Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq təşkilatların təsnifatı və Azərbaycanın bu təşkilatlarla əməkdaşlığının əsas istiqamətləri
Beynəlxalq təşkilatların təsnifatı və Azərbaycanın bu təşkilatlarla əməkdaşlığının əsas istiqamətləri

Beynəlxalq münasibətlərin qeyri-dövlət iştirakçıları sırasına hökumətlərarası təşkilatları, qeyri-hökumət təşkilatlarını, transmilli şirkətləri, digər ictimai qüvvələri və hərəkatları daxil etmək olar.

Onların rollarının və nüfuzunun artması müharibədənsonrakı beynəlxalq münasibətlər üçün xarakterikdir. Onları bəzən «Görünməyən kontinent» və ya «İkinci dünya» adlandırırlar.

Fransız mütəxəssisi Ş.Zorqbib beynəlxalq təşkilatları fərqləndirən üç əsas xarakterik xüsusiyyəti qeyd edir: təsis sənədlərində əksini tapmış əməkdaşlıq üçün siyasi iradə, təşkilatın inkişafında varisliyi təmin edən daimi aparatın olması, səlahiyyət və qərarların muxtariyyəti.

Göstərilən xüsusiyyətlər beynəlxalq münasibətlərə əsaslanan, müəyyən razılaşdırılmış kompetensiyaya və daimi orqanlara malik, dövlətlərin sabit birliyi olan beynəlxalq hökumətlərarası təşkilatlara tamamilə uyğundur.

Siyasi xarakterli beynəlxalq təşkilatların təsis olunması Birinci Dünya müharibəsindən sonra (Millətlər Cəmiyyəti, Beynəlxalq Əmək Təşkilatı), həmçinin İkinci Dünya müharibəsinin gedişində və onun başa çatmasından sonra 1945-ci ildə San-Fransisko konfransının gedişində BMT-nin yaradılması ilə nəticələnmişdir. Həmin dövrdən sonra beynəlxalq təşkilatların sayı əhəmiyyətli dərəcədə artmışdır. 1970-ci illərin əvvəllərində dünyada iki yüz iyirmi təşkilat var idisə, həmin ilin ortalarında bu rəqəm iki yüz altmışa, hazırda isə dörd yüzə çatmışdır.

Beynəlxalq təşkilatların sayının artması dövlətlərin artan qarşılıqlı asılılığının və onların daimi əsasla çoxtərəfli əməkdaşlığının nümunələrindən biridir. Bundan başqa, bu cür təşkilatlar təsisçi dövlətlərə münasibətdə müəyyən avtonomiyaya malikdir və dövlətlər tərəfindən onlara tam nəzarət oluna bilmir. Bu beynəlxalq təşkilatlara dövlətlərin müxtəlif sferadakı davranışına daimi təsir göstərmək imkanı verir.

Beynəlxalq təşkilatların müxtəlif tipologiyası mövcuddur. Onlardan nisbətən geniş yayılmışı beynəlxalq təşkilatların geosiyasi kriteriyalar üzrə təsnif olunmasıdır. Bu zaman beynəlxalq təşkilatların universal (məsələn, BMT), regionlararası (məsələn, İKT), regional (məs., Latın Amerikası iqtisadi sistemi), subregional (məsələn, GUAM) tipləri ayırd edilir.

Digər bir kriteriya beynəlxalq təşkilatları fəaliyyət sahəsinə və istiqamətinə görə təsnif etməkdir. Bu kriteriyaya müvafiq olaraq ümumməqsədli (BMT), iqtisadi (EAST, OPEK, Ümumdünya Ticarət Təşkilatı), hərbi-siyasi (NATO, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Qərbi Avropa İttifaqı), maliyyə (BVF, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı,) elmi-mədəni (UNESCO) və texniki təşkilatlar mövcuddur.

Lakin göstərilən kriteriyalar şərti xarakter daşıyır. Birincisi, onları bir-birinə qarşı qoymaq olmaz, çünki bir sıra təşkilatlar eyni zamanda hər iki kriteriyaya cavab verir. İkincisi, onların əsasında həyata keçirilən təsnifat nisbidir: hətta texniki təşkilatlar öz üzərlərinə iqtisadi və ya siyasi funksiyalar götürə bilərlər. Məsələn, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, QATT kimi təşkilatlar öz qarşılarında liberal bazar münasibətlərinin mövcud olduğu üzv dövlətlərdə fəaliyyət göstərmək məqsədi qoymuşlar ki, bu da siyasi xarakterli məqsəddir. Üçüncüsü, beynəlxalq təşkilatların nəinki funksional, eləcə də siyasi avtonomiyasını həddən artıq qabartmaq düzgün deyildir. Məsələn, BMT Nizamnaməsinin 100-cü maddəsində deyilir: «Təşkilatın hər bir üzvü Baş Katib və Katiblik personalının öhdəliklərinin beynəlxalq xarakterinə hörmət etmək öhdəliyi götürür və vəzifələrinin icrası zamanı onlara təsir göstərməyə çalışmır». (9, XV Başlıq, 100-cü maddə). Lakin BMT və onun ixtisaslaşmış təşkilatlarının fəaliyyət istiqamətlərinə ABŞ və onun müttəfiqləri böyük təsir göstərir. Buna şərait yaradan əsas səbəb adıçəkilən təsisatlarda qüvvədə olan qərarların qəbulu zamanı tarazlaşdırıcı səsvermə prinsipinin mövcudluğudur. Bu prinsipə görə, təşkilata daha artıq maliyyə yardımı göstərən dövlət nisbətən üstün imkanlara malik olur. Bunun sayəsində ABŞ BVF və Dünya Bankında 20% səs hüququna sahibdir. Bütün bunlar Beynəlxalq təşkilatların və xüsusən də onlardan ən böyük və universalı olan BMT-nin effektivliyi problemini ortaya çıxarır.

Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, fikir mübadiləsi və qarşılıqlı anlaşmaya şərait yaratmaqla dövlətlər arasındakı dostlüq münasibətlərinin və əməkdaşlığın inkişafının təmin olunması məqsədilə yaradılmış BMT Soyuq müharibə şəraitində çox zaman kəskin təbliğat qarşıdurması meydanına çevrilirdi və tamamilə siyasiləşmiş bir qurum idi.

Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olmuşdur. Azərbaycan Respublikası həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir.

• Azərbaycan-BMT

Beləliklə, Azərbaycanın xarici siyasətində onun 1992-ci ildən üzv olduğu BMT-yə müstəsna əhəmiyyətli universal beynəlxalq təşkilat kimi yanaşılır. Yuxarıda adı çəkilən BMT TŞ-nın Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamələrilə yanaşı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xəttilə Azərbaycan qaçqınları və məcburi köçkünlərinin ağır şəraitinin qismən yaxşılaşdırılmasına yönəldilmiş yardımını da qeyd etmək lazımdır. Azərbaycan-BMT münasibətləri çərçivəsində ölkəyə müxtəlif layihələrlə bağlı yardım göstərən BMT-nin İnkişaf Proqramının oynadığı mühüm rolu da misal gətirmək olar. Bundan əlavə, UNESCO, UNİCEF və BMT-nin digər xüsusiləşdirilmiş təşkilatlarının fəaliyyəti də diqqətdən yayınmamalıdır.

• Azərbaycan - İƏT

1991-ci ildə İƏT-yə üzv olduqdan sonra Azərbaycan bu təşkilat çərçivəsində fəal iştirakçıya çevrilmiş və İslam Əməkdaşlıq Təşkilatı ilə mühüm önəm kəsb edən münasibətlərinin daha da möhkəmləndirilməsinin tərəfdarı kimi çıxış edir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar qismində tanıyan və pisləyən ilk beynəlxalq təşkilatdır. İƏT-in bu həyat əhəmiyyətli məsələyə dair aydın və ədalətli mövqeyi həmin təşkilatla münasibətlərimizin yüksələn xətlə inkişafına əlverişli zəmin yaratmışdır.

• Azərbaycan - ATƏT

Azərbaycanın 1992-ci ildən üzv olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Avropa qitəsinin bütün ölkələrini əhatə edən yeganə təşkilatdır. Azərbaycan Respublikası təşkilatın əsas sənədləri olan ATƏM-in Helsinki Yekun Aktına 1992-ci, Paris Xartiyasına 1993-cü və Avropa Təhlükəsizliyi Xartiyasına 1999-cu ildə qoşulmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsindəki roluna görə, ATƏT çərçivəsində əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutur. Azərbaycan ATƏT-lə həmçinin demokratikləşdirmə sahəsində də əməkdaşlıq edir və bu sahəyə seçkilərin müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xəttilə həyata keçirilən layihələr və s. daxildir.

• Azərbaycan - Avropa Şurası

Avropa institutlarına inteqrasiya Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən biridir. Bu səbəbdən Azərbaycan 2001-ci ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlıqda öz milli qanunvericiliyinin yüksək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görür. Belə ki, Azərbaycan milli qanunvericiliklərin demokratikləşdirilməsinə köməklik göstərən AŞ-nin Venesiya Komissiyası ilə sıx əlaqələr qurmuş, Avropa Şurasının başlıca sənədi sayılan İnsan Hüquqları və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyası və onun Protokollarını 25 yanvar 2001-ci il tarixində imzalamış, 15 aprel 2002-ci ildə isə onları ratifikasiya etmişdir. Azərbaycan nümayəndə heyəti Avropa Şurası çərçivəsində, ilk növbədə bu təşkilatın Ermənistan-Azərbaycan münaqişəsinə dair ədalətli mövqeyinin formalaşdırılmasında məqsədyönlü və məhsuldar fəaliyyətilə seçilir.

• Azərbaycan - Avropa Birliyi

Avropa məkanına daha sıx inteqrasiyanın zəruriliyi mövqeyindən çıxış edən Azərbaycan Avropa Birliyilə çoxşahəli qarşılıqlı əlaqələr yaratmışdır. Azərbaycanın AB ilə münasibətləri TACİS, TRACECA və s. kimi müxtəlif proqramlar çərçivəsində inkişaf etdirilir. 1996-cı ildə Azərbaycan ilə Avropa Birliyi arasında 1999-cu ildən qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq sazişi imzalanmışdır. Bu saziş siyasi dialoq, demokratiyanın qurulmasına kömək, eləcə də iqtisadi əməkdaşlıq və sərmayələrin qoyuluşunu nəzərdə tutur. 2004-cü ildə Avropa Birliyinin şərqə doğru genişləndirilməsilə Azərbaycan Cənubi Qafqaz ölkəsi olaraq, "Genişləndirilmiş Avropa" təşəbbüsü çərçivəsində AB-nin "Yeni qonşuluq siyasəti"nə daxil edilmişdir. Bu isə ölkəmizin Avropa Birliyilə əməkdaşlığı daha da inkişaf etdirərək yeni keyfiyyət mərhələsinə qaldırması üçün zəmin yaradır.

• Azərbaycan - NATO

Azərbaycanın Avro-Atlantika məkanında təhlükəsizliyinin başlıca elementlərindən olan NATO ilə münasibətlərinə gəldikdə isə, qeyd etmək lazımdır ki, ölkəmiz "Sülh naminə tərəfdaşlıq" proqramına elə onun təqdim edildiyi 1994-cü ildə ilk qoşulanlardan olmaqla, Avro-Atlantika Tərəfdaşlıq Şurasında öz yerini tutmuşdur. O dövrdən etibarən Azərbaycanın alyansla əməkdaşlığı uğurla inkişaf etməkdədir. Planlaşdırma və analiz prosesi və Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində fəaliyyət, eləcə də Azərbaycan hərbçilərinin NATO-nun başçılığı ilə Kosovodakı sülhməramlı əməliyyatlarda iştirakını buna bariz nümunə kimi göstərmək olar.

• Azərbaycan - Antiterror koalisiyası

Həm nisbətən yaxın olmayan tarixdə, həm də müasir dövrdə qarşılaşdığı erməni terrorçuluğu timsalında bu bəlanın nə olduğunu tam dərk edən Azərbaycan 2001-ci il sentyabr ayının 11-dən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının fəal üzvü olaraq, terrorçuluğun qlobal təhdidlərinə qarşı mübarizəyə öz töhfəsini verməkdədir. Belə ki, azərbaycanlı sülhməramlılar Əfqanıstan və İraqda həyata keçirilən sülhməramlı əməliyyatlara qoşulmuşdur.

• Azərbaycan - MDB

1993-cü ildən MDB-nin üzvü olan Azərbaycan bu təşkilat çərçivəsində öz müstəqilliyini möhkəmləndirmək və mehriban qonşuluq zonası yaratmaq məqsədi güdür. MDB həmçinin ətraf mühitin qorunması, elmi və mədəni əməkdaşlıq, eləcə də qanunsuz dövriyyələrə və cinayətkarlığa qarşı mübarizədə səylərin uyğunlaşdırılması və s. bu kimi sahələrdə fəaliyyətin nizama salınması üçün çərçivə kimi çıxış edir.

Nəzakət Məmmədova, politoloq, xüsusi olaraq “Bizim Yol” üçün

Son xəbərlər
Bütün xəbərlər »