Akbank və Turkcell-in Baş Sponsorluğu və Türk Hava Yollarının Qızıl Sponsorluğunda keçirilən "Global Marketing Summit 2022" tədbirinin ilk günündə "CEO-ların Gələcək Gündəliyi / 5G ilə bizi necə bir gələcək gözləyir?" adlı sessiya keçirilib. Bu sessiyada Anadolu Efes, Aksa Akrilik, Nobel İlaç şirkətlərində idarə heyətinin üzvü Lale Saral Develioğlu və Turkcell-in baş direktoru Murat Erkan mövzu haqqında müzakirə aparıb.
Bizimyol.info informasiya portalı sammitin Rəsmi Media Sponsoru olaraq xəbər verir ki, Qlobal Marketinq Zirvəsi, 4 gün ərzində dünyanın ən əhəmiyyətli marketinq ustadlarını və iş dünyasının ən nüfuzlu liderlərini və ilham mənbəyi olan məşhurları bir yerə gətirərək “Ulduz Yağmuru” yaşatmaqdadır. Tədbirin ilk günündə keçirilən sessiyada iki böyük şirkətin rəhbəri 5G mövzusu üzrə qarşılıqlı müzakirə edib. "CEO-ların Gələcək Gündəliyi / 5G ilə bizi necə bir gələcək gözləyir?" adlı panel müzakirəsini sizə təqdim edirik:
Anadolu Efes, Aksa Akrilik, Nobel İlaç şirkətlərində idarə heyətinin üzvü Lale Saral Develioğlu panelin moderatoru vəzifəsini öz üzərinə götürərək, ölkə və dünya gündəmini məşğul edən pandemiya sonrası qeyri-müəyyənlik dönəmindən Turkcell-in necə uğurla çıxdığını və digər şirkətlərə tövsiyyələrinin nələr olacağı sualı ilə açılış edib.
Turkcell-in baş direktoru Murat Erkan, pandemiya dövrü və post-pandemiya dönəmində iqtisadi böhran, eləcə də müharibə mühitində fəaliyyət göstərməyin olduqca çətin olduğunu qeyd edib:
"Sadaladığım hadisələr qlobal problemlərdir və ölkəmiz Türkiyə də bunlardan yan keçə bilməz. Bütün bunları nəzərə alıb, Turkcell olaraq bütün bu mövzular üzrə müzakirələr aparıb ona görə planlamalar etməli olduq.
Məsələn, Turkcell-in Ukraynada da fəaliyyət göstərdiyi xidmət var. Rusiya tərəfindən Ukraynaya qarşı müharibə başladıldı. Bu müharibə fonunda Amerika tərəfindən sanksiya paketləri hazırlandı. Təbii ki, Turkcell də Amerikanın sanksiyalarını bir-bir incələyir və qoyulan məhdudiyyətlərə əməl etmək istiqamətində böyük əmək sərf edir. Sanksiyaların ardınca, energetika sahəsində böhran və bu sahə üzrə əməkdaşlıqlarda yaranan problemlər özünü göstərməyə başladı. Yenə də vurğulamaq istədiyim bir nüans var. Post-pandemiya dönəmində ortaya çıxan yeganə nəticə var ki, texnologiyadan istifadə edərək birçox problemin həllinə nail olmaq mümkündür. Türkiyə bu mövzu üzrə yüksək təcrübəyə malikdir, keçmişdə bu cür böhranlardan çıxmağı bacarmış və qarşısına çıxa biləcək problemlərə qarşı digər ölkələrlə müqayisədə daha çox həll yolu irəli sürə bilir.
Texnologiya dedikdə, süni intellekt və əşyaların interneti kimi terminlər də həyatımıza inteqrasiya olmaqdadır. Bu texnoloji inkişafla bərabər, kibertəhlükəsizliyin də əhəmiyyəti artmaqdadır. İşinizi nə qədər rəqəmsallaşma və texnoloji inkişafla hərəkətləndirsəniz də, rəqəmsal arenadakı datalarınızı qorumağınız çox vacibdir. Təbii ki, bu qoruma fiziki bir qurumla müqayisədə, rəqəmsal fəaliyyət göstərən qurumlarda daha çətindir. Bulud sistemləri, data mərkəzləri kimi sistemlərin də əhəmiyyətini vurğulamaq lazımdır. Əvvəllər bu sistemləri sadəcə böyük şirkətlər istifadə edirdi, indi ən kiçik biznes subyektləri də bu sistemlərin dəyərini anlayır və öz işində tətbiq edir. Energetika, səhiyyə, logistika, pərakəndə və s. sahələrin hər birində texnologiyadan istifadəyə mütləq ehtiyac duyulur. Hazırda avtomobil sektoru hazırda böyük transformasiya yaşayır. Bunun da səbəbkarı texnologiyadır. Mən də texnologiyanı birçox baxımdan rəqabətdə üstünlük yaradan, əlinizin altında olması mütləq bir vasitə kimi görürəm. İstifadə etdiyiniz təqdirdə, qarşınıza çıxan problemlərə həll tapmağınız olduqca asanlaşır".
Lale Saral Develioğlu texnologiyanın insana təsirlərinin olduğuna dair müxtəlif nümunələrdən danışıb və sürücüsüz avtomobillər, artırılmış reallıq, virtual reallıq, robotlar, metaverse mövzusunda Turkcell-in fəaliyyəti ilə bağlı həmsöhbətinə sual ünvanlayıb: "Gəncliyimizə qayıdacağam. Star Wars filmləriylə böyüdük. O filmlərdə gördüklərimizdən sonra robotlar bizə daha nələr edəcək deyə maraqla gözləyirik. Elektrikli avtomobil, sürücüsüz avtomobil, artırılmış reallıq və virtual reallıq kimi mövzulara uzaq deyilik, amma yenə də həvəsliyik.
10 ildən çox müddətdir ki, Turkcell-də artırılmış reallıq və virtual reallıq vasitələri ilə istehlakçı təcrübəsinin rəqəmsallaşmasından və daha da dərinləşməsindən bəhs edirik. Pandemiya və post-pandemiya dövrlərində konsertlər olsun və ya olmasın müzakirəsini aparırıq. Xatırladığım qədəri ilə pandemiyanın əvvəlində, yaz aylarında Turkcell məşhur rock ifaçısının onlayn konsertini təşkil etmişdi və konsert 28 milyon kimi ciddi bir izləyici rəqəmini əldə etmişdi. Bu texnologiyaların hərşeyi rəqəmsala daşıması sayıla bilər. Turkcell-in bu sahədəki rolu bizim üçün maraqlıdır".
Murat Erkan, süni intellektin və onun istifadə olunduğu platformaların artmaqda davam etdiyini qeyd edib. Şirkət rəhbəri, blockchain texnologiyası mövzusunu şərh edərkən, bu texnologiyanın çoxları tərəfindən sadəcə kriptovalyuta olaraq görüldüyünü bildirib.
"Ötən günlərdə əşyaların interneti mövzusunda iclas keçirdik və bu texnologiyada yüksək səviyyədə inkişaf olduğunu gördük. Siz bu texnologiyanı peyk sistemlərinə inteqrasiya etdirərək, əkin sahəsində işləyən bir şirkətin texnikalarını GPS sistemləri vasitəsilə izləyə biləcəksiniz və hər texnikanın kiçik peyk qəbuledicilərinin vasitəsilə dataların ötürülməsi də mümkün olacaq. Bunun kimi birçox nümunə var. Hər sektorun bu texnologiya üzrə ayrı bir nümunəsi və təcrübəsi olacaq.
Biz Turkcell olaraq e-mobillik işində süni intellektdən istifadə edərək, istehlakçının yorğun, yuxulu və ya diqqətinin dağınıq olub-olmadığını müəyyənləşdirərək ona uyğun hərəkətə keçmə imkanına sahib oluruq. Bunu ən son 5G nümunələrində göstərmə fürsəti əldə etdik. 5G ilə bağlı fərdlər qısa müddətdə öz həyatlarında ciddi dəyişikliklər gözləməyə bilərlər. Çünkü bu texnologiyanın əsas transformasiyası sənayə 4.0, sənayə 5.0, səhiyyə, energetika, pərakəndə və digər sektorunda möhtəşəm işlər görəcək" - deyən Turkcell-in baş direktoru Murat Erkan, Turkcell-in maliyyə sektorunda da ciddi işlər gördüyünü və bu sahədə gerçəkləşən transformasiyanı fintech-dən techfin-ə keçid adlandırıb.
"Maliyyə texnologiyasında iki yanaşma var. Birincisi, Şərqdən gələn yanaşmadır. Bu tərəf bank sektorunun imkanlarından və ödəmə sistemlərindən uzaqda qalıb. Qərbdəki yanaşma isə, bank sektorunun hər sahəsində yer tutan və elektron ticarətin də gücüylə dəyişən ödəmə sistemlərinin maliyyə texnologiyalarıdır. Türkiyə, bu iki tərəfin birləşdiyi yerdir. Bizim burdakı hədəfimiz həm bankçılıq sistemindən kənarda qalmış, eyni zamanda yüksək səviyyəli bankçılıq sistemlərinin olduğu e-ticarətin də pik səviyyəyə çatdığı həllər ortaya çıxarmaqdır. Bu iki yanaşmanın sintezini, hibrid həllini təmin etmək üçün maliyyə xidmətlərimizi 4 istiqamətə bölürük: ödəmə, kreditləşdirmə, rəqəmsal sığortalama və rəqəmsal bankçılıq. Bu istiqamətlərdə həm ölkədaxili, həm ölkəxarici fəaliyyətlər icra etməkdəyik. Təbii ki, bu sahələr üzrə əməkdaşlıqlara da qapımızı açıq saxlayırıq" - deyən Murat Erkan bu istiqamətdə Turkcell-də gerçəkləşən transformasiyanın gələcək üçün müsbət mənada həyəcan və qürur verdiyini qeyd edib.
Lale Saral Develioğlu, sammitin əsas mövzusu olan və adını Filip Kotlerin kitabından alan Marketinq 5.0 adlı kitabı oxuduğunu və texnologiyanın marketinqə gətirdiyi yeniliklərin 5 başlıqda açıqlandığını bildirib: "Birincisi, dataya əsaslanan marketinq. Bu, Turkcell-in illərdir çox yaxşı bildiyi və tətbiq etdiyi bir mövzudur. İkincisi, proqnoza əsaslanan marketinq. Bu da gələcəkyönümlü proaktiv təxminlər təqdim etmək mənasına gəlir. Üçüncüsü, kontekstli marketinq. Bu, fərdiləşdirilmiş istehlakçı istifadə təcrübəsindən bəhs edir. Dördüncüsü, artırılmış marketinq. Bu da texnologiyalardan istifadə olunaraq daha da dərinləşdirilmiş təcrübələrin tətbiq olunmasıdır. Beşincisi də, çevik marketinq. Burada daha sürətli və ölçüsü müəyyən edilmiş fəaliyyətlər nəzərdə tutulur".
Filip Kotlerin kitabındakı marketinqin yeni 5 başlığından qısaca bəhs edən Lale Sarala Develioğlu, Turkcell-in bu istiqamətdə göstərdiyi fəaliyyətlərin nələr olduğu haqda panel spikerinə sual verib. Murat Erkan, texnologiyanın möhtəşəm bir vasitə olduğunu və marketinqə də olduqca böyük təsir göstərməyə başladığını deyib.
"İndiki zamanda Turkcell-in ən çox axtardığı bacarıqlardan biri də datadan istifadə edərək marketinq fəaliyyəti göstərə bilən, yəni bir əli texnologiyada digər əli marketinqdə olan istedadlı şəxslər tapmağın olduqca çətindir. Texnologiya sahəsi üzrə biliklərə malik insan tapırsınız, marketinqdən uzaq olur. Və ya tam əksinə, marketinq biliyi yüksək səviyyədə olan birinin texnologiya sahəsində bacarığı aşağı səviyyədə olur. Bu iki sahə üzrə bilik və bacarıqlı birini tapmaq artıq bir uğur sayılır. Sizin bir strategiyanız ola bilər, amma marketinq sahəsində texnologiyanı istifadə etməyi bacarmasanız, sadəcə bilik və bacarıqlar strategiya qurmağa kifayət etmir" - deyən Murat Erkan qeyd edib ki, şirkətlər artıq əvvəlki dövrlərdə olduğu kimi "qapalı qutu" misalı ilə görünməz deyil. Rəqəmsallaşma vasitəsilə söylənilən sözlərin və edilən davranışların istehlakçının qarşısına çıxma ehtimalı artdığını bildirən şirkət rəhbəri, "müştərilər artıq divar arxasından deyil, şüşə arxasından baxırlar" deyib. Ötən günlərdə baş verən bir hadisəni nümunə göstərən Erkan, "dost söhbəti"nin qalmadığını və "bunları etsək bank batar" ifadəsinin işləndiyi bir iclasın gözlənilmədən Bloomberg-in xəbər xəttinə düşməsindən bəhs edib.
Qeyd edək ki, Bizimyol.info informasiya portalının Rəsmi Media Sponsoru olduğu beynəlxalq sammit haqqında ətraflı məlumat üçün sammitin rəsmi saytına keçid edə bilərsiniz.
Orxan Musabəyli, Bizimyol.info






