Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oxumayan, unudulmayan, bir ömürdə iki dəfə doğulub yaşayan müğənni - Akif İslamzadə
Oxumayan,  unudulmayan, bir ömürdə iki dəfə doğulub yaşayan müğənni - Akif İslamzadə

İnsan var əslində 14 yaşında ölür, 70 yaşında sadəcə dəfn edilir. Yaşayıb-yaşamadığını heç özü də bilmir, ətrafı da. Bir sənət adamı olaraq xalqın yaddaşını qazanmaq, ürəyinə yol tapmaq da asan məsələ deyil. Adam var bunun üçün illərini verir, adam var bir mahnısı ilə qazanır bu əbədiyyəti.

Bu gün sənətiylə ürəklərə qazınmış, səsiylə könülləri fəth etmiş qocaman sənətkar Akif İslamzadənin doğum günüdür. 73 yaşı tamam olur. İllər öncə səsini itirsə də, unudulmadı. Allah sehrli səslə ödülləndirdiyi bəndəsini o səsdən məhrum edib öz böyük sevgisinin sehrinə saldı.

Bu gün bir zamanlar estrada müğənnisi kimi tanıdığımız Akif İslamzadə br ruh adamı, din adamına çevrilib. O danışdıqca qarşında müğənni deyil, həyat fəlsəfəsinə köklənmiş bir müdrik insan görürsən. Dinə sarılmış, Allah sevdasına bağlanmış və gözləri bundan başqa heç nəyi görməyən, görmək istəməyən...

“Mən Quranı tərcümədən oxuyurdum. Öncələr sadəcə, oxuyurdum. Amma bir gün oxuduğum bir ayə mənə şapalaq kimi dəydi. Əlim-qolum qurudu. Deyilirdi ki, qəlb gözünü bağladığımız kimsə bizi anlamaz, biz icazə vermədiyimiz müddətdə qəlbləriniz bizi anlamağa kar və kor olar. Bizim yol verdiyimiz bəndələri isə kimsə yolundan azdıra bilməz. Anladım ki, başıma gələn hər şey məni Allahın yoluna dəvət etmək üçün imiş. Səsimi itirəndən sonra bir müddət özümə gələ bilmədim. Çirkaba batdım, içkiyə qurşandım. Özümdə olmadım. Amma görünür, Allah məni unutmadı”,- demişdi mənə verdiyi bir müsahibəsində.

38 yaşında, 1986-cı ildə səs tellərində yaranmış xəstəlik səbəbilə bir daha oxumadı. Bu gün nələr düşünür deyib zəng etdim. Təbrik üçün, yada salındığı üçün hər kəsə minnətdardır.

“Keçmişə doğru nostalgiyam yoxdur. Ömrümdən razıyam. Hərdən bir adım çəkiləndə məni xatırlayırlarsa, bu mənim üçün böyük şeydir. Hərdən sual verirlər, bir də dünyaya gəlsəydiniz, ötən günləri qaytarsaydılar... Belə sualları sevmirəm. Yaşanan ömür Allahın sınağıdır. Reinkarnasiya deyilən şey də insan övladı üçün deyil, cinlər üçündür. Verilən ömrü düzgün yaşamaq , dərk eləmək lazımdır. Dərk yolunu tutduğum üçün Allaha minnətdaram. Ömrümdən razıyam. Allahdan tək istədiyim şey odur ki, yaşa dolduqca nəyimi alsa da, ağlımı başımdan almasın”,- deyir böyük sənətkar.

İlhamə Rəsulova və Akif İslamzadə İlhamə Rəsulova və Akif İslamzadə

Müdrük qocalıq da hər insana qismət olmur. Akif İslamzadəyə nəsib oldu. O mənə Simurq quşunu xatırladır. Atəşlərə düşüb yanan, kül olan, lakin külündən yenidən doğan Simurqu. Özü reinkarnasiyaya inanmasa da, o bir ömürdə iki dəfə doğulub yaşayıb. Bir dəfə müğənni Akif İslamzadə kimi, bir dəfə Allaha qovuşmaq üçün yol gedən adam kimi. Yolun uzun olsun, Ustad!

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »