənzərəsinin dəyişməsi ilə qloballaşmanın yavaşlaması və sarsılması, yeni şəbəkə və mexanizmlərə keçid (məsələn, regionlaşma, müttəfiqləşmə) növbəti ilin sınaqlarla dolu bir il olacağının ən qabaqrıq siqnallarıdır”-deyən iqtisadçı bildirir ki, bütün bunlara rəğmən belə pessimist olmaq lazım deyil. Çünki tarix də sübut edir ki, hər böhran və transformasiya özü ilə yeni fürsətlər də gətirir. Bizə isə bu fürsətlərdən maksimum yararlanmaq kimi böyük bir məsuliyyət düşür.
“Ölkəmiz üçün isə 2023-cü il ilk baxışdan bir növ ortamüddətli dövr, hətta 2030-cu il üçün nəzərdə tutulan hədəf və strategiyaların reallaşdırılması üçün dönüm ili təəssüratı yaradır. Buna əsas yaradan is iqtisadiyyatın müstəqillik tarixində ilk dəfə növbəti ilə 100 milyard manatlıq bir həcmlə daxil olmasıdır”,- deyə P. Musayev əlavə edib. Onun sözlərinə görə, eyni zamanda geosiyasi gərginlik fonunda enerji resursları qiymətlərinin yüksək səviyyədə proqnozlaşdırılması, işğaldan azad olunan ərazilərdə bərpa işlərinin davam etdirilməsi kimi nüanslar yenə də milli iqtisadiyyatın perspektivi baxımından müəyyən mənada pozitiv vəd edir.
“İstənilən halda, region və dünyanın bir çox ölkələri ilə müqayisədə gələn ilin ölkəmiz üçün həm daxili, həm də xarici mühit baxımından uğursuz bir il olacağını ehtimal etmirəm”-deyə iqtisadçı bildirib.
İradə Cəlil






