Türkiyə ilə Yunanıstan arasındakı gərginlik son zamanlar qarşılıqlı açıqlamalarla artarkən Yunanıstan mətbuatı iki ölkə arasındakı münasibətləri və Rusiya-Ukrayna müharibəsinin bölgəyə təsirini araşdıran təhlil dərc edib.
Bizimyol.info xəbər verir ki, ABŞ diplomatı Patrick Teros tərəfindən yazılan məqalədə Türkiyə ilə Yunanıstan arasında mümkün müharibə “fəlakətli” olaraq qiymətləndirilib. Bundan əlavə, Teros vurğulayıb ki, Ankara-Afina xəttində mümkün münaqişə daha çox Putinə fayda verəcək.
Belə ki, “National Herald” qəzetindəki məqalədə “Belə bir müharibənin kimə faydası var?” sualı verilib və ABŞ diplomatı Patrick N. Teros baş verə biləcək bir müharibənin Türkiyə və Yunanıstana heç bir fayda gətirməyəcəyini vurğulayaraq bu vəziyyətdən ən çox təsirlənəcək ölkənin Rusiya olacağını iddia edib.
“Türkiyə-Yunanıstan müharibəsi Ukraynadan diqqəti bölgəyə çəkəcək, NATO-da da ciddi çatlar yaradacaq. Belə bir müharibə baş verərsə, dünya miqyasında ərzaq qıtlığının yaşandığı bir zamanda Türkiyə Ukraynanın taxıl və digər zəruri malların boğazlarından keçərək daşınmasını təmin etməyəcək. Bununla da Ukrayna müharibəsi ilə onsuz da gərginləşən dünya iqtisadiyyatı xaosa çevriləcək.
Onun üçün də Putin düşünür ki, dünya iqtisadiyyatı belə bir böhran içərisində olarsa, Rusiya neft-qazına qarşı sanksiyalar ləğv edilə və beləliklə, bu, Putinin qələbəsi ola bilər”,- deyə o, bildirib.
Bundan əlavə, ABŞ diplomatı 2015-ci ilin noyabrında Türkiyənin Rusiya bombardmançı təyyarəsini vurmasından sonra Putinin Ərdoğanı manipulyasiya etdiyini iddia edib. Onun sözlərinə görə, Türkiyənin Rusiya aviaşirkətlərinə öz hava məkanına girib-çıxmağa icazə verən yeganə NATO ölkəsi olması bunu deməyə imkan verir.
Leyla, Bizimyol.info






