Bir neçə gün əvvəl Bakıda yenə bir qadın cinayəti işlənib. Sevgilisi olduğu iddia edilən şəxs 1997-ci il təvəllüdlü Nuridə Əhmədovaya 12-13 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Qadının vəziyyətinin ağır olduğu deyilir. Bu gün isə, həmin şəxs Azad İsazədə saxlanılıb. Yəqin qadın dünyasını dəyişsə, Azad ömrünün bir neçə ilini həbsxana barmaqlıqları arxasında keçirmiş olacaq. Bu gün də Qusarda 44 yaşlı Farik Pakiddin oğlu Mollayev həyat yoldaşı, 34 yaşlı Oksana Minbər qızı Mollayevanı bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, kişi həyat yoldaşını 17 bıçaq zərbəsi ilə öldürüb. Bu hər iki şəxsi Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə,yəni qəsdən adam öldürmə maddəsi ilə 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Əslində qadına qarşı zorakılıq dünyanın bütün ölkələrində var. Ən çox zorakılığa, təcavüzə isə Hindistan qadınları məruz qalır. Qadınların öldürülməsi, zorakılığa məruz qalması Türkiyədə də müşahidə edilir. Azərbaycanda isə, ilin 8 ayı ərzində demək olar ki, təxminən 60-a yaxın qadın yaxınları tərəfindən öldürülüb.
Mütəxəssislərin fikrincə, zorakılıq da insan hüquqlarının pozulmasıdır. Başqalarını sevmək qədər, onlarla necə rəftar etdiyimiz də vacibdir. Başqalarına qarşı davranışlar çox müsbətdən çox mənfiyə qədər dəyişə bilər. Mənfi davranışın ən geniş forması aqressiyadır. Davranış və ya öyrənmə nəzəriyyəçilərinə görə, aqressiya “başqalarını incitməyə yönəlmiş hər hansı qəsdən davranış və ya hərəkətdir”.
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə zorakılıq, “başqa bir şəxsə qəsdən təhlükə və ya fiziki gücün tətbiq edilməsi, onun xəsarət, ölüm və ya psixoloji zərərlə nəticələnməsi və ya səbəb ola biləcəyi vəziyyətdir”. ÜST-ə görə, məişət zorakılığı “yetkin və gənc qadınlara qarşı yeni və ya keçmiş kişi partnyorları tərəfindən məcburi cinsi, psixi və fiziki davranışdır”.
Qadınlara qarşı zorakılıq hər cəmiyyətdə, hər mədəniyyətdə, hər təhsil səviyyəsində və hər gəlir səviyyəsində mövcuddur. İnkişaf etmiş ölkələrdə aparılan araşdırmalarda qadınların 1/3 və 2/3 hissəsinin əri tərəfindən zorakılığa məruz qaldığı müəyyən edilib. Müvafiq olaraq, hər iki qadından biri həyatının bir dönəmində zorakılığa məruz qalır. Qadına qarşı emosional, şifahi və siyasi zorakılıq kimi bütün zorakılıq növləri nəzərə alındıqda bu nisbət daha da yüksək olur.
Psixoloq Leyla Zaman Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, qadınlara qarşı zorakılıq sosial münasibətlərdə, ailədə və cəmiyyətdə qadınlara verilən aşağı qiymət, fərdi və bioloji amillər,yaxın münasibətlərdə problemlər səbəbi il baş verir. Qadınlara qarşı zorakılıq cəmiyyətə, mədəniyyətə və fərdlərə görə dəyişir.
“Bəzi qadınlar ənənəvi düşüncə ilə zorakılığı “tale” olaraq görürlər. Qadınlara qarşı zorakılıq tətbiq edən kişilər özünə güvənmir, alkoqoldan istifadə edir, zorakılığı hüquq kimi görür, gəlir və təhsil səviyyəsi aşağıdır, zorakılıq xarakterli film və seriallara baxır, uşaqlıqda sevgisiz, təcrübəsiz və ya zorakılıq şahidi olaraq böyüyüb və davranışlarına görə məsuliyyət hiss etmirlər. Zorakılığa məruz qalan qadınlar isə, uşaqlıqda zorakılığın qurbanı və ya şahidi olurlar. Özünə güvənmirlər, iqtisadi təhlükəsizliyi yoxdur, ənənəvi dəyərlərə sahibdirlər” - deyə psxioloq bildirib. Onun sözlərinə görə, qadına qarşı fiziki zorakılıq xəsarətlər, cinsi yolla keçən xəstəliklər, baş və mədə ağrısı, narkomaniya, astma, bağırsaq xəstəliklərinə səbəb olur. Eyni zamanda depressiya, travma sonrası stress pozğunluğu, yemək pozğunluğu, yuxu pozğunluğu, cinsi disfunksiya da müşahidə edilir. Bundan başqa zorakılıq bəzən intihar və qətllə də nəticələnə bilər.
“Bəzi kişilər, jarqon və söyüşləri normal sayır. Zorakılığa “kişilik əlaməti” kimi baxırlar. Uşaqlıqda zorakılığa məruz qalanların gələcəkdə zorakılıq törədənlərə çevrildiyi sübut edilib. Qadına qarşı zorakılığın aradan qaldırılması üçün zorakılıq elementləri təhsil və təlimdən kənarlaşdırılmalıdır. “Müəllim vuran yerdə gül bitər”, “Əti sənin, sümüyü mənim” və s. sözlər zorakılığın bariz nümunəsidir” - deyən psixoloq qadınları övladların tərbiyə verərkən də diqqətli olmağa çağırıb.
İlahin, Bizimyol.info






