Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın qəribə işləri...
Dünyanın qəribə işləri...

Hərtərəfli tənəzzülü göstərən dəhşətli statistikalar var, amma mən oxucunu rəqəmlərlə yormaq istəmirəm.

Sadəcə, bəzi acı reallıqları xatırlatmaq istərdim.

Orta məktəbdə başqasından inşa oğurlayıb, üzünü köçürənlər, indi özləri şəhərdə çoxmərtəbəli binalar inşa edirlər.

Orta məktəbdə konspektlə imtahan verənlər indi professor olub, ali məktəblərdə imtahan götürür.

Xəritə üzərində Avstriyanın, İsveçrənin yerini bilməyənlərin indi Avstriya, İsveçrə banklarında hesabları var, coğrafiyadan "əla" alanlar isə... təkcə feysbukda, tiktokda hesab açıb. Bir də Linkedin-də hesabında özünə iş axtarır.

"Tramvay altında qalmış" "3"lə kursdan kurs keçənin indi üç dənə diplomu var, hələ dərsxanalar zənciri qurub, camaatın balalarına kurs keçir. Ödənişi də dolların kursu ilə tələb edir.

Uşaqlıqda həftələrlə məktəbin yolunu tanımayan biri indi məktəb direktoru ola bilir.

Məktəbdə şəkli şərəf lövhəsini bəzəyən "əlaçı" indi şərəf əskikliyindən "əziyyət çəkən" korrupsionerin fermasını təzəkdən təmizləyir.

Görürsən, bir saxtakarın şəhərdə 10 dənə evi var, 100 fədakarın heç birinin evi yoxdur.

Odioz "kardinal"ın tikinti buznesini fırladan bir çobana hələ bax: alimləri əlinin altında işlətdiyi ilə fəxr edir.

Öz ailəsində belə sayılıb-sevilməyən birisi bir neçə dəfə deputat "seçilir".

Uşaqlarının oxuduğu məktəbin valideyn komitəsinə üzv olmağa ləyaqəti çatmayan biri isə dövlətdə komitə sədri olur.

İki eşşəyin arpasını bölməyi bacarmayan məmur biznesmenin atçılıq zavodu, maldarlıq fermaları var...

Çox misallar çəkmək olar. Görünən odur ki, dünya nəinki ağlını, duyğusunu da itirməkdədir. Qəribə, ancaq çox ağrılı bir məlumata rast gəldim: Dünyada boş evlərin sayı evsizlərin sayından dəfələrlə çoxdur. Yaxud Avropada zibilliyə atılan yeməklər bütün Afrikalıların tapa bildiyi qidanın miqdarını aşır. Bir qitədə milyonlarla adam həddindən çox yemək yeyir deyə, həddindən çox kökəlib... ölür, başqa bir qitədə milyonlarla insan həddindən az qidalanır deyə, həddindən çox arıqlayıb, ölür.

Bax, sən belə bir dünyada ədalət axtarırsan, atam-qardaşım!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »