2019-cu ildə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı, İstanbul İcra Hakimiyyəti və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə İstanbulun tarixi bölgələrindən olan Beyoğlu rayonunda Azərbaycanın Daxili İşlər Naziri olmuş Behbud xan Cavanşirin xatirəsinə abidə qoyulub.
Behbud xan Cavanşir 1877-ci ildə Tərtərin Azad Qaraqoyunlu kəndində dünyaya gəlmişdi. O, Qarabağ xanı Pənahəli xanın kötükcəsi idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması proseslərində Behbud xanın böyük rolu vardı. Behbud xan Cavanşir həm də bu qırğınları törədən Stepan Şamuyanla sinif yoldaşı olub.
Behbud Xan Cavanşirin qətlə yetirilməsinin isə, maraqlı tarixçəsi var. Belə ki, 1921-ci ildə Behbud xan Cavanşir qardaşları Surxay, Cümşüd və milliyyətcə rus olan həyat yoldaşı Tamara ilə İstanbulda Əhməd bəy Ağaoğlunun qonağı olur. Behbud xanın ölümü barədə Əhməd bəyin qızı öz xatirələrində də qeyd edib. O, yazırdı ki, atası Maltadan gələndən sonra onun erməni dostlarından biri Əhməd bəyin ermənilərin qara siyahısında olduğunu və diqqətli olmağı tapşırır. Həmin vaxt Azərbaycanın keçmiş Daxili İşlər naziri Behbud Xan Cavanşirin də adı qara siyahıya salınıbmış. Həmin vaxt Behbud xan, iki qardaşı və həyat yoldaşı ilə Parisə getmək üçün İstanbula gəlir. Behbud xan Cavanşir, 5 gün Əhməd bəy Ağaoğlunun evində gizli yaşayır. Ancaq Behbud xanın həyat yoldaşı bu həbs həyatını sevmədiyi üçün ailə “Pera Palas” mehmanxanasında yerləşir. Ertəsi gün isə, Behbud xan elə həmin mehmanxananın yaxınlığında erməni terroruçu Misak Torlakyan tərəfindən qətlə yetirilir. Sonradan qatil həbs edilir, mühakimə olunur, amma bu dava siyasi davaya çevrilir. Hətta bu cinayət işinə “Torlakyan davası” adlı kitab da həsr edilir. Tamara xanım məhkəmədə ərinin qatilini qətldən 2-3 gün əvvəl gördüyünü etiraf edir. O, həyat yoldaşının qətl gününü isə belə xatırlayır: “Teatrdan çıxıb hotelə tərəf gəlirdik. Birdən çox yaxında atəş səsi eşitdim. Geriyə baxanda ərim qan içində idi. Qayınlarım və mən qatili yaxaladıq. Məni ərimlə birlikdə xəstəxanaya getməyə qoymadılar. Ərim vəfat etdi”…
Beləcə Behbud Xan Cavanşir qətlə yetirilir. Tamara xanım Moskvaya qayıtsa da, soyadına görə Sibirə sürgün edilir. Behbud bəyin qardaşları İstanbulda qalmalı olur. Böyük qardaşı isə, əvvəlcə Sibirə sürgün edilir, sonra isə güllələnir. Maraqlısı isə budur ki, prokuror qatilə edam cəzası istəyir. Sonra nə olursa, həmin prokuror işdən uzaqladırılır, yerinə gələn prokuror qatilin bəraətini istəyir. Qatilə bəraət verilir və elə həmin gün Amerikaya qaçırılır. Bu məlumatlar “Torlakyan davası” kitabında da yer alıb.
Kitabda Behbud Xan Cavanşirin ölümündən əvvəlki sözləri də yer alıb: “Mənim şəxsi düşmənim yoxdur. Məni ancaq ermənilər vura bilər”.
Son nəfəsində pəncələrin açılmasını istəyir: “Cənablar, pəncərələri açın, havam çatışmır, mən ağırlaşıram”….
Behbud xan Cavanşir, “Yəhya Əfəndi Dərgahı” məzarlığında torpağa tapşırılır. Bu gün isə, “Pera Palas”ın yanında gördüyünüz bu abidə var… Erməni daşnaklarının Azərbaycan xalqına olan düşmənliyinin simvolu da deyə bilərik…
İradə Cəlil, Bizimyol.info






