2010-2014-cü illərdə Qüds Baş Konsulu və 2017-ci ilin yanvar-2021-ci ilin may ayları arasında Yeni Dehlidə Səfir vəzifələrində çalışmış Şakir Özkan Torunlar Türkiyənin Tel-Əvivdəki səfirliyinə təyin edilib. Qeyd edək ki, 2016-cı ildə “Mavi Mərmərə” basqınından sonra iki ölkə arasında əldə olunan razılaşma ilə normallaşan münasibətlər 2018-ci ildə fələstinlilərin “Böyük Qayıdış” hərəkətləri zamanı yenidən pisləşib. Həmin dövrdən bəri pisləşən münasibətlər martın əvvəlində İsrail prezidenti İsaak Hersoqun Ankaraya səfəri ilə “siyasi dialoqu canlandırmaq” məqsədi ilə yenidən canlandı. Türkiyənin İsrailə 4 il sonra səfir təyin etməsi ölkələr arasında münasibətlərdə normallaşma mərhələsinin başladığından xəbər verir.
Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA -nın Türkiyə nümayəndəsi Hulusi Kılıç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə İsrailə təcrübəli bir səfir təyin edib. Şakir Torunlar daha əvvəl başkonsul olaraq, Qüdsdə xidmət etmişdir. Bölgəni tanıyan bir səfirdir.
Hulusi Kılıç“İsrail xalqı Türkiyə xalqı və Azərbaycan xalqı ilə dost xalqdır. Ancaq keçmişdə siyasilərin etdiyi səhvlər, bəzən bu münasibətlərin durmasına səbəb olmuşdur. Türkiyə, bölgəsində söz sahibi bir ölkədir. Fələstində olanlara göz yummaq istəməmişdir. Ancaq, Türkiyə ilə İsrail arasında əlaqələrin normallaşması təbii ki, bölgə içində böyük bir qazancdır. Bölgədə sülhün gəlməsi üçün kömək edəcəkdir. İsrail ilə Azərbaycanın nə qədər yaxın olduğunu bilirəm. Üstəlik, həm İsrailin həm Azərbaycanın həm Türkiyənin İsraillə yaxşı olması da bizlərin faydalarıdır. Xalqlarımızın xeyrinədir. Bu yaxın münasibətdən, faydalı əməkdaşlıqdan narahat olan ölkələr də olacaqdır. Bu ölkələrin illərdir Azərbaycana və Türkiyəyə qarşı düşmən olan, Azərbaycan torpaqlarını işğal edən bir ölkəyə göstərdikləri köməyi də çox yaxşı bilirik” - deyən sabiq səfir hesab edir ki, hər kəs münasibətlərində dürüst olmalıdır. Bu səbbədən də Kılıç, Türkiyə-İsrail əlaqələrinin normallaşmasını alqışlayır.
“Son dərəcə doğru bir qərardır. Bundan sonra Türkiyə Fələstin məsələsini İsrail ilə açıq şəkildə danışacaqdır. Bölgədə sülhün bərpası üçündə vacib bir göstərici olacaqdır. Mən bu qərarı alqışlayıram. İnanıram ki, Türkiyə-İsrail münasibətləri normallaşmasından sonra Türkiyə-Azərbaycan-İsrail üçlüyünün də bölgəyə böyük bir faydasının olacağını, həm sülhə, həm sabitliyə, həm də bölgənin inkişafına, xalqların da qaynaşmasına köməkçi olacaqdır. Ölkələr ikili münasibətlərini seçəndə üçüncü ölkələrdən məsləhət almazlar, ölkələrin mənfəətləri əsasdır. Onun üçün bəzi ölkələrin bu normallaşmağa qarşı çıxması da bizə maraqlı deyil. Bu, onların öz fərdi problemləridir” - deyə Kılıç əlavə edib.
İlahin, Bizimyol.info






