Türkiyə ilə bağlı daha bir mövzu Yunanıstanda gündəmdədir.
Belə ki, dünən NATO Müttəfiq Quru Qoşunları Komandanlığının sosial media hesabından 30 Avqust Qələbə Günü ilə bağlı paylaşım edilib.
Türkiyə əsgərlərinin fotosunun yer aldığı paylaşımda Milli Müdafiə Nazirliyinin sosial media hesabında türkcə "Zəfər bayramınız mübarək",- deyə qeyd edilib.
Yazının davamında "Bu gün Türkiyənin müstəqilliyinin 100-cü ildönümüdür. Zəfər və Türk Silahlı Qüvvələri Bayramı qeyd etmələrində NATO və onun hüdudlarından kənarda olan türk müttəfiqlərimizin yanındayıq" sözləri yazılıb.
Bizimyol.info xəbər verir ki, NATO-nun yuxarıda qeyd etdiyimiz paylaşımı Yunanıstan mediasında geniş əks-səda doğurub.
“Ta Nea” qəzeti xəbəri “NATO bombası: Türkiyəni 1922-ci ildə Yunanıstan üzərində qazandığı qələbə münasibətilə təbrik etdilər” başlığı ilə təqdim edib.
Daha əvvəl Türkiyə ilə bağlı əsassız iddiaları öz səhifələrinə daşıyan qəzet xəbərdə bu ifadələrə yer verib; “Əslində bu gün (30 avqust) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla türk hakimiyyətinin hədələrlə Yunanıstana şiddətli hücuma keçməyi seçdiyi gündür”.
Digər tərəfdən Yunanıstan CNN kanalı “NATO Türkiyəni Yunanıstan üzərində qazandığı qələbə münasibətilə təbrik etdi” başlıqlı xəbərində bu paylaşımın "sürpriz yaratdığını" iddia edib. Məqalədə LANDCMD mesajında “Zəfər gününüz mübarək” yazılıb. “Əslində o, Türkiyəni NATO ailəsinin digər üzvü Yunanıstan üzərində qələbə münasibətilə təbrik edir”,- deyə bildirilib.
Bundan əlavə, yunan dilində yayımlanan bir çox xəbər saytları da mövzuya geniş yer ayırıb.
Leyla, Bizimyol.info






