Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin açıqlaması yenə Türkiyəni hədəf alıb. Mitsotakis Türkiyəyə işarə edərək, sərt fikirlər səsləndirib.
Bizimyol.info xəbər verir ki, Türkiyə qonşu ölkəsi olan Yunanıstanda yenidən gündəmdədir. Belə ki, son zamanlar qalmaqallı açıqlamaları ilə davamlı olaraq Türkiyəni hədəfə alan Yunanıstan prezidenti Kiriakos Mitsotakis növbəti dəfə qalmaqallı açıqlamalar verib.
Yunanıstanın “İn” qəzetində yer alan xəbərə görə, Mitsotakis Türkiyəyə işarə edərək “Sərhədləri pozanlar sonunda cəzalandırılacaq, imperiya baxışları 21-ci əsrə sığmır”,- deyə bildirib.
Bildirilir ki, qəzet bu xəbəri “Mitsotakisin Ərdoğana cavabı: Sərhədi pozanlar cəzalandırılacaq” başlığı ilə oxucularına təqdim edib. Mitsotakisin açıqlamaları tez bir zamanda Yunanıstan mətbuatının ilk manşetinə çevrilib.
Xatırladaq ki, Yunanıstanın baş naziri Mitsotakisin ABŞ-da verdiyi açıqlamalardan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlər gərginləşib.
Mitsotakis adını vermədən Türkiyəyə toxunaraq “Yunanıstan qonşularına dostluq əlini uzadır. Lakin biz suverenliyimizin, suveren hüquqlarımızın pozulmasına və Yunanıstan adaları üzərindən həddindən artıq uçuşlara dözməyəcəyik, buna dərhal son qoyulmalıdır. Sizdən, Konqres üzvlərindən xahiş edirəm ki, regionda silah satışı ilə bağlı qərarlar qəbul edərkən NATO-nun cənub-şərq cinahında yeni qeyri-sabitlik təhlükəsini nəzərə alsınlar”, -deyə bildirib.
Türkiyə mediası yazır ki, Mitsotakis bu sözlərlə dolayı yolla F-16 təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb edib.
Onu da əlavə edək ki, Yunanıstanın baş naziri “Konqres üzvlərindən xahiş edirəm, ellinizmin 48 ildə çox çəkdiyi və hələ də sağalmayan yarasını unutmayasınız. Mən Kiprə hücumu və adanın zorakılıqla parçalanmasını nəzərdə tuturam. Kiprdə iki ayrı dövlət, bunu heç kim heç vaxt qəbul etməz”,- deyə çıxış edib və onun bu sözləri ayaq üstə alqışlanıb.
Qeyd edək ki, Yunanıstan seçkilərə yaxınlaşır və o üzdən hazırda Türkiyəni tənqid etmək və hədələmək ən uğurlu seçki təbliğatı sayılır. Xatırladaq ki, Co Bayden də seçkiqabağı çıxışlarında Türkiyədə hakimiyyəti dəyişəcəyinə söz vermişdi, amma hazırda Türkiyəyə silah satışına razılıq almaq üçün Konqresə təsir etməyə çalışır.
Leyla, Bizimyol.info






