Dünyanın ən təhlükəsiz hava nəqliyyatı hesab olunan sərnişin təyyarələri sərnişinlərinə ən təhlükəsiz səyahəti vəd etsə də, hələ də təyyarəyə minməkdən qorxan, ruh halı pisləşən, özünü narahat edən insanlar var. Bəs bu, nə ilə əlaqədardır? Bəli, hava nəqliyyat vasitəsi olan təyyarələr, hansı ki, biz onları “hava gəmisi” də adlandırırıq, dünyanın ən təhlükəsiz nəqliyyat vasitəsidir. Bəs bu qənaət necə formalaşıb? İstərdim bu barədə araşdırdığım müəyyən məlumatları oxucularımızın diqqətinə çatdırım.
İlk öncə məsələyə avtomobillər üzərindən yanaşaq. Statistikaya görə, hər 160 milyon kilometrdən bir, iki sürücü qəza nəticəsində dünyasını dəyişir və yerüstü motorlu nəqliyyat vasitələrinin təhlükəsini göstərən rəqəm 42 faizdir. Yəni avtomobillə səyahət edən birinin qəza törətmə ehtimalı 42 faizdir və bu, olduqca yüksək göstəricidir.
Qatarlar təhlükəsizlik baxımından avtomobillərdən sonra ikinci yerdədir. Bir çox sərnişin qatarın ən sakit nəqliyyat növü olduğuna əmindir və səyahətin uğurlu nəticələnəcəyinə inanır. Amma elə deyil. Qatar qəzası avtomobil qəzası qədər yayqın deyil. Bununla belə, bu cür hadisələr diqqətçəkən və faciəlidir, xüsusən də qurbanların sayı baxımından miqyası kifayət qədər böyükdür. Qatarla səyahət zamanı qəza ehtimalı 15%-in altında olsa da, qatar digər avtomobillərə görə daha təhlükəsiz hesab olunur.
Yaxşı, bəs hansı nəqliyyat növü daha təhlükəsizdir - təyyarə, yoxsa qatar? Cavab aydındır: əlbəttə ki, təyyarə. İlk baxışdan nə qədər qəribə görünsə də, təyyarə qəzaları daha az baş verir və statistika hər kilometrə hesablanmış qurbanların ümumi sayına əsaslanır. Məsələn, hər il orta hesabla 2000 sərnişin təyyarələrin iştirakı ilə baş verən qəzalarda ölür. Bu rəqəmi yol qəzası qurbanları ilə müqayisə etsək, nəticədə təyyarənin daha üstün və daha təhlükəsiz olduğu ortaya çıxacaq.
Təyyarənin avtomobil və qatarla müqayisədə daha təhlükəsiz nəqliyyat növü olduğunu qeyd etdik, bəs ən təhlükəsiz və eyni zamanda ən təhlükəli hesab olunan sərnişin təyyarələri hansılardır?
Araşdırmalar göstərir ki, “dünyanın ən təhlükəsiz hava gəmisi”ni istehsal edən iki böyük şirkət – “Boeing” və “Airbus” sərnişinlərə təhlükəsiz səyahət vəd edir. “Boeing 777” və “Airbus 340” tipli təyyarələrin bir çox müxtəlif versiyaları təkmilləşdirilərək, insanların istismarına verilib və hal-hazırda da dünyanın bir çox ölkələri bu növ təyyarələrdən geniş istifadə edirlər. Bu hava gəmilərinin daha böyük salona və gövdəyə sahib olan “A-340 600” modeli gövdəsinə görə digərlərindən fərqlənir və “Airbus” ailəsinin "ən uzun üzvü" hesab olunur. Bu şirkət öz hava gəmilərini ağır təyyarələr üçün nəzərdə tutulmuş “Rolly-Royce” motorları ilə təmin edir. Adıçəkilən mühərrik xüsusilə dördmotorlu ağır sərnişin təyyarələrində istifadə olunur.
Eyni zamanda “Airbus” birmənalı olaraq “ən təhlükəsiz hava nəqliyyatı” hesab olunsa da, yanacaq sərfiyyatına görə “Boeing” ilə rəqabət apara bilmir. “Airbus” bu günədək cəmi beş qəza keçirib və bunun yalnız 3-ü ölümcül olub. Həmin qəzaların ikisi pilotların səhlənkarlığı və qeyri-peşəkarlıqları ucbatından baş verib, digər üçü isə təsadüfən baş verən qəzalardır: “pushback tug” – yəni, yedəkləmə zamanı təyyarədə baş verən yanğın, şassi üzərində partlayan təkərlər və terror aktı.
İndi isə bir qədər "təhlükəli" təyyarələr haqda.
Rusiya sərnişin təyyarələri – “Tu-154” və “Tu-134”, təhlükəsizlik baxımından qərbli həmkarları ilə rəqabət apara bilmir. Bu təyyarələr postsovet ölkələrinin və Yaxın Şərq dövlətlərinin hava məkanında üstünlük təşkil edirlər. “Tu-134” isə 1960-cı illərdənbəri istehsal olunur.
Rusiya hava şirkətləri daxilində “Tu-154” qərbli həmkarlarının təyyarələrinə görə daha çox qəza törətsə də, bu təyyarədən hələ də əksər rus hava yolları istifadə edir.
Yeni təhlükəsizlik standartlarına, atmosferə atılan tullantılara, səs-küy səviyyəsinə görə, təxminən 40 il əvvəl yaradılmış bu Rusiya sərnişin təyyarələri artıq istehlakçıları və dünya ictimaiyyətini qane etmir və buna görə də həmin təyyarələr artıq modernləşdirilməli və ya dəyişdirilib, yeniləri ilə əvəz edilməlidir.
Mətin Şükürlü, Bizimyol.info






