ABŞ-ın aparıcı media qurumlarından biri olan Bloomberg Türkiyədəki iqtisadi böhran və gələn il keçirilməsi planlaşdırılan seçkilərlə bağlı geniş xəbər hazırlayıb.
Bizimyol.info xəbər verir ki, məqalə “inflyasiya Ərdoğanın yeganə rəqibidir” başlığı ilə dərc edilib. Məqalədə müxalifətin hələ də dəqiq rəqib müəyyən etmədiyi diqqətə çatdırılıb və “Parlament sisteminə qayıtmaq istəyən müxalifətin qurduğu, “altılıq” kimi tanınan koalisiyanın hələ ki, müəyyənləşmədiyi xatırladılıb.
Məqalədə Türkiyədə artan inflyasiyanın Ərdoğanın 20 illik iqtidarının ən aktual təhlükəsi olduğu vurğulanıb və son anketlərdə AKP və Ərdoğana dəstəyin azaldığı bildirilib.
Məqalədə pandemiya ilə əlaqədar bütün dünyada qiymətlərin artdığı və tədarük zəncirində problemlərin olduğu xatırladılıb. Türkiyədəki inflyasiya probleminin arxasında isə Ərdoğanın mərkəzi bank qərarlarına müdaxiləsinin olduğu da vurğulanıb.
“Normal olaraq, inflyasiya iqtisadiyyat üçün problemə çevrildikdə, mərkəzi bank faiz dərəcələrini artırır və qiymətləri aşağı salmağa çalışır. Amma Türkiyə bunun əksini etdi”,- deyə yazıda qeyd edilib.
Bundan əlavə, Türkiyədə aprel ayında inflyasiya çox yüksək olub və bu səviyyənin 20 il əvvəl Ərdoğanın seçki zəfəri qazandığı vaxtdakı kimi yüksək olduğu diqqətə çatdırılıb. Yazıda Ərdoğanın tikinti və daşınmaz əmlak sektoruna əsaslanan böyümə modelini izlədiyinə və ucuz puldan istifadə etdiyinə diqqət çəkilib.
“Ərdoğan böyük iqtisadi eksperimentini dayandırmaq üçün heç bir siqnal vermir, oxuduğunuz bütün iqtisadiyyat kitablarında bu fikrin əksi göstərilir. Yəni, yüksək faiz dərəcələri yüksək inflyasiyaya səbəb olur. Müxalifət partiyaları da vəzifəyə başlayacaqları təqdirdə mərkəzi bankın etibarlılığını və müstəqilliyini təmin edəcəklərinə söz verirlər. Hakimiyyətə gələ bilsələr, bunu edə bilərlər”,- deyə məqalədə bildirilir.
Qeyd edək ki, məqalədə İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsxanaya göndərilməsi ehtimalının olduğu vurğulanıb və Canan Kaftancıoğluna verilən cəza xatırladılıb.
P.S. Qeyd edək ki, Ərdoğan ABŞ-la münasibətdə "itaətkar" siyasət yürütmədiyinə görə Qərb mediası tez-tez onu tənqid edir və diktator adlandırır. Reallıqda isə ABŞ-a itaət göstərən qatı diktatorlar, adətən, Qərb mediasının tənqidlərindən kənarda qalır.
Leyla, Bizimyol.info






