Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nərmin işi"ndə yeni müəmmalar: Nərminə aid lif öz-özünə bazara necə gedib çıxıb?
"Nərmin işi"ndə yeni müəmmalar: Nərminə aid lif öz-özünə bazara necə gedib çıxıb?

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu il noyabrın 21-də azyaşlı Nərmin Quliyevanın itkin düşməsi və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmə prosesi davam etdikcə bu işdəki qaranlıqlar, cavabsız suallar daha da artır. Bu mənada, iyunun 7-də keçirilən məhkəmə iclasında üzə çıxan hallar şübhələri daha da dərinləşdirib.

Bizimyol.info xəbər verir ki, azyaşlı Nərminin əmisi yanmış meyit tapılmamışdan iki-üç gün əvvəl beyinlərdə suallar yaradan fikir səsləndirib. Uşağın sonuncu dəfə evdən çıxıb, gödəkçə apardığı əmisi Arif Quliyev meyit tapılmamışdan az əvvəl kənd sakinlərindən birinə deyib ki, onun qapısına Nərminin paltarı, ayaqqabısı atıla bilər. Bu barədə iyunun 7-də məhkəmədə həmin kənd sakini Ürfət Əliyev özü ifadə verərkən danışıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə prosesində şahid kimi dindirilən Ürfət Əliyev bildirib ki, Nərminin əmisi Arif Quliyevlə aralarında bu söhbət 2020-ci il yanvarın 3-ü və ya 4-də olub. Həmin vaxt 44-45 gün idi ki, Nərmin itmişdi: "Yoldaşım gəlib dedi ki, Arif səni çağırır. Çıxdım. Dedi ki, ayıq-sayıq ol, birdən gecə Nərminin ayaqqabısından, paltarından gətirib atarlar qapına, dərhal xəbər ver bizə, qonşuyuq, düşmən edərlər bizi...” Düzü, bilmirəm niyə belə deyirdi. Başqa qonşulara da belə deyib-demədiyini bilmirəm".

Nərminin qohumları iddia edir ki, uşaq itkin olduğu müddətdə kənddəki bütün evlərdə axtarış aparılıb, yalnız İlkin Süleymanov və həmin vaxt Post Patrul Bölüyünün serjantı olan əmisi oğlu Murad Süleymanovgildə axtarış aparılmayıb. Lakin məhkəmədə dindirilən çoxsaylı şahidlər bildirib ki, uşaq itkin olduğu vaxtlarda onların da evində axtarış aparılmayıb. Axtarış yanmış meyit tapılandan sonra aparılıb.

Ürfət Əliyev də deyir ki, Nərmin itkin olduğu dövrdə onların evində axtarış aparan olmayıb. Şahid onu da bildirib ki, 2020-ci il yanvarın 6-da – yanmış meyit tapılan gün İlkin Süleymanovu idarə etdiyi avtomobillə Gəncəyə hüzr mərasiminə aparıb.

Məhkəmədə daha bir şahid – Nicat Eminov da dindirilib. O, Nərminin 47 gün ərzində saxlandığı iddia olunan otaqla bağlı ifadə verib. Nicat Eminov İlkin Süleymanovun bacısı oğludur: "Mən Bakıda yaşayıram, anam isə kənddə. O hadisədən bir müddət əvvəl babam insult keçirmişdi, anam gedib babamgildə qalırdı, ona baxırdı. Mən dekabrın 15-də sinif yoldaşımın toyuna görə kəndə gəldim. Həmin vaxt Bakıda yaşayan iki sinif yoldaşım və bir tanışım da mənimlə gəlmişdi. Anam babamgildə qaldığına görə biz də elə birbaşa ora gəldik. Çünki gecə gəlirdik, anam nigaran qalırdı, tez-tez zəng edirdi. Dekabrın 18-nə qədər elə orada qaldıq, 18-də qayıtdım...”

Nicat Eminovun sözlərinə görə, dekabrın 15-dən 18-nə qədər 2 toya gedib. Toya gedəndə çıxıb Nərminin saxlandığı iddia olunan otaqda geyimini dəyişib: “Orada dayım Adilin bir neçə dəst kostyumu asılmışdı. Mən qalxıb o otaqda dayımın bir pencəyini öz şalvarımla uyğunlaşdırıb geyindim, aşağı düşdüm. O otaqda heç kim yox idi. Hətta siqaret də çəkdim. Bu zaman anam və dostum Orxan da həyətdə söhbət edirdilər. Siqaretin kötüyünü anam həyətdə idi deyə qapıdan atmadım, pəncərədən ağcaqanada görə taxılan “setkanı” deşib, oradan bağa atdım. Düşəndə anamla Orxan baxıb dedilər ki, pencək qısadır, yaxşı görünmür. Anamla yanaşı, Orxan da bunu təsdiq edə bilər. Qalxıb bir də dəyişib, elə özümünkünü geyindim. Sonra bir toya da gedəndə o pencəyi geyindim”.

Nicat Eminov onu da bildirib ki, dayısının həbsindən sonra hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları gəlib babasına və başqa qohumlarına qarşı kobudluq ediblər. O isə buna səssiz qalmadığına görə Tovuz rayon Polis Şöbəsinin o vaxtkı rəisi Şirzad Əsgərov onu hədələyib: “Babama deyirdilər ki, utanın, oğlun azyaşlı uşağa təcavüz edib. Babam deyirdi ki, yalan deyirsiz, mənim oğlum günahsızdır, sadəcə, canavarların ağzına düşüb, onu parçalayırlar. Mən babama qarşı bu cür kobudluğa etiraz edirdim. Şirzad Əsgərov məni hədələdi ki, “səni də basaram dayının yanına, heç kim də çıxara bilməz”. Dedim, elədiyinizi eləmisiz, bundan sonra da nə istəyirsiz, eləyin. Dedi ki, “sənə vaxt verirəm kənddən çıxmağa, yoxsa dayının yanına gedəcəksən”. Bəhruz dayım məni yola gətirdi ki, gedim. Şirzad yanıma iki polis qoşdu, onlar məni gətirib avtobusa mindirdilər. Sürücünün nömrəsini götürüb, ona tez-tez zəng edirdilər ki, mənimlə bağlı məlumat alsınlar”.

Bu cinayət işindəki ekspert rəylərindən biri də İlkin Süleymanovun isti alt paltarları ilə bağlıdır. İddia olunur ki, həmin paltarın üzərində Nərminin paltarına uyğun lif tapılıb.

Qardaşı Bəhruz Süleymanov isə deyir ki, bu mümkün deyil. Çünki həmin alt paltarını qardaşı artıq saxlanılandan sonra bazardan alıb, aparıb Tovuz rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verib: “Post-Patrul Bölüyünün komandiri Vüqar zəng elədi mənə, nömrəsi də qalır. Sonra özü də evimizə gəldi. Dedi ki, paltar gətir İlkinə. İlkini yanvarın 6-da saxlamışdılar, həmin gecə atamın gödəkçəsini aparıb vermişdim. Yanvarın 8-də bazardan isti alt paltarını aldım, gəldim, evdən yemək də bişirdilər, götürdüm, aparıb şöbəyə verdim”.

Tovuz rayonundakı mərkəzi bazarda kişi üçün corab, alt paltarlarının satışıyla məşğul olan Müslüm Əliyev də onun dediklərini təsdiqləyib. İyunun 7-də məhkəmədə dindirilən Əliyev deyir ki, məhz yanvarın 8-də Bəhruz Süleymanovun gəlib ondan isti alt paltarı aldığı yadındadır: “Dedi ki, İlkin üçün alır. Hətta qutudan açıb ölçüsünə baxdıq ki, İlkinə uyğun olsun. Tünd göy rəngli isti paltar idi. Mən də həmin kənddən olduğuma görə İlkini tanıyıram”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »