“Youtube” portalında Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun Yeni il şənliyində iştirakıyla bağlı bir saatlıq süjet peyda olub. Həmin süjetdə dövlət başçısının tədbirdə diceylik etdiyi görünür.
Bizimyol.info xəbər verir ki, ölkədən kənarda yaşayan türkmənlər videonun rəy bölümündə, əslində, Türkmənistan televiziyasının saxtakarlığa yol verdiyini yazıblar. Kadrlarda Berdıməhəmmədovla bağlı kadrlar qəribə təsir bağışlayır. Prezident heç bir halda adamların arasında görünmür. Onun ümumi planda adamlarla eyni zalda olduğu göstərilmir. Bəzi kadrlarda şənlikdə iştirak edənlər səhnəyə doğru baxır, prezidentin silueti nəzərə çarpır. Amma yenə də Berdıməhəmmədovun şənlikdə iştirakını təsdiqləmək olmur.

Rəylərdə bir neçə iddia var. İddialardan biri odur ki, prezidentin diceylik etdiyi, oxuduğu kadrlar ayrıca çəkilib, ekranda tədbir iştirakçılarına nümayiş olunur. Guya onlar da özünü prezidentin hüzurunda olmuş kimi göstərir. Əslində, bəzi kadrlarda sünilik nəzərə çarpır deyə, bu versiyanı inandırıcı saymaq olar.
Digər iddia odur ki, Berdıməhəmmədov, ümumiyyətlə, musiqi alətlərində ifa edə bilmir, kadrlardakı barmaqlar da onun deyil. İstənilən halda bir saatlıq tədbirdə ümumi boşluq hiss olunur. Sonda ortaya tort gətirilir, amma prezidentin yaxınlaşıb kəsməsi kadrlarda əksini tapmır.






