Türkiyə ilə Yunanıstan arasında gərginliyin son dərəcə yüksək olduğu bir vaxtda Yunan mətbuatında dərc edilən iddialardan biri müzakirə mövzusuna çevrilib.
Bizimyol.info xəbər verir ki, Yunanıstanın köklü yayım təşkilatlarından biri olan MEGA, Afina administrasiyasının Kritin cənub və qərbindəki ərazi sularını 12 dəniz milinə qədər artırmaq imkanını masaya qoyduğunu iddia edib.
Jurnalist Kristina Korai xəbərlərini Afina hökumətinə əsaslandıraraq, Yunanıstanın ərazi sularını genişləndirmək üçün hərəkətə keçdiyini iddia edib.
Xəbərdə MEGA hökumət mənbələrinə əsaslanaraq bu genişlənmənin Türkiyə ilə yeni problem yarada biləcəyi bildirilib. Lakin qeyd edilib ki, xarici işlər naziri Nikos Dendias mövzu ilə bağlı açıqlamasında "Hər cür fürsətdən istifadə etməyə hazırıq",- deyə bildirib.
Məlumata görə, Yunanıstan müttəfiqlərini xəbərdar etməyib və buna bəraət qazandırmaq üçün “prezident fərmanları hazır olduqdan sonra birbaşa BMT-yə təqdim olunacaq” ifadələri işlədilib.
Qeyd edək ki, Türkiyə ilə yeni böhrana səbəb ola biləcək qərar Yunanıstanın ərazi sularını 12 dəniz milinə çatdırmağı hədəfləyir. 1936-cı ildə Lozannanın tarazlığını pozaraq və ərazi sularının enini 6 milə çatdıran Yunanıstan, məqsədlərinə çatarsa, Egey, belə demək mümkünsə, Yunan gölünə çevrilə bilər. Yunanıstan münasib şərtlər tapıb öz ərazi sularını 12 milə qədər genişləndirsə, Türkiyənin Egeydəki açıq dəniz sahələrinin nisbəti təxminən 20 faizə qədər azalacaq, Türkiyənin ərazi sularının əhatə dairəsi 8,7 faiz olacaq, Yunanıstanın nisbəti isə 62 faizə yüksələcək.
Xatırladaq ki, Türkiyə ilə Yunanıstan arasında olan ərazi suları probleminin kökündə Lozanna Sülh Müqaviləsi ilə Egey dənizində qurulan tarazlığın zamanla Yunanıstanın xeyrinə pozulması dayanır. Yunanıstan, 1936-cı ildə Lozannada təktərəfli olaraq 3 mil olaraq təyin olunan ərazi dənizlərini 6 dəniz milinə çatdırıb və o dövrdə Türkiyə-Yunanıstan münasibətlərində hökm sürən müsbət atmosfer səbəbindən Türkiyə bu qərara etiraz etməyib.
Ancaq Yunanıstanın ərazi sularının 12 milə qədər uzadılması ilə Egey dənizinin 10 faizdən az hissəsi Türkiyə üçün qalacaq.
Leyla, Bizimyol.info






