Türkiyə ilə Yunanıstan arasında son aylarda gərginliyin artdığı bir vaxtda Yunan mediası diqqətçəkən iddia ilə çıxış edib.
Bizimyol.info xəbər verir ki, Yunanıstanın ən çox oxunan qəzetlərindən olan “Kathimerini”nin ingiliscə nəşri “eKathimerini”də yer alan xəbərdə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və əməkdaşlarının Türkiyə ilə bağlı fikirləri, fəaliyyət planının təfərrüatları açıqlanıb.
Gələn il hər iki ölkənin fərqli vaxtlarda seçki keçirəcəyini xatırladan qəzet, yazır: “Mitsotakis və yaxınları Türkiyə ilə gərginliyin gələn ilin ortalarına qədər, yəni keçiriləcək seçkilərə qədər davam edəcəyinə əmindirlər. Yunanıstan vəziyyətdən asılı olaraq bir və ya iki seçki keçirəcəyi halda, Türkiyə ilin ortalarına doğru seçki keçirəcək”.
Yunanıstan hökumətinin 4 illik mandatının iyulda sona çatacağını xatırladan “Kathimerini”dəki xəbərdə Yunanıstanda seçkilərin 2 aprel, 21 may və ya 28 mayda keçirilə biləcəyi də qeyd olunub.
“Mitsotakis və onun heyəti Ərdoğanın gərginliyi yüksək saxlamaqda davam edəcəyini düşünür.
Onlar hesab edirlər ki, Ərdoğan seçkilərdəki neqativ vəziyyəti dəyişə bilməz və məğlub ola bilər. Ancaq qanuna görə, fövqəladə və ya müharibə kimi fövqəladə vəziyyətlərdə Türkiyədə seçkilərin 6 ay və ya 12 ay təxirə salınması ehtimalı var”, - deyə məlumatda bildirilir.
Onu da əlavə edək ki, bu həftənin Ankara-Afina xəttində Yunanıstan hakimiyyəti üçün ən kritik gün olduğu da vurğulanıb. Gərginliyin bu həftə Praqada keçiriləcək Avropa Siyasi Birliyinin toplantısında Türkiyə Prezidenti Ərdoğanın iştirakı ilə yoxlanılacağı bildirilib.
Digər tərəfdən, Yunanıstan mediası prezident Ərdoğanın mümkün addımlarını da sadalayıb. Xəbərdə Yunanıstan rəsmiləri Ərdoğanın 2020-ci ildə qaçqın böhranını təkrarlaya biləcəyinə inanırlar. Bundan əlavə, 1996-cı ildə meydana gələn Kardak böhranı kimi bir vəziyyətin də yaşana biləcəyi düşünülür. Bildirilir ki, Ankara Türkiyə ilə Liviya arasında imzalanmış müqaviləyə uyğun olaraq karbohidrogen tədqiqat gəmilərini də səfərbər edə bilər.
Digər tərəfdən Afina rəhbərliyinin Türkiyənin adaların silahlanması ilə bağlı bir addım atmayacağını proqnozlaşdırdığı qeyd edilib. “Kathimerini”nin ingiliscə sayında çıxan xəbərdə qeyd edilib: “Yeganə narahatlıq odur ki, Ərdoğan Yunanıstanda iki mümkün seçki arasında böyük böhrana səbəb olacaq. Yunanıstanda keçiriləcək seçkilərdə tək partiyanın qalib gəlməsi çətin görünür və indiki şəraitdə koalisiya hökumətinin qurulması mümkün görünmür. Ona görə də müvəqqəti hökumətin vəzifədə olduğu müddətdə ilk seçkidən sonra gərginliyin yaşanacağı narahatedicidir”.
Leyla, Bizimyol.info






