Daxil olan məlumatda qeyd olunur ki, Digah qəsəbəsi, Bakıxanov küçəsinin işləksiz yolları yerli sakinlərin şikayətlərinə baxmayaraq, uzun müddətdir ki, öz həllini tapmır. Bu yollara əncam çəkməli olan Digah bələdiyyəsi isə problemin həllində passiv fəaliyyət göstərir. Bu küçədə işıq dirəkləri köhnəlib və yeni elektrik xətlərinin çəkilməsinə, eyni zamanda kanalizasiya sisteminin əsaslı təmirinə ehtiyac yaransa da, Digah bələdiyyəsi necə deyərlər, sözü bir qulağından alıb, digərindən buraxır. Bu barədə elə yerli sakinlərdən biri bildirib. Onun qeyd etdiyinə görə, yollar payız, qış fəsli gələn kimi yağışın, qarın yaratdığı palçıqdan yararsız hala düşür: “Bu yoldan məktəblilər, yaşlı insanlar, həmçinin azyaşlı uşağı olan qadınlar da istifadə etməli olur. Demək olar ki, heç avtomobillə bu yoldan keçmək mümkün deyil, o da qaldı piyadalar istifadə etsin. Nə kanalizasiya xətti var, nə işıq dirəkləri, nə elektrik xətləri yenilənib, nə də dəfələrlə müraciət olunmasına baxmayaraq, problemimizə bir əncam çəkilib” – deyə yerli sakin qeyd edib.

Məlumat üçün bildirək ki, yaşadığı evin qanuni sənədi olan sakinlər illik vergilərini vaxtında ödəyirlər və onlar ödədikləri bu verginin qarşılığında qəsəbədə rahat yaşayışla təmin olunmaq istəyirlər. İllik yığılan vergilərə, eyni zamanda dövlət büdcəsindən Digah bələdiyyəsinə ayrılan illik subsidiyalara baxmayaraq, bu qəsəbə hələ də normal yaşayış üçün əlverişsiz ərazi olaraq qalır. Ortaya isə belə bir sual çıxır: yerli sakinlərin ödədikləri vergilər və dövlətin ayırdığı subsidiya hara "buxarlanır"?...
Daxil olmuş məlumatla əlaqədar Digah bələdiyyəsinin sədri Vüqar Ələkbərovla telefon əlaqəsi saxlamağa çalışsaq da, zəngimizə cavab verilmədi.
Qeyd edək ki, paytaxt Bakıda qəsəbədaxili yolların əsaslı təmiri üçün hər il dövlət büdcəsindən AAYDA-ya milyonlarla vəsait ayrılır və Nazirlər Kabinetinin yolların təmiri ilə bağlı proqramı əsasında öncədən müəyyənləşdirilmiş yollarda təmir işləri aparılır. İşin maraqlı tərəfi isə ondadır ki, proqram əsasında təmir olunan və vəsait xərclənən yollar, məhz elə təmirli yollardır. Dövlət büdcəsindən ayrılan vəsait problemi olmayan həmin yolların “təmiri”nə xərclənir, palçığın, kanalizasiyanın içində itib-batan bərbad yollar isə necə deyərlər, yerində sayır.

P.S. Qeyd edək ki, bu mövzuda bütün ölkədə vəziyyət dəhşətlidir. Müvafiq qurumlar elə bir "mənimsəmə sistemi" qurublar ki, yaxın vaxtlarda bu faciədən yaxa qurtaracağımıza ümid yoxdur. Bir müddət əvvəl Biləcəri qəsəbəsindən də bərbad yollarla bağlı material hazırlamışdıq.
Biləcəridə qəsəbədaxili yolAAYDA-dan bildirmişdilər ki, o qəsəbədə müəyyən yollar təmir üçün plana salınıb, yəni yollar hissə-hissə təmir edilir. Amma maraqlıdır ki, qurumun plana saldığı yollarda adətən, ciddi təmirə ehtiyac olmur. Nədənsə qurumun rəhbəri Saleh Məmmədov təmirə kritik ehtiyacı olan yolları deyil, təmirə demək olar ki, ehtiyacı olmayan yolları seçir. Yəqin ki, o yolların "təmir"inə daha rahat pul dağıtmaq olur. Bu azmış kimi, sakinlər özləri yol çəkdirəndə qurumun işçiləri gəlib o işləri də "qeydə alırlar". Təbii ki, bu manevr dövlət büdcəsinə havayı başa gəlmir. Bir azdan Saleh Məmmədov camaatın öz həyətində gördüyü işləri də öz adına çıxacaq.
Mətin Şükürlü, Bizimyol.info






