Türkiyənin bu ayın əvvəlində Liviya ilə imzaladığı enerji müqaviləsi Yunanıstanda panikaya səbəb olub.
Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, Türkiyə ilə Liviya arasında imzalanan karbohidrogenlər sahəsində anlaşma memorandumu Misirlə yanaşı, Yunanıstanda da böyük reaksiyaya səbəb olub. Belə ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias razılaşmanın “qanunsuz” olduğunu və buna qarşı istənilən hüquqi addımı atacaqlarını bildirib.
Bundan əlavə, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis razılaşmanı sərt şəkildə tənqid edib və “Türkiyənin sağlam düşüncəyə qayıtması” çağırışı edib.
Onu da əlavə edək ki, Yunanıstan rəsmiləri razılaşmanın qarşısını almaq üçün Avropa ilə diplomatik təmasları sürətləndirib. Məlumat üçün bildirək ki, Ankara-Afina xəttində gərginliyin yüksək olduğu bir vaxtda imzalanan saziş Avropada da reaksiyalara səbəb olub, Avropa Komissiyasının Xarici Əlaqələr sözçüsü Peter Spano Türkiyə ilə Liviya arasındakı razılaşmanın qanuniliyinin qəbul edilmədiyini bildirib. Bu arada Misirin xarici işlər naziri Semih Şükri ölkəsinin Liviya siyasətlərinə görə Türkiyə ilə təmaslarını dayandırdığını açıqlamışdı.
Bu proseslərdən sonra Yunanıstanın Kathimerini qəzeti Yunanıstanın ABŞ dövlət katibi Antoni Blinken vasitəsilə Liviya hökumətinə mesaj göndərdiyini yazıb.
Xəbərdə ötən həftə Blinkenlə telefonla danışan Yunanıstanın baş naziri Miçotakisin Türkiyənin bu addımlarından narahatlığını çatdırdığı və ABŞ-dan Tripoli hökumətinə Afina ilə masaya gəlmək üçün təzyiq göstərməsini istədiyi bildirilib. Həmçinin qeyd edilib ki, Mitsotakis Blinkendən Türkiyə ilə imzaladığı müqavilənin qanunsuz olduğuna Liviyanı inandırmasını istəyib.
Xəbərdə 2010-cu ildə Liviya ilə Yunanıstan arasında dəniz sərhədləri və eksklüziv iqtisadi zonalarla bağlı danışıqları davam etdirmək istəyən Yunanıstanın Türkiyə ilə razılaşmanı bu yolla neytrallaşdırmaq istədiyi şərhi də yer alıb.
Xatırladaq ki, Yunanıstan və Misir 2020-ci ildə Türkiyə ilə Liviya arasında əməkdaşlığa qarşı “dəniz yurisdiksiya ərazilərinin delimitasiyası” sazişi imzalayıb.
Qeyd edək ki, dünyada enerji qiymətlərinin sürətlə artması səbəbindən Liviyada karbohidrogen ehtiyatları getdikcə daha çox əhəmiyyət kəsb edir.
Leyla Mirzə, Bizimyol.info






