Uşaqkən atamın dostu ləzgi Mərdan dayı tez- tez qonaq gələrdi bizə.Əslən Qaxdan olan köçəri çoban idi. Özləri haqqında danışanda ləzgilər, sırf azərbaycan türkləri haqqında danışanda isə muğallar ifadəsini işlədirdi. Muğal sözünü ilk dəfə ondan eşitmişdim. Muğallar haqqında tarixçəni qaxlılar yaşadırlar öz dillərində. Hardan yadıma düşdü bu? Qax səfərimiz zamanı İlisu kəndində “Qorxma mən səninləyəm” filminin çəkildiyi o məşhur qalaya səfər zamanı bələdçi xanımın tez- tez işlətdiyi muğal sözündən.
Sumuq qala XVIII əsrdə tikilib. Deyilənə görə sümük kimi bərk olduğuna görə adına sümük qala - Sumuq qala deyirlər. Müdafiə qülləsinin bir örnəyidir. Bələdçimiz Həlimə xanım qala barədə danışarkən qədim maqlar, muğallar barəsində də danışmadan keçmədi. 30-milyona yaxın Muğal Türkləri haqqında çox bilgi yayılmayıb. Onların bir qolu da Pakistan və Hindistanın, daha dəqiq desək Kəşmirin yerli sakinləridir.

Bir çox tarixi mənbələrdə etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Bir mənbədə bildirilir ki, XIII əsrdə monqollann (yaxud muğalların) içərisində Azərbaycana gəlmiş türkdilli tayfaların müəyyən hissəsi Qax ərazisində məskunlaşdıqdan sonra ətrafda yaşayan avarlar onları və o cümlədən yerli azərbaycanlıları ümumi adla muğal adlandırmışlar. Qaxın azərbaycanlılar yaşayan hissəsi Qaxmuğal, digər hissəsi isə Qaxingiloy (Qaxın ingiloylar yaşayan hissəsi) adlanıb.

Lakin başqa mənbələrdən bildirilir ki, muğal sözünün monqollarla əlaqəsi yoxdur, bu qədim maq tayfalarının adıdır. Azərbaycan türklərinin formalaşmasında maqlar böyük rol oynamışlar. Ərəb mənbələrində xürrəmilərin maqlar olması göstərilir. (İbn Əl-Əsir yazır ki, xürrəmilər Məcus, yəni Maq tayfasının bir dəstəsidir) məhz maqlarla bağlıdır.
Ərəb işğallarına qədər Muğanda yerli türklərin qədim dini əqidələrini yaşadanlar məhz maqlar (muğlar) idilər.
Əksər tədqiqatçılar qeyd edirlər ki, Muğan toponimi maqların adını əks etdirir. Maqlar – mannalar türk dilli etnos kimi Azərbaycan türklərinin etnogenezində böyük rol oynamışlar. Bax beləcə bir Sumuq qala əfsanəsinin arxasında qədim bir xalqın unudulmaqda olan adı, tarixi yaşayır. Sumuq qalanı işçilər özləri könüllü əsaslarla muzeyə çeviriblər, maraqlı eksponatlarla bəzəyiblər. Qalanın içinə giriş bileti də 50 qəpik təşkil edir.

Bu arada demədən keçmək istəmirəm, filmlərin çəkilməsi bir sıra kəndlərimizin, qalalarımızın ikinci həyat qazanmasına səbəb olub və turizm üçün əməlli başlı gəlir mənbəyidir.Bunu müsbət hal kimi qiymətləndirirəm. Sumuq qala filmdə gördüyümüz qədər böyük deyil. Gözəlliklər diyarı Qaxın Ulu körpüsünə də baş çəkdik. Burdakı gəzintimizi isə necə təqdim edəcəyimi bilmədiyim bir bir populyar sima yaddaqalan etdi.
Ulu körpünün ətrafında təbiətdən zövq alırdıq.Dedik çay qırağında bir çay içək .Masalardan birində biri yaşlı ,biri cavan iki qadın oturmuşdu. Biz də keçib yan masada oturduq. Qızlardan biri dedi selfi edək xatirə qalsın. Telefonu əlimizə alan kimi qadın arxadan qışqırdı. "Çəkməyin, çəkməyin , bezdirmisiz daha bizi, sizə dedim çəkməyin, durun gedin.". Heyrətlə qadına baxdım. Başındakı uzun dimdikli kepkanın altından uzun sarı saçları görünən qız da üzü görünməsin deyə masaya dirsəklənmiş şəkildə əli ilə üzünü gizləyir - sanki günəşdən qorunurnuş kimi. Amma toppuş və üzüklərlə dolu əli arasından alınmış incə qaşlarıyla yanaşı, saqqallı üzü də görünür. Qızlardan biri zarafatla və təbəssümlə “Bayram Nurludur” dedi.

Bayram Nurlu kimi şou adamlarıyla heç işim olmaz və marağımı çəkməz. Di gəl bu dəfə özü zorla diqqət dairəmizə girdi. Əhəmiyyət verməyib yenidən şəkil çəkdirək deyəndə “saqqallı gözəlin yanındakı qadın yenə hay - küy saldı. Bizim qızlar da şən tərpəndilər, heç keflərini pozmadan guya məşhur olan o yox, mənmişəm kimi üstümə düşdülər. "İlhamə xanım, sizlə bir şəkil, xahiş edirik". Şəkil çəkdirdik, güldük, danışdıq. Bayram da bilmirəm ona yox, mənə olan diqqətdən əsəbiləşdi, yoxsa rahatlığını pozmuşmu olduq - forsla, bir az da hirslə bir baxış atıb durub nazlana-nazlana getdi. Dayansaydı, soruşacaqdım ki, sən məşhur olmaq üçün yüz hoqqa çıxarmadınmı, indi bu nə pəhriz, nə lahana turşusu?

Zaqatalaya çatanda artıq gecəydi. Qaldığımız otelin pəncərəsindən şəhərin mərkəzi, bayraq meydanı və arxa fonda möhtəşəm yaşıl dağlar görünür. Səhərin açılmasını səbirsizliklə gözlədim. Sübh tezdən hələ kimsə yoxkən gəzib , görməyə qərar verdim. Aman Allah, bu nə gözəllik. Azərbaycanın ən təmiz, ən gözəl, ən sakit, qədim xüsusiyyətlərini qorumuş ən yaxşı şəhəri haradır desələr şübhəsiz Zaqatala deyəcəm. Bu arada icra başçısının da şəhərin təmziliyinə xüsusi önəm verdiyini hiss etməmiş deyildim. Başqa sahələri necə idarə edir bilmirəm, şəhərin görüntüsünə söz ola bilməz. Hələ insanları. Qadınların hamısı sanki sarı, qırmızı yanaqlı gilasdılar. Çox göyçək. Elə kişiləri də. Rayon əhalisi adətən çox zəhmət çəkməkdən, bəzək düzəyə vaxtları qalmadığından zamanından tez qocalırlar. Zaqatalalılar aldıqları o təmiz havadandırmı, gözəl təbiətdəndirmi, simaca çox yaraşqılıdırlar.Mehribandırlar, küçədə kimdən nəyi soruşsan böyük mehribanlıqla cavab verir, illərin dostuymuş kimi davranırlar. Şəhətə yolunuz düşsə “Yenilməz batalyon” filminin çəkildiyi o məşhur qalanı, Qala düzünü, arxa küçələri mütləq gəzin.

Zaqatalanın özünə xas memarlıq üslubu var. Evlər çox böyük deyil, balaca və səliqəlidir, divarları çay daşını andıran təsvirlə bəzənib.Şəhərin kənarında, car kəndinin girişində yerləşən çox səliqəli, böyük ağacların kölgəsindəki qədim məzarlıq da diqqətimi çəkdi. Görünürdü ki, torpağa bataqda olan insan başı boydakı bu məzar daşlarının 200-300 il yaşı var. Şəhərin mərkəzindəki Qafqaz İslam Universiteti də öz səliqə sahmanı ilə uzaqdan diqqət çəkir. Qəribəsi budur ki, Zaqatalada bu gözəlliklər diyarında küçədə çox az adam görmək olur. Qəbz dərəyə, Ümid gölünə, Car kəndinə mütləq baş çəkin. Əminəm ki, gördüyünüz ilahi gözəlliklər qarşısında hər dəqiqə dilinizdən “yaratdığın bu gözəllik üçün sənə şükürlər olsun, Allahım, necə gözəl yaradansan” deyəcəksiniz. Cənnətdə oturub Allahı düşünməmək olarmı?
İlhamə Rəsulova
Bizimyol.info






