Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Cümhuriyyət, Atatürkün Türk xalqına verdiyi ən böyük mirasdır"
"Cümhuriyyət, Atatürkün Türk xalqına verdiyi ən böyük mirasdır"

Bu gün Türkiyədə Cumhuriyyət bayramıdır.

Qeyd edək ki, Osmanlı İmperiyası 1876-cı ilə qədər mütləq monarxiya, 1876-1878 və 1908-1918-ci illərdə isə konstitusion monarxiya ilə idarə olunurdu. Birinci Dünya Müharibəsində məğlubiyyətdən sonra işğala məruz qalan Anadoluda işğalçılara qarşı Mustafa Kamal Paşanın rəhbərlik etdiyi Milli Mübarizə 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə nəticələndi. Bu dövrdə yəni, 23 aprel 1920-ci ildə Ankarada “Böyük Millət Məclisi” adı altında toplanan xalq nümayəndələri 20 yanvar 1921-ci ildə “Təşkilat-ı Esasiye Kanunu” adlı qanunu qəbul edərək, suverenliyin Türk millətinə məxsus olduğunu bəyan etdilər. 1922-ci il noyabrın 1-də isə, qəbul etdiyi qərarla hökmranlıq ləğv edildi. Ölkə parlament hökuməti ilə idarə olunurdu. 1923-cü ildə oktyabrın 27-də Mustafa Kamal Paşa İsmət İnönü ilə birlikdə hökuməti cümhuriyyət etmək üçün qanun dəyişikliyi layihəsi hazırladı. Qanun layihəsi 1923-cü ildə oktyabrın 29-da Parlamentə təqdim edildi. Teşkilat-ı Esasiye Qanununda edilən dəyişikliklərin qəbulu ilə Türkiyə Böyük Millət Məclisi tərəfindən Respublika elan edildi.

"Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürk 19 May 1919-cu ildə Samsuna keçdikdən sonra, başlatdığı İstiqlaliyyət savaşının zəfərlə bitməsi, yəni 29 oktyabr 1923-cü ildə azadlığını elan etdiyi Cümhuriyyət, Türk xalqına verdiyi ən böyük mirasdır”.

Bu barədə Bizimyol.info xəbər portalına İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin sədri Səfər Qaraqoyunlu danışıb. O, Türk xalqının Cümhuriyyət bayramını təbrik edərək, deyib ki, bu dəyər Türk xalqını bir dövlətin qürurlu şəkildə, azad düşünə bilən, bərabər hüquqları olan vətəndaşı, dövlətin tək və gerçək sahibi halına gətirib. Onun sözlərinə görə, dövlət idarəsini, şəxslərə, ailələrə, bəlli bir təbəqəyə buraxmayan Respublika sistemi, 1923-dən bəri Türkiyəyə böyük töhfələr vermiş, Türk xalqını millət olduğuna inandırmış, şəxsi də vətəndaş səviyyəsinə qaldırmışdır.

“Tariximizin ən böyük və hərtərəfli modernləşmə addımı olan Cümhuriyyət, gətirdiyi yeniliklər və addımlar ilə Türk insanının düşüncəsini genişləndirərək, iqtisadi, sosial və siyasi həyatda görülməmiş bir dinamizm qazandırmışdır. Cümhuriyyət, demokratik bir ölkənin dəyişməz simvoludur. Bu simvolu dəyişməyə heç kəsin gücü yetməz. Dövlətimiz və ölkəmiz, Cümhuriyyətin bizə verdiyi güc sayəsində əbədi yaşayacaqdır. Bu duyğu və düşüncələrlə bütün xalqımızın Cümhuriyyət Bayramını dərin duyğularımla təbrik edər, birlik və həmrəyliyimizin əbədi olmasını diləyir, ehtiramlarımızı bildiririk" - deyə Səfər Qaraqoyunlu əlavə edib.

Başkomandan Atatürk, Cümhuriyyət haqqında deyirdi: “Biz birbaşa vətənpərvər və Türk millətçiləriyik. Cümhuriyyətimizin təməli Türk birliyidir”. O, hesab edirdi ki, indiki iqtidar, dövlət təşkilatı birbaşa millətin özünün yaratdığı dövlət və hökumət təşkilatıdır, adı Cümhuriyyətdir. Keçmişdə insanlarla hakimiyyət arasında heç bir fərq qalmayıb. Hökumət millətdir, millət isə hökumətdir.

“Ey yüksələn yeni nəsil! Gələcək sənindir. Cümhuriyyəti biz qurduq, onu davam etdirəcək də sizsiniz. Cümhuriyyət yüksək mənəvi dəyərlərə və keyfiyyətlərə söykənən bir idarədir. Cümhuriyyət fəzilətdir” - deyə Atatürk 1925-ci ildə müxtəlif çıxışları zamanı qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »