Ötən həftə Ukraynanın paytaxtı Kiyevə səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendias bu səfərlə bağlı yazdığı məqalədə yenə Türkiyəni hədəfə alıb.
Bizimyol.info xəbər verir ki, uraynalı həmkarı Dimitro Kuleba ilə Kiyevdə bunkerdə mətbuat konfransı keçirən Dendias son vaxtlar Ankara-Afina xəttində artan gərginliyə toxunaraq Türkiyənin Yunanıstanı müharibə ilə hədələdiyini iddia edib.
Nikos Dendias qələmə sarılaraq səfərlə bağlı “Kathimerini” qəzetinə məqalə də yazıb. Məqalədə Kiyevdə sirenlər səsləndikdən sonra sığınacağa enmək məcburiyyətində qaldıqlarını qeyd edən Dendias səfərinin Türkiyəyə bir mesaj olduğuna eyham vurub və "Kiyev Yunanıstanın üzləşdiyi təhlükəni beynəlxalq ictimaiyyətə izah etmək üçün çox uyğun bir yer idi",- deyə bildirib.
O, Yunanıstanın da Ukrayna kimi şərqdəki qonşusunun təcavüzü ilə üzləşdiyini iddia edib və Yunanıstanı Ukraynaya, Türkiyəni isə Rusiyaya bənzədib.
Bundan əlavə, Türkiyə və Rusiyanın sərhədlərə hörmət etmədiyini yazan yunan nazir Türkiyənin Rusiyanı təqlid etdiyini və Rusiya taktikasını mənimsəyərək Yunanıstana “yeni Ukrayna olmaq istəmirsinizsə, diqqətli olun” mesajını verdiyini iddia edib.
ABŞ, Aİ və digər tərəfdaşlarla müttəfiqliklərini genişləndirdiklərini qeyd edən Dendias bir çox ölkələrin də onları dəstəklədiyini bildirib.
Qeyd edək ki, hazırda Qərb Türkiyəni müharibəyə çəkmək üçün Yunanıstandan alət kimi istifadə edir. Amma Türkiyə hələlik bu oyunlara qoşulmur. Bununla belə, Türkiyə öz qırmızı xətlərini də elan edib və xətlər aşılarsa, Yunanıstana hərbi müdaxilə qaçılmaz olacaq.
Bir neçə gün əvvəl Türkiyə yeni istehsal etdiyi “Tayfun” ballistik raketini sınaqdan keçirib və 561 km uzaqlıqda yerləşən hədəfi dəqiqliklə vurub, baxmayaraq ki, raket 1000 km-ə qədər vura bilər. İstanbul və Afina arasındakı birbaşa hava (və ya raket) məsafəsi də 561 km-dir. Yunanıstan bu sınağı və məsafəni Afinanın ünvanına ultimatum kimi qvrayıb.
Leyla Mirzə, Bizimyol.info






