Türkiyə ilə Yunanıstan arasında son aylarda gərginlik davam edir. Bu arada Yunanıstan mediasından diqqətçəkən bir analiz gəlib. Yunanıstanın ən çox oxunan qəzetlərindən olan “Kathimerini”nin ingiliscə nəşri kimi tanınan “eKathimerini”nin baş redaktoru Aleksis Papaçelasın imzası ilə dərc edilən təhlildə Ankaranın hədəfləri diqqətlə araşdırılıb. Ən azı müəllif bu hədəfləri aşkarladığını düşünnür.
Bizimyol.info xəbər verir ki, Papaçelas “Heç kim Ankaranın nə istədiyini dəqiq bilmir, amma biz onun nəyə nail olmağa çalışdığına dair iddialar irəli sürə bilərik. Bunlardan birincisi Yunanıstanın tətiyi ilk olaraq çəkməsinə nail olmaq ola bilər”,- deyə məqalədə bildirib.
Yunanıstan jurnalisti Türkiyənin Afinanı təxribata çəkdiyini iddia etsə də, seçki vaxtı yaxınlaşdıqca “tətiyi ilk çəkən bu oyunu uduzacaq” deyib.
Türkiyənin əldə etməyə çalışdığı ikinci hədəfin Yunanıstanla hər şeyi heç bir məhdudiyyət olmadan müzakirə etmək olduğunu iddia edən Papaçelas adalar məsələsinin gündəmə gələcəyini ehtimal edib. Ankaranın son vaxtlar İstanbul yaxınlığındakı adaların Yunanıstan tərəfindən silahlanmasına diqqət çəkdiyini xatırladaraq “heç bir Yunanıstan lideri belə bir müzakirəyə girməz” şərhini verib.
Müəllif Ankaranın üçüncü planının Yunanıstanı günahkar çıxarmaq olduğunu düşünür. O, Türkiyənin danışıqlar təklifini rədd etməsi halında bunun Yunanıstanı günahkar çıxaracağını da bildirib: “Türklər görüş təklif edəcək və bunu görüşmək üçün yaxşı niyyət olaraq ictimaiyyətə izah edəcəklər. Ancaq Yunanıstan görüşməyəndə “niyə danışmırıq?”, “niyə hər şeyi masaya qoymuruq?”,- deyə soruşacaqlar.
Ankaranın “planlarını” izah edən yunanıstanlı jurnalist qeyd edib ki, Afina administrasiyası rabitə kanallarını açıb beynəlxalq ictimaiyyəti məlumatlandırmaqla Türkiyəyə qarşı addım ata bilər. Papaçelas bildirib ki, bu rabitə müharibəsi davam edərkən müdafiə sistemləri də gücləndirilməlidir. Yunanıstan mətbuatında yer alan yazıda, lazım gələrsə, Türkiyə ilə danışıqların da variantlar arasında olduğu vurğulanıb.
Bundan əlavə, yazıda Yunanıstan siyasətində qeyri-müəyyənlik olduğu bildirilərkən, Türkiyə ilə bağlı baş nazir Kiriakos Mitsotakis ilə müxalifət lideri və keçmiş baş nazir Çipras arasında kəskin fikir ayrılığının olduğu diqqətə çatdırılıb. Yunan jurnalist bildirib ki, iki şəxs bağlı qapılar arxasında razılığa gələrək Yunanıstanın xeyrinə ortaq qərara gəlməlidir.
Qeyd edək ki, Yunanıstan Qərbin himayəsi ilə Türkiyə qarşı qıcıqlandırıcı addımlar atır və Türkiyəni atəş açmağa təhrik edir. Amma Ankaranın təmkinli diplomatoyası Qərbi çətinə salır. Türkiyə təxribatlara getmək əvəzinə təmkinlə öz müdafiə sənayesini gücləndirir.
Bir neçə gün əvvəl sınaqdan çıxarılan “Tayfun” ballistik raketləri də buna misaldır. Bu raket sınaq zamanı 561 km məsafədə yerləşən hədəfi dəqiqliklə vurub. Maraqlıdır ki, İstanbul və Afina arasındakı birbaşa hava məsafəsi də 561 km-dir.
Leyla Mirzə, Bizimyol.info






