Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur rusiyalı aparıcı Türkiyəyə qaçıb
Məşhur rusiyalı aparıcı Türkiyəyə qaçıb

Rusiyadan gedənlərin sayı dayanmadan artır. Hətta tanınmış rusiyalılar da vətəndən qaçır. “Birinci kanal”ın məşhur əməkdaşı Yekaterina Andreyeva da Rusiyanı tərk edib. “Zaman” (“Vremya”) proqramının 1998-ci ildən dəyişməz simasına çevrilmiş aparıcının Şanlıurfada olduğu üzə çıxıb. Andreyeva türkiyəli jurnalistləri Rusiyanı birdəfəlik tərk etmədiyinə inandırmağa çalışıb. Onun dediyinə görə, İstanbul və Şanlıurfada bir az zaman keçirəndən sonra Moskvaya qayıdacaq.

Bizimyol.info xəbər verir ki, bir müddətdir “Zaman” proqramını Yekaterina Andreyeva aparmır. Onun ölkədən qaçması ilə bağlı söz-söhbət yayılmağa başlamışdı. Türkiyəli jurnalistlər onu Şanlıurfada tapıb. Rusiyalı sosial media hesablarında da qaçmaq xəbərini təkzib etməyə çalışıb.

Yekaterina Andreyeva daha bir qalmaqalın mərkəzində dayanmışdı. Həmkarı Marina Ovsyannikova canlı yayımda müharibə əleyhinə şüar qaldıranda aparıcı məhz Andreyeva idi. Ovsyannikova sonradan işdən çıxaraq Almaniyaya üz tutmuşdu. Orada bir az işləyəndən sonra vətənə qayıtmışdı. Müharibə günlərində onun haqda cinayət işi açılmışdı. Amma Ovsyannikovanın da yoxa çıxdığı məlum olub. Ev dustaqlığı yaşayan jurnalistin hara qaçdığı bilinmir.

Andreyeva Kremlə xüsusi pərəstiş etməsi ilə fərqlənir. O, hakimiyyətin bir çox ordenləri və mükafatları ilə təltif olunub. Aparıcı Vladimir Putindən dəfələrlə müsahibə alıb. Andreyeva Krımın işğalını açıq mətnlə dəstəkləmişdi. O, ölkədəki etiraz aksiyalarına çıxanları ağılsız adlandırmaqdan çəkinmir, Ukraynaya hücumun doğru addım olduğunu bildirir.

Maraqlıdır ki, Andreyeva Rusiya ilə yanaşı, Monteneqro vətəndaşlığı da daşıyır. Onun təvəllüdü həmişə mübahisə doğurub. Rəsmi sənədlərdə Yekaterinanın 1965-ci ildə anadan olduğu qeyd edilib. Mətbuat isə bir vaxtlar Andreyevanın, əslində, 1961-ci ildə doğulduğunu yazmışdı. Doğum tarixinin saxtalaşdırılması aparıcıya keçmişini gizlətməkdə kömək ola bilər. Andreyeva bu məsələyə çox həssas yanaşır. O, hətta “Vikipediya” internet ensklopediyasından yalnız 1965-ci ili onun təvəllüd tarixi kimi göstərilməsini tələb edib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »