Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Payızın təhlükəsi və ya ildırım vurmasından necə qorunmaq olar...
Payızın təhlükəsi və ya ildırım vurmasından necə qorunmaq olar...

Payız öz gəlişini artıq hiss etdirir – havaların soyuması, soyuq küləyin öz sürətini artıraraq, özünəməxsus səslə qulaqlarımızı cingildətməsi, hərdən düşən narın yağış damlaları və yavaş-yavaş isti geyimə keçən insanlar payızı qarşılamağa hazır görsənirlər. Hər fəslin öz çətinlikləri olduğu kimi, payızın da öz çətinlikləri var: yersiz başlayan külək, yerdən yüksələn toz, insanların zibilliyə döndərdiyi küçələrdən küləyin qaldırıb, üzümüzə çırpdığı sellofanlar, uşaq pampersləri, içki qabları – hər biri həyatımızı, hətta atdığımız hər addımı bizə daha da çətinləşdirən öz “əsər”lərimizdir. Məsələyə vicdanla yanaşsaq, əslində bütün bunların payız fəslinin şıltaqlğının adına yox, elə öz adımıza çıxmalıyıq. Küçələr təmiz olduqdan, kanalizasiya xətləri yeni və işlək vəziyyətdə olduqdan sonra payızın bizimlə nə düşmənçiliyi?! Paytaxt Bakının bəzi sakinləri öz “sənət əsərləri”ni fəsillərin adına çıxmağı çox sevir...

Payızın gəlişi ilə artan yağışlar və ardınca başlayan şiddətli göy gurultuları, ətraf rayonlara düşən ildırımlar hər il ciddi fəlakətlərə, hadisələrə səbəb ola bilir. Payızın hər il özü ilə gətirdiyi bu “ənənəvi sürpriz”indən – ildırım düşməsindən necə qorunmaq olar? İldırımın hara düşəcəyini öncədən bilmək mümkündürmü? Bakıda xüsusilə Xəzər dənizi üzərində oynayan ildırım işıqları, görənlərdə vahimə yaratsa da, hələ ki paytaxtda ildırım düşməsi ilə bağı ciddi hadisə baş verməyib. Bu, paytaxt sakinlərinin necə bəxtəvər olduğunu göstərsə də, təəssüf ki eyni şeyi dağ və dağətəyi rayonlarda, qəsəbə və kəndlərdə yaşayan sakinlər üçün deyə bilməyəcəyik. İldırım düşmələrinin əsasən belə zonalarda baş verməsi və insan ölümü ilə nəticələnməsi barədə kifayət qədər məlumatlar var və heç kim bu hadisədən sığortalana bilmir.

Bəs açıq havada ildırımdan necə qorunmaq olar? Bunun üçün ən təhlükəsiz yer hara hesab olunur? Araşdırmalar göstərir ki, ildırım xüsusilə açıq yerlərdə ucu iti olub, göy üzünə baxan (üçbucaq formasında ağac, qüllə  və sair) nəsnələrin üzərinə düşür. Lakin bunu tam dəqiq məlumat da hesab etmək olmaz. Çünki bəzən ildırım hündür ağacın ətrafındakı düz ərazilərə də düşə bilər.

Avtomobil və ya qapalı metal konstruksiya ildırım vurmasından qorunmaq üçün ən təhlükəsiz yer hesab olunur. İldırım çaxan zaman metal əşyalardan və digər insanlardan ən azı beş metr uzaq durmaq lazımdır. Çünki ildırım düşən zaman yaranan gərginlik bir obyektdən digərinə rahatlıqla keçə bilər.

Bir insanı ildırım vurma ehtimalı nə qədər az olsa da, mümkünsüz deyil. Bəs ildırım təhlükəsinə qarşı hansı addımları atmaq lazımdır? Bu barədə sınaqdan uğurla keçmiş təcrübələri oxucularımızla bölüşürük:

1. İldırımdan qorunmaq üçün sığına biləcəyiniz bir bina və ya örtülü nəqliyyat vasitəsi tapmağa çalışın, əgər sığınacaq yoxdursa, aşağıçökün və əlinizlə özünüzü qapayın.

2. Fırtına zamanı açıq yerlərdən və ağaclardan uzaq durun.

3.Əgər ildırım vurma təhlükəsini hiss etdiyiniz zaman çöldəsinizsə, yaxınlıqdakı binaya və ya avtomobilə daxil olun.

4. İldırım düşməsi təhlükəsi olduqda pəncərə və qapıları möhkəm bağlayın; jalüzləri və pərdələri çəkin.

5. Açıq sahədə, saçlarınız dik durmağa başlayırsa, dərindən ağrıyır və xırıltı səsi eşidirsinizsə, diqqətli olun, çünki ildırım hər an sizi vura bilər.

6. Şimşək çaxması təhlükəsi olduqda, sığınacaq yer yoxdursa, dərhal sahənin ən aşağı nöqtəsinə enin, ayaqlarınızı birləşdirərək, ayaq barmaqlarınızın üstündə dayanın və başınızı dizlərinizin arasında bağlayın.

7. Hündür və düz bir yerdə olsanız, başınızı mümkün qədər aşağı tutun. Gərginlik fərqi yaratmamaq üçün ayaqlarınızı bir yerə qoyun və yerlə təması mümkün qədər azaldın.

8. Heç vaxt yerə düz uzanmayın. İldırımın daşıdığı elektrik yükü yerə toxunduğu andan etibarən olduğu əraziyə yayılır. Əgər yerə uzansanız, ildırım üçün daha böyük bir hədəf halına gələ bilərsiniz. Çünki ildırım eyni yeri dəfələrlə vura bilər.

9. Şimşək yağıntıdan 15-20 kilometr aralını da vura bilər. Rezin altlıqlı ayaqqabılar və ya rezin təkərlər ildırımdan qorumur. Digər tərəfdən, polad kimi sərt materiallardan hazırlanmış nəqliyyat vasitələri, metal ilə təmas etmədiyiniz müddətcə ildırımdan qorunmanı artırır.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »