Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanlar niyə özünə qəsd edir: "...Hormonların balansının pozulmasıdır"
İnsanlar niyə özünə qəsd edir: "...Hormonların balansının pozulmasıdır"

Bir müddət əvvəl Tibb Universitetinin tələbəsi Əli Quliyev intihar edib. Tələbənin xarici görkəmindən narazı qaldığı üçün intihar etdiyi deyilir. Xarici görkəmə görə intihar etmək, cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

  • İnsan niyə intihar edir?

“Suisid (intihar) şüur yerindəykən öz iradəsi ilə həyatına son verməkdir. Sərxoş və ya narkotik maddələrin təsiri altında özünəqəsd intihar sayılmır. Ancaq deməliyəm ki, intihar qərarı hormonların təsiri nəticəsində duyğularla verilmiş bir qərardır. Belə emosional bir qərar ümidsizlikdən, başqalarını öz ölümü ilə cəzalandırmaq, etiraz əlaməti kimi, şüur qarışması nəticəsində, ağrıya dözməmək, artıq gələciyini görə bilməmək, çarəsizlik və s. səbəblər üzündən baş verir. Ancaq depressiya da daxil olmaqla bütün bu problemlərin ən təməl səbəbi bayaq da qeyd etdiyim kimi hormonların balansının pozulmasıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına psixoloq Nura Cəfərzadə danışıb. Onun sözlərinə görə, intihar edən insanların statistikasına baxsaq böyük əksəriyyətinin depressiyada olduğunu görərik. Depressiyada olan insanlarda isə serotonin hormonu azlıq təşkil edir. İntihar hallarında digər diqqət çəkən məqam isə yeniyetmələr arasında sıxlıqla müşahidə olunmasıdır. Bildiyiniz kimi yeniyetmələrdə hormonların disbalansı müşahidə olunur. Bu səbəbdən də yeniyetmələr ya daha çox içəqapanıq olur, ya da daha aqressivləşir həmin dövrdə. Eləcə də tiroid vəzinin artıq və ya əskik hormonlar ifraz etməsi (qalxanabənzər vəzi), noradrenalin , dopamin kimi hormonların əksikliyi depressiya və intihar halları ilə nəticələnə bilir.

Nura Cəfərzadə Nura Cəfərzadə

“Bəzi hallarda kənardan müşahidə edən insanlara görə çox bəsit və gülünc görünən səbəblər intihara təşviq edən səbəblər ola bilir. Görünüşünü özünə kompleks edən insanlar da bu qrupa daxildir. Biz kənardan baxmaqla hansı hadisə və ya sözün, baxışın, davranışın kimdə hansı duyğunu yaratdığını və hansı duyğuların təsiri ilə hərəkət etdiyini anlaya bilmirik çox zaman. Bunun səbəbi hər insanın daxili dünyasının və idrakının fərqli olmasından irəli gəlir. Travmaları, psixi durumu , daxili dünyanın sabitliyini xarakterizə edən amil isə “duyğulardır”. Buna görə də məntiq nə bu insanları anlamağa, nə də onlara köməklik göstərməyə bəs etmir. İntihar daha çox depressiya xəstələrində, yeniyetmələrdə və duyğularını idarə edə bilməyən çılğın insanlar müşahidə olunur. Buna görə də hər bir qrupa ayrıca həssas davranmaq lazımdır. İntihar “bizi qorxudur” , “şantaj edir” və s. kimi düşünüb rahat davrana biləcəyimiz vəziyyət deyil. Çılğın insanlar xüsusilə qarşı tərəfi cəzalandırmaq üçün və etiraz əlaməti olaraq intihara üz tuturlar.

Yeniyetmələrlə də diqqətlə rəftar etmək lazımdır. Çünki bu ərəfədə onlar maksimum dərəcədə duyğuların təsiri altında olurlar. Duyğu deyərkən burda nəzərdə tutduğum qəzəb, nifrət və s. negativ duyğulardır” - deyə psixoloq vurğulayıb. Onun sözlərinə görə, bəzi vaxtlarda isə intihar edən şəxsin çox şən xarakterli olması insanlarda aldadıcı təsir qoyur.

Nura Cəfərzdə qeyd edib ki, bu tip insanlar bipolyar pozuntu keçirən və tez-tez duyğuları dəyişən, birdən-birə ruh düşüklüyü yaşayarkən çox yüksək əhval ruhiyyəyə də keçə bilən insanlardır. Buna görə də hansı cür insanların intihar edə biləcəyinə dair meyyarlar yoxdur, çünki kimin daxildə nədən təsirləndiyini bilə bilmərik.

“İnsanları intihara sürükləyən bir addım da ətrafdakı insanların həmin insanları başa düşə bilməməsi, onların hisslərini və daxilən yaşadığı çöküşləri yox sayması, onlara “burda nə var ki?!”, “düz fikirləşmirsən” , “sənin problemin problem deyil ki, dünyada bilirsən nə böyük problemlər var?!” kimi fikirlər səsləndirməsidir. Bu cür fikirlərlə həmin insanlara nəinki dəstək olmurlar, hətta onlara “heç kim məni anlamır onsuz da” inancını yükləyirlər” - deyə psixoloq əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »