Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təyyar Salamoğlu Cavadov: “Sabir satirada inqilab yaratmışdı”
Təyyar Salamoğlu Cavadov: “Sabir satirada inqilab yaratmışdı”

Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir 1862-ci ildə may ayının 30-da Şamaxıda anadan olub. O, ilk təhsilini mollaxanada alsa da, 12 yaşından məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbdə təhsilini davam etdirib. Bu məktəb onun üçün faydalı olub, biliklərinin və şairlik istedadının inkişafına kömək edib.

XX əsrin əvvəllərindən Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başlayıb.

1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq uyğun bir dərgi kimi qarşılayıb onun ən fəal müəlliflərindən biri olur. Geniş oxucu auditoriyasına malik olan bu platformada müntəzəm çıxış edərək maarifçilik ideyalarını, ictimai tənqidi və satiranı birləşdirən dərin məzmunlu əsərlər qələmə alıb.

O yatmış camaatı o vaxtı oyatmağa, insanları elmə, təhsilə və tərəqqiyə səsləyirdi. Şeirlərində cəhaləti, savadsızlığı, ədalətsizliyi və cəmiyyətdəki nöqsanları kəskin satira ilə tənqid edirdi. Mirzə Ələkbər Sabirin yaradıcılığı bu gün də öz aktuallığını qoruyur və Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrindən hesab olunur.

Mirzə Ələkbər Sabir 1911-ci il iyulun 25-də Şamaxıda vəfat edir.

  • Sabirin xalqı oyatmaq məqsədi nə idi, xalqı nəyə səsləyirdi?

Azərbaycan ədəbiyyatşünası, pedaqoq, filologiya elmləri doktoru, professor, Təyyar Salamoğlu Cavadov Bizimyol.info xəbər portalına bildirib ki, Mirzə Ələkbər Sabir xalqının milli şüurunu formalaşdırmağı özünün əsas məramı kimi qəbul edir: “M.Ə.Sabir Azərbaycan tənqidi realizminin böyük nümayəndəsidir. Onun satiralarında inkar pafosu ilə təsdiq pafosu bir-birini tamamlayaraq dialoji məzmun yaradır. Burada cəmiyyətdə gedən proseslər bütün mürəkkəbliyi, ziddiyyətləri, müsbət və mənfi tərəfləri ilə əks olunur. Cəmiyyət həyatına analitik bədii nüfuz, “Hophopnamə”nin “milli həyatın ensiklopediyası”na çevrilməsi onun təsdiq pafosu ilə də şərtlənir. Sabir satirası maarifçi dünyagörüşünün ifadəsi olaraq öz üzərinə milli şüurun formalaşdırılması funksiyasını götürür. Bu funksiya onun cəmiyyətin bütün təbəqə və zümrələrinin həyatını bədii təhlil predmetinə çevirməsini qaçılmaz edir.

Cəmiyyətin sıçrayışlar (inqilablar) yolu ilə deyil, tədrici təkamül yolu ilə tərəqqi edəcəyi, millətinin məhz bu yolla”millətlər içində öz imzası”nı təsdiq edə biləcəyinə inam Sabirin estetik idealının aparıcı xəttinə çevrilir. Böyük sənətkar xalqının milli şüurunu oyatmaq, onda həqiqi vətəndaş düşüncəsi formalaşdırmağı özünün əsas məramı kimi qəbul edir”.

Təyyar Salamoğlu deyib: “Sabir satirada inqilab yaratmışdı. Lakin bu, “inqilab uğrunda satira” deyildi. Sabir satirasında inqilaba çağırış ideyası yox idi və o, kütləni inqilabi mübarizəyə səsləmirdi. Sabir şüurda inqilabdan danışırdı. O, mənsub olduğu millətin sosial şüurunun oyanması, insanın özünü və millətini, milli varlığını dərk etməsi, vətəndaş kimi yetişməsi uğrunda mübarizə və mücadilə yolunu seçmişdi”.

Təyyar Salamoğlu Cavadovun sözlərinə görə, Sabir gələcəyə, istiqbala gedən yolun məktəbdən keçdiyini israrla təkrar edir: “Sabirin milli varlığın tərəqqisi, azad vətəndaş cəmiyyəti uğrunda mübarizəsi konsepsiya xarakteri daşıyırdı və bütöv bir sistemə malik idi. Bu sistemdə bütün millət övladlarının yeri var idi və hər bir kəsin, hər bir təbəqənin üzərinə düşən vəzifələr dəqiq müəyyənləşdirilmişdi.

Məktəb uğrunda mübarizə Sabirdə milli düşüncəni oyatmaq, xalqı cəhalət əsarətindən qurtarmağın, hürriyyətə yetişməyin, azad vətəndaş cəmiyyəti yaratmağın əsas yolu kimi mənalanırdı. Sabir gələcəyə, istiqbala gedən yolun məktəbdən keçdiyini israrla təkrar edir, “məktəb uğrunda mübarizə”ni “böyük vəzifə”, “ali məqsəd!” hesab edirdi”.

Professor vurğulayıb: “Sabir satira ilə bərabər, uşaqlar üçün də şeirlər yazırdı. Sabirin milli varlıq uğrunda mübarizəsinin başlanğıcında uşaqlar üçün yazdığı şeirlər dayanır. Sabir milli ruhun tərbiyəsi, vətəndaşlıq düşüncəsi uğrunda mübarizəni işin təməlindən – uşaqlardan başlamağı vacib sayırdı. İstiqlal uğrunda mübarizənin təməlinin möhkəmliyini uşaqların düzgün tərbiyəsində görürdü”.

Təyyar Cavadovun fikirlərinə görə, “Hophopnamə”də bütün nəsillərin tale yolu, bütün sosial təbəqələrin düşüncə tərzi analitik bədii təhlildən keçirilir və dəyərləndirilirdi: “Əksər satiralarda dünyagörüşü, məsələlərə baxış bucağı ilə tənqid hədəfinə çevrilən tiplərlə bərabər, cəmiyyətdə gedən mütərəqqi proseslərin təmsilçisi olan insanın – ictimai şüuru inkişaf etmiş vətəndaşın da obrazı görünməkdədir. Sabirşünaslıqda demək olar ki, diqqətdən kənarda qalan bu məsələ - Sabir satirasının dialoji məzmunu onun özünəməxsusluğunu şərtləndirən ən əlamətdar keyfiyyətlərdən biri kimi nəzərə çarpır.

“Hophopnamə”nin “Millətnamə” olmaq məramı “Məktəbnamə”dən keçir. Bütün sosial təbəqələr, bütün nəsillər məktəb adlı məhək daşına vurularaq qiymətləndirilir. Çünki sənətkarın uğrunda mübarizə apardığı milli hərəkatın gerçəkləşməsinin əsas meyarı məktəbə münasibət idi. Milli taleyin irəliyə doğru hərəkəti, milli tərəqqiyə gedən yol məktəbdən keçirdi. İlk növbədə, məktəblər açılmalı, məktəbin açılması zərurəti dərk olunmalı idi. Məktəb ictimai şüuru formalaşdırmanın təməlini qoyan bir məbəd kimi təsəvvür edilməli idi.

Dahiyanə istedad və iti müşahidə vətəndaş sənətkara cəmiyyətdə gedən yeniləşmə proseslərinin, milli düşüncənin formalaşmasının, vətəndaş cəmiyyəti yaratmaq uğrunda mübarizənin genişlənməkdə olduğunu, qarşısıalınmaz mədəni hərəkata çevrildiyini görməyə imkan verir. Sabir cəhalət dünyasını göstərməklə bərabər, ona müqavimət göstərən “güc”ün də mövcudluğunu müşahidə edir və öz müşahidələrini satiralarının dialoji məzmununda çox aydın əks etdirir”.

Təyyar Cavadov əlavə edib: “Sabirin tənqid hədəfi nə ayrı-ayrı siniflər, nə də ayrı-ayrı təbəqələr deyil. Sabirdə hər hansı təbəqəyə (istər aşağı, istərsə də yuxarı) birmənalı münasibət, birmənalı tənqidi və yaxud təqdiredici münasibət yoxdur. Sabirdə tənqidin meyarı kimin hansı sinfə, yaxud sosial təbəqəyə mənsubluğu deyil, kimin hansı səviyyədə ictimai və milli şüur, vətəndaşlıq düşüncəsi nümayiş etdirib, etdirə bilməməsidir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »