Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İçərişəhərdə tanınmış restoranlar bağlanır
İçərişəhərdə tanınmış restoranlar bağlanır

Ölkə turizmi özünün yaxşı günlərini keçirmir. Turist sayı, bunun məntiqi nəticəsi kimi, iaşə obyektlərinin gəlirləri azalıb. Xüsusilə şəhərin mərkəzindəki mağazalar, restoranlar ciddi çətinlik yaşayırlar. Bu obyektlər arasında bağlananı çoxdur. İçərişəhərdəki iki tanınmış restoran isə müqavilə şərtlərinin dəyişməsinə görə bu tale ilə üz-üzə qalıb.

Bizimyol.info xəbər verir ki, “Old Manqal” və “Sehirli Təndir” bağlanır. Restoranlar əvvəllər uzunmüddətli əməkdaşlıq şərtləri çərçivəsində fəaliyyət göstərirmiş. Sonradan bu, 6 aylıq müqavilələrlə əvəz olunub. İaşə obyektlərin rəhbəri Abbas Nəcəfli müqaviləyə xitam verildiyini bildirir. Onun sözlərinə görə, Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dövlət layihəsi üçün buranın boşaldılmalı olduğunu bildirib. Abbas Nəcəfli məhkəməyə müraciət edib.

“Old Manqal” və “Sehirli Təndir” turistlərin bol olduğu yerdə, Qoşa qala qapısından bir az sağda başlanğıcını götürən Kiçik Qala küçəsində yerləşir. Bura əcnəbilərə həm də foto çəkdirmək üçün uyğun mövqe sayılır.

Düzdür, həmin ərazidəki “Qayınana” və “Salam Baku” restoranlarının müştərisi daha çox olur. Hətta “Qayınana”da əyləşmək üçün uzun növbələr yaranır. Buna baxmayaraq, Abbas Nəcəflinin obyektləri də boş qalmır. Bu restoranlar 15 ildir, fasiləsiz fəaliyyətini davam etdirirdi.

Son vaxtlar turist sayının azalması Kiçik Qala küçəsindəki restoranların işini çox çətinə salıb. İndi isə “Old Manqal” və “Sehirli Təndir”in taleyi tamamilə müəmmalı qalıb. Restoranın əməkdaşlarından birinin Bizimyol.info portalına verdiyi məlumata görə, təxminən on gündür çox çətin vəziyyətdədirlər. Onun sözlərinə görə, otuz nəfərlik kollektiv qazancsız qalıb: “Bəzi əməkdaşlarımız iş axtarmağa başlayıb. Çox çətin vəziyyətə düşmüşük. Aramızda kirayə qalan, krediti olan var. Bu işsizlik dövründə iş tapmaq asan məsələ deyil. Neyləyəcəyik, heç bilmirik. Restoran rəhbərliyi mərhəmətli davranıb həmişə. Artıq qalan çörəyi, yeməkləri yoxsul adamlara paylayırdıq. İndi Həm işçilərin, həm də o cür çörəyə möhtac adamların çörəyi kəsilir”.

Son məlumata görə, restoranların qapısına qıfıl vurulmayıb. İaşə obyektləri yalnız bir neçə əməkdaşın köməyi ilə günü başa vurur. Məhkəmə qərarından sonra restoranların taleyinə tam aydınlıq gələcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »