Biz də bələdiyyənin ötürdüyü “top”un arxasınca düşüb, AAYDA-nın Mətbuat Xidməti ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, Binəqədi rayonunda bir sıra qəsəbədaxili yolların bərpası artıq yekunlaşmaq üzrədir: “Bələdiyyənin müraciət etməyi ilə iş bitmir. Çünki o yollar bizim agentliyin (AAYDA) balansında deyil. Ən azından, bu yolların investisiya proqramına salınıb növbəli şəkildə tərəfimizdən təmiri həyata keçirilir. Amma o müddətə qədər, hansı ki, həmin yollar investisiya proqramına salınır, yerli strukturlar orda gediş-gəlişin rahatlaşdırılması üçün müəyyən işlər görə bilərlər. Agentliyin öz balansında olan heç bir küçə və yollarda bu cür hallar yoxdur. Qeyd olunan qəsəbədaxili yolların təmiri üçün dövlət proqramı hazırlananadək müvəqqəti də olsa, hər hansısa bir iş görülür. Yol hamarlanır, yaxud da qum, çınqıl döşənir və sair. İndi həmin yollar bizim balansımızda olmadığına görə, biz təmir işlərini apara bilmirik. Həm agentliyin öz balansında olan yollar, həm də bələdiyyə və icra hakimiyyətinin müraciəti əsasında onların balansında olan avtomobil və qəsəbədaxili yolların təmiri ilə bağlı investisiya proqramı hazırlanır. O yollar həmin proqrama salınarkən, məsələn, Biləcəri qəsəbəsinin bütün yolları deyil, müəyyən olunmuş yolları – iki, yaxud üç, dörd küçə hər il ayrılmış büdcəyə uyğun olaraq proqrama salınır. Çünki Bakı şəhərində altımış qəsəbə var və həmin qəsəbələrdə iki min kilometrdən çox bu cür küçə və yol var ki, təmirə ehtiyacı var. Həmin bölgələr də hər il invesitisiya proqramına uyğun olaraq təmir edilir. O cümlədən, bu il Biləcəri qəsəbəsində investisiya proqramına uyğun 4,4 km uzunluğunda yol - “1 May” küçəsinin “Yeni yaşayış” məhəlləsi, Xırdalan-Binəqədi şosesinin 5-ci döngəsi, Məmməd Səid Ordubadi küçəsinin 2-ci döngəsi, Binəqədi yolunun 4-cü döngəsi, Xudadat bəy Məlikaslanov küçəsinin 5-ci və 7-ci döngəsi, Xırdalan-Binəqədi yolunun 13-cü döngəsinin davamı, həmçinin də Etibar Nəcəfov küçəsi builki investisiya proqramına salınıb və bu ilin sonuna kimi təmiri yekunlaşdırılacaq. Növbəti investisiya proqramında da digər yolların təmiri işi aparılacaq”.

Anar Nəcəfli həmçinin bələdiyyə sədrinin Qarabağa göndərildiyini iddia etdiyi yol-tikinti texnikaları məsələsinə də toxunub: “Bizim agentliyin saytında görülən bütün işlər barədə məlumatlar yer alır. Bəli, Qarabağda da işlərimiz gedir. Respublika üzrə digər rayonlarda da işlər aparılır, o cümlədən Bakı şəhərində. Yəni burada texnika çatışmazlığı, ya da işğaldan azad olunan ərazilərə həmin texnikaların cəlb olunması kimi bir şey yoxdur. Bakının Yol İstismarı İdarəsinin texnikası Qarabağa niyə cəlb olunmalıdır ki? Qeyd etdiyiniz qəsəbədəki həmin problemli yollar bizim agentliyin balansında olsaydı, onu həll etmək olardı. Ancaq balansda olmadığı üçün biz orada xidmət göstərmirik. Ancaq yerli strukturlar bu yolların investisiya proqramına salınacağı zamanadək müəyyən işlər görə bilərlər. Bələdiyyələr müraciət edəndə, əllərində bir şeyi bayraq edirlər ki, AAYDA-ya sorğu göndərmişik. Bəli, sorğu göndərirsiniz, bununla razılaşdıq, amma bələdiyyə orada müvəqqəti də olsa, bir iş apara bilər axı” – AAYDA-nın Mətbuat katibi bildirib.
Qeyd edək ki, Biləcəri qəsəbəsinin bələdiyyə sədri Ehtibar Cabbarov adıçəkilən qəsəbədə istismara yararsız məhəllə yollarının təmir problemi ilə bağlı bildirmişdi ki, yol-tikinti texnikaları işğaldan azad olunmuş bölgələrdə istismara cəlb edildiyindən, qəsəbə sakinləri bir qədər də dözüm göstərməlidirlər.
Qeyd edək ki, AAYDA-nın yolları təmir edərkən əsas götürdüyü meyarlar da xeyli suallar doğurur. Məsələn, Biləcəridə təmirə kritik ehtiyacı olan yollar yox, vəziyyəti babat olan yollar proqrama daxil edilir. Belə ehtimallar səsələnir ki, təmirə ciddi ehtiyacı olan yollara real olaraq pul xərcləmək lazım gəlir, vəziyyəti yaxşı olan yollarda təmir isə "ələkeçirmə" imkanları verir. Yəni yolda kosmetik işlər görüb köklü təmir kimi rəsmiləşdirmək olur. Amma məsələn, Məlikaslanov küçəsi 1-ci döngədə bunu etmək çətindir, çünki yol həqiqətən köklü şəkildə təmir edilməlidir. Bu yolun təmirində korrupsiya imkanları proqrama salınmış yollarla müqayisədə daha azdır. Fotolardan da bunu görmək olar və AAYDA tarix boyu bu yollarda heç hamarlama işləri də görməyib:
Biləcəridə qəsəbədaxili yol
Biləcəridə qəsəbədaxili yolMətin Şükürlü, Bizimyol.info






