Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən dərin geosiyasi dəyişikliklər dövlətlər arasında əməkdaşlıq modellərinə də ciddi təsir göstərməkdədir. Rusiya–Ukrayna müharibəsi, qlobal enerji bazarında yaranan qeyri-sabitlik, yeni nəqliyyat marşrutlarının formalaşması, rəqəmsal iqtisadiyyatın sürətli inkişafı və dünyanın çoxqütblü siyasi sistemə keçidi Avropa İttifaqını xarici siyasət prioritetlərinə yenidən nəzər salmağa vadar edib. Məhz bu baxımdan Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıya səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu səfər təkcə diplomatik protokol xarakteri daşımır. Əksinə, o, Avropa İttifaqının Cənubi Qafqaza, xüsusilə də Azərbaycana münasibətində müşahidə olunan strateji yanaşma dəyişikliyinin növbəti göstəricisidir. Beynəlxalq analitik mərkəzlərin, o cümlədən “Jamestown Foundation”un təhlillərində də vurğulandığı kimi, enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, rəqəmsal əməkdaşlıq və yaşıl enerji layihələri artıq Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsas istiqamətlərinə çevrilməkdədir. Bununla yanaşı, ekspertlər hesab edirlər ki, bu əməkdaşlığın real nəticələr verməsi təkcə siyasi bəyanatlardan deyil, Avropa İttifaqının yaxın dövrdə üzərinə götürdüyü öhdəlikləri praktik müstəvidə necə yerinə yetirəcəyindən asılı olacaq.
“Bu mənada əsas sual ondan ibarətdir ki, Avropa İttifaqının Azərbaycana münasibətində müşahidə olunan dəyişiklik geosiyasi zərurətin diktə etdiyi müvəqqəti taktiki addımdır, yoxsa qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli və bərabərhüquqlu strateji tərəfdaşlığın başlanğıcıdır?
Əslində, son illərin geosiyasi hadisələri göstərir ki, Avropa İttifaqının Azərbaycanla münasibətlərə yanaşmasında ciddi transformasiya baş verir. Əgər bir neçə il əvvəl münasibətlər daha çox siyasi dialoq, insan hüquqları və institusional əməkdaşlıq müstəvisində müzakirə olunurdusa, bu gün əsas prioritetlər enerji təhlükəsizliyi, logistika, iqtisadi əməkdaşlıq və regional sabitlikdir. Bu dəyişiklik ilk növbədə Avropanın üzləşdiyi yeni təhlükəsizlik çağırışlarından irəli gəlir.
Rusiya qazından yüksək asılılıq uzun illər Avropa enerji siyasətinin ən zəif nöqtələrindən biri hesab olunurdu. Ukraynada müharibənin başlamasından sonra isə Avropa alternativ enerji mənbələrinin axtarışını strateji vəzifə elan etdi. Bu şəraitdə Azərbaycan etibarlı enerji tərəfdaşı kimi ön plana çıxdı. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına təbii qaz nəql edən Azərbaycan öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirərək etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdi”, – deyə politoloq bildirib.
Nicat İsmayılov hesab edir ki, bugünkü əməkdaşlıq artıq yalnız təbii qaz ixracı ilə məhdudlaşmır:
“Azərbaycan Xəzər hövzəsində külək və günəş enerjisi potensialına malik ölkə kimi Avropanın yaşıl enerji strategiyasında da mühüm rol oynamağa başlayıb. Xəzərin bərpa olunan enerji ehtiyatlarının Avropa bazarına ötürülməsi, yaşıl elektrik enerjisi kabeli layihələri və hidrogen istehsalı kimi perspektiv istiqamətlər gələcək əməkdaşlığın əsas sütunlarından biri hesab edilir.”
Nicat İsmayılov bildirib ki, Ursula fon der Lyayenin Bakıya səfəri də məhz bu yeni reallığın diplomatik ifadəsi kimi qiymətləndirilə bilər. Lakin münasibətlərin gələcəyini müəyyən edəcək əsas amil bəyanatlar deyil, konkret layihələr, imzalanacaq yeni sazişlər, investisiyalar və qarşılıqlı öhdəliklərin icrası olacaq. Əgər Avropa İttifaqı enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat və yaşıl transformasiya istiqamətində Azərbaycanla əməkdaşlığı praktik addımlarla gücləndirərsə, bu münasibətlər həqiqətən də keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq.
“Avropa İttifaqının Azərbaycana münasibətində müşahidə olunan dəyişiklik həm geosiyasi zərurətin, həm də Azərbaycanın artan regional və beynəlxalq əhəmiyyətinin məntiqi nəticəsidir. Bu prosesin uzunmüddətli strateji tərəfdaşlığa çevrilməsi isə yalnız dəyişən beynəlxalq şəraitdən deyil, tərəflərin qarşılıqlı etimadı qoruyaraq konkret əməkdaşlıq layihələrini uğurla həyata keçirməsindən asılı olacaq. Məhz bu halda Azərbaycan–Avropa İttifaqı münasibətləri siyasi dialoq çərçivəsini aşaraq, qarşılıqlı faydaya əsaslanan, davamlı və bərabərhüquqlu strateji tərəfdaşlıq modelinə çevrilə bilər”-deyə o bildirib.
İradə Cəlil, Bizimyol.info






