Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayram ərəfəsində toyuq əti alarkən diqqətli olun!
Bayram ərəfəsində toyuq əti alarkən diqqətli olun!

Qarşıdan Yeni il Bayramı gəlir. Əksər ailələrdə bayramlarda süfrələri toyuq və ondan hazırlanmış yeməklər bəzəyir. Amma bayramqabağı işbazlar onun da qiymətini qaldırır, toyuğun da bəzi ailələr üçün əlçatanlığını azaldırlar. Bu bir kənara bazarlarda, mağazalarda satılan toyuq və toyuq məhsullarının keyfiyyəti də ürəkaçan deyil. Məsələn toyuğu bişirmək üçün suya salanda yaranan qoxu onun keyfiyyətsizliyini sübut edir.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan istehlakçıları bilməlidir ki, ən ucqar dağ kəndində, ən ekoloji təmiz deyilən yerdə belə toyuqları dərmansız böyüdüb, yetişdirib yeməli hala gətirmək olmur.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Cücə vaxtından yeməli vaxta çatana qədər mütləq dərmanlar verilir. Bunlar olmasa toyuq yetişdirmək olmur. Yəni, toyuq xəstəlikləri, Azərbaycan və SSRİ baytarlarının illər boyu apardıqları "işin" nəticəsində kənd şəraitində azad olan toyuqları belə yaxalayır. Əhali bəzən kənd toyuqlarına üstünlük verir. Kənd toyuqları azad böyüyən toyuqlardır. Yəni, hər qida ilə qidalanırlar. Baytar nəzarətində yalnız vaxtaşırı olurlar. Kəndlilər artıq onu bilir. Lakin, broyler fabrikin toyuqları isə daim nəzarət altındadır. Hətta, orada işləyən işçilərin bir qrupuna fabrikdən qırağa çıxmağa da icazə verilmir. Orada çox ciddi məhdudiyyətlər var. Baytar nəzarəti altında olmaqla bərabər, əlbəttə onların yemləndirilməsində də “Azad İstehlakçılar” Birliyi nöqteyi nəzərincə arzu olunmayan yemlərdən istifadə olunur”-deyə ekspert bildirib. Onun sözlərinə görə, 2022-ci ildə qəbul olunmuş “Qida təhlükəsizliyi haqqında” qanunda toyuqlara genetik modifikasiya olunmuş yemlərin verilməsinə icazə verilib. Təşkilat qanundan bu bəndin çıxarılması üçün çalışsa da istəyinə nail ola bilməyib.

“Biz təklif etdik ki, əgər belədirsə, o zaman həmin malların etiketinə yazılsın ki, bu toyuqlar və yaxud mallar genetik modifikasiya olunmuş yemlərlə yemləndirilib. Mən bu barədə Qida Təhlükəsizliyi Şurasının iclasında danışanda iş adamlarından biri dedi ki: “ O zaman o malları kim alar?”

Biz bir daha görürük ki, biznesmenlərin fikri malı istehlakçıya sırımaqdır. İstehlakçının sağlamlığı məsələsi arxa plandadır. Belə bir şəraitdə quşların yemləndirilməsi, saxlanması məsələsində əsas strateji məqsəd odur ki, quşların çəkisi lazım həddə gəlsin və quşlar ölməsin. Nə yolla olursa-olsun, ölməsin. Həmin o “yolu” müəyyən edən baytarlıq dərmanlarının qalıqları əksər hallarda quşların bədənində qalır.

İstehlakçılar onu quş əti ilə yeməyə məcbur olurlar". Ekspertin sözlərinə görə, insanlar məcburiyyətdən toyuq yeməyə məhkumdur.

“Uşaqlar, yetkinlik yaşına çatmış gənclər toyuqla qidalanmasa daha yaxşı olar”-deyə E. Hüseynov tövsiyyə edib.

Ekspert qeyd edir ki, heyvan xəstəlikləri tarixən heyvanlardan insanlara keçib. Belə bir şəraitdə quşçuluq məhsulları, broyler məhsulları arzuolunan hesab edilmir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Yoxlamalar aparılır, müayinələr nəticəsində istehlak üçün yarasız olan məhsullar götürülür və zərərsizləşdirilir. Amma hələ də qeyd etdiyimiz problemlər qalmaqdadır və insan sağlamlığı təhddid altındadır!

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »