Dünən Bakıda Azərbaycan Turizm Şurası, “WTatil”, “Turizm Malayziya”, “Park Inn Radisson”, “Paximum”, “Balkan Holidays”, “SKYhub”, “Flyhub”, “Travel Zone”, “Tale Travel” və digər şirkətlərin dəstəyi ilə “ Uzak Rota Caucasus” səyahət sammiti keçirilib.
Bizimyol.info xəbər portalı “Uzak Rota Caucasus” səyahət sammitinin rəsmi media tərəfdaşı olaraq xəbər verir ki, dünən Bakıda keçirilən beynəlxalq səyahət sammiti uğurla başa çatıb.
Tədbirin təşkilatçısı “Uzakrota” şirkətinin beynəlxalq satış təmsilçisi Emirhan Demir, iştirakçı və qonaqlara sammit haqqında ətraflı məlumat verib və ilk çıxış üçün Azərbaycan Turizm Bürosunun idarə heyətinin sədr müavini Bəhruz Əsgərovu səhnəyə dəvət edib. Sədr müavini sammitin iştirakçılarını salamlayıb və tədbirin təşkilatçı şirkətinin rəhbəri olan Gökhan Ərdoğana öz təşəkkürlərini bildirib.
Azərbaycan Turizm Bürosunun idarə heyətinin sədr müavini Bəhruz Əsgərov, Azərbaycanın turizm sahəsində potensialından söz açıb və bu sahə üzrə gələcəkdə keçiriləcək layihələr haqqında məlumat verib. Sədr müavini, eyni zamanda Qarabağ və Zəngəzurda gerçəkləşdirilməsi üçün hazırlıq görülən layihələri də turizm sektorunun nümayəndələrinin diqqətinə çatdırıb.
Daha sonra Azərbaycan Turizm Bürosunun Azərbaycan Konqres Bürosunun direktoru Sevda Əliyeva öz çıxışında qeyd edib ki, bu günkü tədbirin keçirilməsində əsas məqsəd gələcəkdə ortaq işlər görmək və yeni əməkdaşlıqların qurulmasıdır. Sevda Əliyeva turizm sahəsində Türkiyə ilə əlaqələrin qurulmasından da söz açaraq bildirib ki, ölkələr arasında qarşılıqlı turizm əlaqələri yaradaraq, güclü əməkdaşlıqlarla beynəlxalq arenada səsə gətirmək mümkündür.
“Biz sizləri ölkəmizə dəvət edirik. Gəlin, Azərbaycanı kəşf edin və yeni əməkdaşlıqlar quraq” - deyə Sevda Əliyeva çıxışını yekunlaşdırıb.
Sammitin qonaqlarından “Turizm Malayziya” şirkətinin direktoru Norlizah Jahaya, Bakıda olduğundan məmnunluğunu bildirib və Bakının çox gözəl bir şəhər olduğunu deyib. O, qeyd edib ki, Bakıda olan tarixi və mədəni abidələr ölkənin turizm sahəsi üçün çox əhəmiyyətli məkanlardır.
“Ölkələrimizin iqtisadi, siyasi, təhsil və digər sahələrdə əlaqələri var. Düşünürəm ki, biz turizm sahəsində də yeni əməkdaşlıqlar qura bilərik” - deyə Norlizah Jahaya əlavə edib.
Beynəlxalq sammitdə çıxış edən “Paşa Travel”-in baş direktoru Çingiz Mürsəlov, pandemiyadan sonra dəyişən qiymətlərdən xüsusi bəhs edib və məhz, bu dövrdən sonra qiymətlərin turizm sektorunda əhəmiyyət qazandığını qeyd edib.
"Pronto Tour" şirkətinin baş direktoru Əli Onaran çıxşına başlayan zaman öncə beynəlxalq sammitin təşkilatçısı “Uzakrota” şirkətinin rəhbərliyinə xüsusi təşəkkür edib və turizm sektorunun mövcud vəziyyətindən danışıb.
“30 ildən çoxdur ki, turizm sahəsində çalışıram. Dünyanın bir çox ölkəsinə turist göndəririk, ancaq qardaş ölkəmiz olan Azərbaycana çox turist göndərə bilmirik. Bunun isə, müxtəlif səbəbləri var. Bunlardan biri səyahət qiymətlərinin yüksək olması, digəri nəqliyyat vasitələrinin yetərsizliyindən qaynaqlanan problemlərdir. Reallıqları danışmalıyıq, bölüşməliyik. Bu halda, bizim bu görüşümüzün və əməkdaşlığımızın müsbət nəticəsi ola bilər. Bəhruz bəy Azərbaycanı yaxşı tanıtdı, ardınca Çingiz bəy də pandemiya sonrası dəyişən qiymətlərin əhəmiyyəti barədə ətraflı məlumat verdi. Tamamilə razıyam. Qiymət mövzusunda müəyyən addımlar atılmalıdır. Düşünürəm ki, bu, sadəcə bizim işimiz deyil. Şübhəsiz ki, bu mövzuda rəsmi Bakı və rəsmi Ankaranın da bizə dəstək verməsinə ehtiyac duyuruq.
Mən öz şirkətimin adından deyə bilərəm ki, Azərbaycana daha çox turist cəlb etməyə və eyni zamanda Azərbaycandan da daha çox turist qəbul etməyə hazıram. Bunun üçün çalışırıq. Bununla bərabər, nəqliyyat sahəsində çox ciddi problemlərimiz olduğunu xüsusi qeyd etmək istəyirəm. Gəlməzdən öncə baxdım, Türkiyənin Van şəhərindən Bakıya qədər 800 kilometr və Vandan İstanbul 1800 kilometr məsafə var. Yəni biz çox yaxınıq. Amma təəssüf ki, nəqliyyat sahəsində ciddi problemlərimiz var. Nəqliyyatın sadəcə İstanbul və Ankaradan deyil, bəlkə də digər şəhərlərdən də olması bizim aramızda həm turizm həm də ticari əlaqələri də inkişaf etdirə bilər. Buna görə də bu məsələni xüsusi vurğulamaq istədim. Qeyd etmək istəyirəm ki, “xoşbəxtlik bir seçimdir”. Bunun isə ən yaxşı yolu turizmdir”. Uğurlu əməkdaşlıqlar arzu edirəm” - deyə Əli Onaran öz çıxışında qeyd edib.
“Travelzone”şirkətinin direktoru Barış Öztürkün moderatorluğu ilə panel müzakirəsinə keçilib. Bu paneldə "Business Insider" şirkətinin baş vitse-prezidenti Julian Childs, "Forbes Travel Guide" baş vitse-prezidenti Chris Fradin, “Paşa Travel”-in Marketinq Meneceri Əzizə Seyidova, “Ejder Turizm”-in rəhbəri Uğur Kurt və “Wtatil”-in rəhbəri Cihan Saray sammit çərçivəsində "Azərbaycan, Türkiyə, Qafqaz və dünya turizmi" mövzusu üzrə sualları cavablandırıb.
“Hər zaman birbirinin yanında olan iki ölkədən bəhs edirik. Həmişə birgə yaxşı olmağını istədiyimiz ölkələrdən - Azərbaycan və Türkiyədən danışırıq. Bu mövzunun üzərində çox dayanmayacağam, amma qeyd etməli olduğum bir nüans var. Sammit başlamazdan öncə foyedə həmkarlarımızla da səyahət qiymətləri mövzusunda müzakirə edirdik. İstanbul-Bakı arasında səfər qiymətləri olduqca yüksəkdir. Bu qiymətə daha uzaq məsafələrə səfərlər var. Bu görüşdə hökümət, qeyri-hökümət nümayəndələri, turizm qurumları iştirak edir. Düşünürəm ki, qiymət mövzusunda hansısa addımların atılmasında da dəstək göstərərlər. Uçuş qiymətində vergi və digər ödənişlərin ləğv edilməsi müzakirə olunur. Bəs bu endirim tətbiq edildikdə, bilet qiymətinin də ucuz olmasına təsir edəcəkmi? Yoxsa havayolu şirkətləri bu endirimi sadəcə özü üçün fürsətə çevirib, bileti yenə yüksək tutmaqda davam edəcəkmi?
Bir başqa məsələ isə, mövcud bazarın böyüklüyü ilə əlaqədardır. Bu bazarın böyüməyə ehtiyacı var. Bölgə olaraq nəzərə aldıqda Bakı şəhəri mərkəz olaraq götürülə bilər. Türk Hava Yollarının tətbiq etdiyi uçuş mərkəzi olaraq İstanbul mərkəzli yolun izlənməsi, Bakı şəhəri üçün də tətbiq edilə bilər deyə düşünürəm. Təbii ki, burada Türk Hava Yolları və Azərbaycan Hava Yolları şirkətlərinin üzərinə böyük yük düşür.
Azərbaycan vətəndaşları sadəcə Antalya və Dubaya uçumuş kimi bir düşüncə var. Mən bununla razı deyiləm. İnsanların ehtiyac və tələblərini qarşılamaqla yanaşı, onlara yeni səyahət təcrübəsi də qazandırmaq lazımdır" - deyə “Wtatil”-in rəhbəri Cihan Saray fikirlərini bölüşüb.
“Ejder Turizm”-in rəhbəri Uğur Kurt qeyd edib ki, Azərbaycan Qafqazda uçuş mərkəzi ola biləcək potensiala malikdir.
“Həmkarım Cihan bəyin vurğuladığı kimi buradakı əməkdaşlıqlar hər iki ölkə üçün faydalı olacaq. Türkiyənin şəbəkəsi genişdir. Bunu sadəcə İstanbul mərkəzli uçuş sayına baxaraq belə görmək olar. Hər 30 saniyədə İstanbuldan bir təyyarə havaya qalxır. Hətta 15-30 saniyə olduğu qeyd olunur. Dəqiq rəqəmi deyə bilmirəm hazırda. 3 zolaqdan, gecə və gündüz. Bütün bunları nəzərə alaraq, Azərbaycanda da qardaşlarımızla əməkdaşlıqlar qurmalıyıq və peşəkar çalışma ortaya qoymalıyıq” - deyə Uğur Kurt əlavə edib.
İlk paneldəki çıxışların ardından “Radisson Hotels”-in bölgə üzrə PR və Kommunikasiya Meneceri Yeşim Doğukanın moderatorluğu ilə növbəti panel başlayıb. Azərbaycan Otellər Assosiasiyasının Biznesin İnkişafı üzrə Meneceri Nərmin Aktaş, “Midnightdeal”-in Baş Direktoru və Təsisçisi Lucas Zircker, Park Inn by Radisson Baku-nun baş meneceri Nadine Fernbacher və HalalBooking-in bölgə üzrə Təchizatçı Məlumat Məhsulu Meneceri Sabina Babayeva panel mövzusu üzrə moderatorun ünvanladığı sualları cavablandırıblar.
Nərmin Aktaş bildirib ki, pandemiyadan sonrakı dövrdə səyahət zamanı hər nəslin nümayəndəsi fərqli üsullardan istifadə edir.
“Xüsusilə, yeni nəslin nümayəndələri səyahət öncəsi sosial mediada axtarış üsullarından aktiv istifadə edir. Həm tur şirkətləri, həm səyahət bölgələri, həm də hotellərlə bağlı saytlarda və sosial şəbəkələrdə qeyd olunan istehlakçı şərhlərini xüsusi diqqətə alırlar” - deyə Nərmin Aktaş qeyd edib.
Nadine Fernbacher isə, hotel rezervasiyası üçün onlayn servislərdən istifadənin artdığını qeyd edib və bunun araşdırma nəticələrində də nəzərə çarpdığını bildirib. Moderator Yeşim Doğukan da onlayn servislərdən istifadəni dəstəkləyib və qeyd edib ki, bu çərçivədə kibertəhlükəsizliyin də təmin olunması vacib və prioritet öhdəliklərdəndir. Şirkətlər bu nüansı diqqətə alıb, datanın təhlükəsizliyi üçün qoruyucu addımlar atmalıdırlar.
COOP TRR səyahət agentliyi birliyinin idarə heyəti nümayəndəsi Fatih Şenelin moderatorluğu ilə növbəti panel keçirilib. Pandemiya sonrası dəyişən səyahətçi profili mövzusunun seçildiyi paneldə "Talma Travel" şirkətinin baş direktoru İya Magen, "Balkan Holidays" şirkətinin təsisçisi Bojan Petkovic, "Allegra Cruise" şirkətinin prezidenti Mihalo Vukic və Belqrad Turizm Təşkilatının Piar Meneceri Jelena Stankoviç çıxış edərək, suallar cavablandırıb
Fatih Şenel Türkiyədən başqa bir Türk dövlətində keçirilən tədbirdə iştirak etdiyi üçün məmnun olduğunu bildirib:
“Gəldiyim andan etibarən özümü Vətənimdə olduğum hissini yaşadım. Qonaqpərvərliyini əsirgəməyən dostlara təşəkkürümü bildirirəm. Vaxt ayırıb Bakını gəzdirdilər. Gəzinti zamanı Şəhidlər Xiyabanı və Qarabağ Qənimətlər Parkına getdim. Orada çox təsirləndim. Bu Vətən üçün, bu torpaq üçün canından keçən şəhid olanlara Allah rəhmət eləsin. Ruhları şad olsun. Onlar olmasa, biz olmazdıq.
Azərbaycanda yeni əməkdaşlıqlar üçün görüşmələr keçirməyə gəldik. İnşaALLAH, burada da faydalı fəaliyyətlərimiz olar”.
Sammit “LaranazUSA” turizm şirkətinin həmtəsisçisi Hakan Aksungurun fərdi çıxışı ilə davam edib. O, Amerikada səyahət qadağasının qalxdığını və prezident Baydenin açıqlamasından sonra pandemiyanın tamamlanması ilə bağlı qərar verildiyini qeyd edib. Eyni zamanda pandemiya dövründə tələb edilən peyvənd sertifikatının önəmindən danışan Aksungur, peyvənd olunmayanların ölkəyə girişinə məhdudiyyət olduğunu bildirib.
Pandemiyadan öncə Amerikada turizm yaxşı idi. Amma Amerikada inflyasiya yüksəldikdə, gəlir səviyyəsi azalmağa başladı. Pandemiya dövründə Amerika höküməti ölkədə yaşayan vətəndaşlarına yüksək miqdarda pul payladı. Amerikalılar bu pulu pandemiyada xərcləmədi, özündə saxladı və pandemiya bitən kimi ölkənin dört bir tərəfinə səyahət axını başladı” - deyə Aksungur qeyd edib. O, gələcək il səyahət qiymətləri üzrə proqnozlar da verib. Aksungur çalışdığı şirkətin fəaliyyəti haqqında sammit iştirakçılarını məlumatlandırdıqdan sonra onları Amerikaya səyahətə dəvət edib.
“Flame Tours” turizm şirkətinin rəhbəri Fərid Hüseynov çıxışı zamanı bildirib ki, pandemiya həm Azərbaycan, həm Türkiyə həm də bütün dünyada turizm sektoruna böyük zərər verib. Belə ki, bəlli səbəblər üzündən işi yaxşı bilən mütəxəssislər sektordan uzaqlaşıb.
“Biz Azərbaycan turizm cameəsi olaraq, çox böyük irəliləmələr qeyd etmişik. Eyni zamanda şirkətlər birbaşa hotellərlə çalışmağa başladılar. Bu da əslində yanlış bir təsəvvürdür. Məsələn, bir azərbaycanlı şirkətin Azərbaycanda olan restoranlarla münasibəti, xaricdən gələn bir şirkətin əlaqələri ilə eyni deyil. Çünki biz onlara günlük, aylıq və həftəlik olaraq bəlli bir qonaq kütləsi göndəririk. Buna görə də həmin restoranlar bizə verdikləri qiymətlərilə xaricdən gələn şirkətlərə verdikləri qiymətlər arasında fərq qoyur. Buna görə də restoranlar daha çox gəlir əldə edirlər.
Daha əvvəl də deyildiyi kimi təyyarə biletləri Azərbaycana digər ölkələrlə müqayisədə bahadır. Buna görə də siz yerli şirkətlərə müraciət etsəniz, bir qədər vəsaitinizə qənaət etmiş olarsınız” - deyə Fərid Hüseynov qeyd edib. O, bildirib ki, gələcək il üçün Azərbaycan-Türkiyə arasında olan turizm qiymətlərinin stabilləşməsi üçün müəyyən layihələr ola bilər.
“Özünə necə davranış görmək istəyirsənsə, elə də davranmalısan. Biz bunu düşündüyümüz zaman o gözləntilər standartdır. Gözəl nəqliyyat vasitəsi, gözəl yataq və gözəl yemək. Bu üçü doğru olduğu zaman tarixi yerlər, gəzməli yerlər, atraksion və ya turla əlaqəli olan yerlər öz yolunu tapır. Əsas olan səyahətçinin aldığı xidmətlərin qarşılaşdığı xidmətlərlə eyni olmasıdır” - deyə Fərid Hüseynov əlavə edib.
Daha sonra növbəti “yerli marketlərlə rəqəmsal əməkdaşlıq” mövzusunda paneli başlayıb. Panelin moderatoru “Tale Travel”-in rəhbəri Sabin Tarsoaga mövzu barədə ətraflı danışıb. Paneldə “Safarmarket”-in rəhbəri Mehdi Najafi, “Paximum”-un nümayəndəsi Eda Bayraktar və “Flyhub”-ın rəhbəri Necdet Uçarlar mövzu üzrə moderatorun suallarını cavablandırıb.
Tədbirin son çıxışı “Payriff” şirkətinin rəhbəri və təsisçisi Türkan Fərzəliyevanın təqdimatında davam edib. O, sammit iştirakçılarına turizmdə rəqəmsal ödəniş sistemi haqqında ətraflı məlumat verib. Pandemiya sonrası insanların pulla münasibətində həm fiziki, həm psixoloji, həm də maddi səbəblərdən dəyişikliklərin olduğunu qeyd edən Türkan Fərzəliyeva, müştəri davranışına uyğunlaşma ilə bağlı yerli bazardakı problemlər haqda danışıb. O, həmçinin bu problemlərin həll yolu olaraq, həmtəsisçisi olduğu startap təməlli ödəniş sisteminin təmin etdiyi xidmətləri də təqdim edib.
Qeyd edək ki, Bizimyol.info xəbər portalı “Uzak Rota Caucasus” səyahət sammitinin rəsmi media tərəfdaşıdır.
İradə Cəlil - Orxan Musabəyli, Bizimyol.info






